Dildə “açıq qapı” milli kimliyi aşındırır

post-img

Süni yeniləşmə ünsiyyət vasitəsinin zənginləşməsi deyil

Müasir dünya texnoloji tərəqqinin və rəqəmsallaşmanın hökm etdiyi yeni mərhələyə qədəm qoyub. İrimiqyaslı keçid təhsildən mədəniyyətə, fərdi vərdişlərdən ümumi düşüncə tərzinə qədər həyatımızın bir çox sahəsinə nüfuz edir. Prosesin ən dinamik, eyni zamanda, narazılıq doğuran tərəfi isə ümumi ünsiyyətdə, xüsusilə də gənc nəslin dilində müşahidə edilən süni dəyişikliklərdir.

“Facebook”, “Instagram”, “TikTok”, “Telegram”, “WhatsApp” kimi sosial media platformaları qlobal informasiya axınını sürətləndirməklə yanaşı, dilin dəyişmə dinamikasına da ciddi təsir göstərir. Gənclərin gündəlik nitqində, yazışmalarında və sosial media paylaşımlarında istifadə etdikləri yad sözlər artıq dilimizə keçir. Əvvəllər insanlar açıq, bitkin mətnlərlə ünsiyyət qururdularsa, indi bir mənanı, hansısa hissi ifadə etmək üçün bir-iki rəmz, ifadə və ya abreviatura ilə kifayətlənirlər. Hər gün sosial şəbəkələrdə, küçə reklamlarında qarşımıza çıxan “yad” ifadələr bizi ciddi bir sual ətrafında düşünməyə vadar edir: Bəs bu proses ana dilimizi zənginləşdirir, yoxsa onu deformasiyaya uğradaraq özəlliyini itirir?

Tarix boyu Azərbaycan dili ərəb, fars və rus dillərinin güclü təsirinə məruz qalsa da, hər dəfə bu kənar elementləri öz daxili qanunauyğunluqlarına uyğunlaşdırıb mənimsəyərək özünəməxsus ahəngini qoruyub saxlaya bilib. Lakin bugünkü vəziyyətin fərqi ondadır ki, dəyişiklik elmi əsərlər və ya ədəbi nümunələr vasitəsilə deyil, xaotik internet məkanı üzərindən baş verir. Dilimiz artıq yazıçıların nəzarətində olmayan, internet istifadəçilərinin istədiyi kimi müdaxilə edə biləcəyi “açıq meydana” çevrilib.

Xüsusilə gənc nəslin istifadə etdiyi ingilis mənşəli ifadələrin tədricən leksikonumuza daxil olması artıq qaçılmazdır. Lakin əsas problem bu sözlərin mənimsənilməsindən daha çox, onların dilin daxili qanunauyğunluqlarına uyğunlaşdırılmadan birbaşa hərfi tərcümə şəklində istifadəsidir. Rəqəmsal ünsiyyətdə tam ifadə formalarından imtina edilərək “təşəkkür edirəm” əvəzinə, “tşk” yaxud “tnx” (thanks), “zəhmət olmasa” yerinə isə “pls” (please) kimi qısaltmalardan istifadə edilməsi dilin funksionallığını artırmır, əksinə, estetik dəyərini zədələyir. Bu meyllər dilçilikdə “dil qənaəti prinsipi” kimi izah olunsa da, mahiyyət etibarilə dilin bədii təsvir imkanlarını məhdudlaşdırır.

Gənclərin bu tip ifadələrə meyillənməsinin kökündə duran əsas səbəb rəqəmsal dünyanın tələb etdiyi sürət və yığcamlıqdır. Qısa informasiya mübadiləsi dildə daha çox yığcamlıq tələb edir. Eyni zamanda, ingilis dilinin qlobal təsir üstünlüyü bu dilə məxsus elementlərin nitqimizə sızmasına yol açır. Əksər gənc üçün bu cür ünsiyyət tərzi təkcə rahatlıq üçün deyil, həm də müasirlik, yenilikçilik və qlobal dünyaya inteqrasiya deməkdir. Lakin bu “virtual vərdişlər” şifahi nitqə sirayət etdikcə, ədəbi dilin fundamental norma və qaydaları ilə toqquşur.

Bu linqvistik dəyişikliklərin ciddi sosial fəsadlarından biri isə nəsillər arasında yaranan ünsiyyət uçurumudur. Klassik dil ənənələrinə və ədəbi normalara sadiq qalan yaşlı nəsil gənclərin rəqəmsal jarqonlarla zəngin dilini çox vaxt anlamır. Bu fərqlilik təkcə söz ehtiyatında deyil, həm də mədəni yanaşmada özünü göstərir. Gənclərin rahatlıq üçün istifadə etdikləri bu qısaltmaları yaşlı nəsil çox vaxt dilə, mənəvi dəyərlərə və ünsiyyət etikasına hörmətsizlik kimi qəbul edir. Nəticə etibarilə bu fərqlilik tədricən emosional və sosial uzaqlaşmaya çevrilərək cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanı zəiflədir. Bəs rəqəmsallaşmanın yaratdığı yeni ünsiyyət tərzi ilə ədəbi dil normaları arasında tarazlığı necə tənzimləyək ki, həm müasir dünyadan geri qalmayaq, həm də ana dilimizin özünəməxsusluğunu qoruya bilək?

Mövcud reallıq fonunda ingilis dilində terminlərin və internet jarqonlarının gənclərin nitqinə kütləvi şəkildə daxil olmasının milli dil strukturumuzu zədələyib-zədələmədiyi aktual müzakirə mövzularındandır. Bir çox tədqiqatçılar bu prosesi müasir dilçilik kontekstində qaçılmaz və təbii neologizm axını kimi qiymətləndirirlər. Onların fikrincə, dil canlı orqanizm olaraq dövrün tələblərinə uyğunlaşır. Lakin rəqəmsallaşmanın yaratdığı bu yeni ünsiyyət tərzi ilə klassik ədəbi normalar arasında balans məsələsi ciddi elmi yanaşma tələb edir. Əsas hədəf müasir dünyanın texnoloji inkişafından və qlobal informasiya axınından təcrid olunmadan, ana dilinin daxili özünəməxsusluğunu qoruyub saxlamaqdır.

AMEA Dilçilik İnstitutunun sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, professor Mayıl Əsgərovun mövzu ilə bağlı fikirlərini öyrəndik. Müsahibimiz rəqəmsal keçidin Azərbaycan dilinə təsirlərini və internet terminlərinin, işarələrinin yaratdığı linqvistik mənzərəyə aydınlıq gətirdi:

– Əvvəla, sosial şəbəkələrdə sözlərin müəyyən hissəsinin ixtisar olunması çox vaxt sürətli informasiya axınının tələbi kimi qiymətləndirilir. Bəzən isə bu davranış sözün düzgün yazılış qaydasını bilməyən şəxslərin vəziyyətdən çıxmaq üçün istifadə etdiyi üsuldur. Bir çox hallarda salam əvəzinə “slm”, kitab əvəzinə “ktb”, müəllim, əvəzinə “mlm” yazmaq və oxumaq bizim üçün xoş olmasa da, bu davranış böyük qəbahət sayılmır. Belə halları sürətli informasiya axınının tələbi hesab etmək və bağışlamaq mümkündür. Təbii ki, belə ixtisarlarla yazılmış mətnləri başa düşmək olmur. Belə hallar sürətli informasiya axınının tələbi deyil, sadəcə, savadsızlığı pərdələmə üsuludur.

– İkincisi, ingilis mənşəli sözlərin və rəqəmsal terminlərin gənclərin nitqinə daxil olması faktı ziddiyyətli xarakter daşıyır. Bu səbəbdən həmin prosesə birtərəfli yanaşmaq doğru olmaz. Nəzərə almaq lazımdır ki, ingilis, latın və digər dillərdən qaynaqlanan beynəlxalq terminlərin həm gənclərin, həm də yaşlı nəslin nitqində yer alması bir çox hallarda obyektiv zərurətdən irəli gəlir.

– Məsələn, bu gün bütün azərbaycanlılar və ya onların böyük əksəriyyəti “faks”, “skaner”, “printer”, “internet”, “sayt”, “fayl”, “bayt”, “kilobayt” və başqa sözlərdən, terminlərdən istifadə edirlər. Təbii ki, bu söz və terminlərin Azərbaycan dilində qarşılığını tapmaq və ya yaratmaq mümkündür. Amma buna ehtiyac yoxdur. Ona görə ki, bu sözlər bütün və ya əksər dünya dillərində işlənən beynəlmiləl sözlərdir.

– Nəticə etibarilə, təbii ki, bu sözlər dilimizin milli strukturunu pozur. Həmin sözləri, xüsusilə də “skaner”, “printer” sözlərinin tələffüzündə hiss edirik ki, onlar dilimizin tələffüz normalarına uyğun deyil. Azərbaycan dilinin fonetik qaydaları bazasında bu faktın elmi izahını da vermək mümkündür. Amma həmin elmi izahlar publisistik bir yazıda oxucular üçün yorucu ola bilər. Bu səbəbdən, sadəcə, bunu deməklə kifayətlənirik ki, belə sözləri ucadan tələffüz edəndə müəyyən çətinlik çəkirik və ya bir xalq ifadəsində deyildiyi kimi, “dilimiz topuq vurur”. Həmin sözləri Türkiyə türkcəsində olduğu kimi “fotokopi makinesi” və “yazıcı” tipli sözlərlə də əvəz etmək mümkündür. Belə əvəzləmələr aparmağa ehtiyac yoxdur.

– Beynəlmiləl sözlərdən olduğu kimi istifadə etmək daha məqsədəuyğundur. İngilis dilinə məxsus terminlərin və internet jarqonlarının gənclərin dilinə kütləvi şəkildə daxil olması, təbii ki, məqbul sayıla bilməz. Bir qayda olaraq, bu hal həmin dili və terminləri yeni öyrənən şəxslərdə müşahidə olunur.

– Yerli-yersiz əcnəbi sözlərdən istifadə edənlərin əsas məqsədi “başqalarından fərqlənmək” və “ağıllı və müasir görünmək”dir. İngilis və ya başqa əcnəbi dili mükəmməl bilən şəxs heç vaxt bununla öyünmür və Azərbaycan dilində danışarkən yerli-yersiz həmin dilə məxsus sözlərdən istifadə etmir.

Müsahibimiz rəqəmsallaşma dövründə dilin özünəməxsusluğunu qorumaq üçün xarici sözlərin kor-koranə deyil, yalnız ehtiyac yarandıqda işlədilməli olduğunu vurğuladı:

– Rəqəmsallaşmanın formalaşdırdığı yeni ünsiyyət tərzi bəzən beynəlxalq terminlərin istifadəsini zərurətə çevirir, bəzən isə informasiya mübadiləsini sürətləndirmək üçün ifadələrin yığcamlaşdırılmasını tələb edir. Amma bu, heç bir halda milli dilin ədəbi normalarını pozmaq hesabına baş verməməlidir. Müasir dünyadan geri qalmamaq üçün yeni anlayışlara beynəlxalq terminlər hesabına ad verilməsinə qarşı çıxmamalıyıq. Əksər dünya dilləri tərəfindən qəbul edilən beynəlxalq terminləri biz də qəbul etməli, işlətməliyik.

Bununla belə, qulağa xoş gələn hər əcnəbi sözü dilə gətirmək və nitqdə onlara yer vermək yanlışdır. Bunu da nəzərə alaq ki, əksər dünya dillərinin qəbul etdiyi beynəlxalq söz və terminlərdən istifadə, heç bir halda dilimizin özünəməxsusluğunu itirmək deyil. Beynəlxalq söz və terminlər həm dili zənginləşdirir, müasirləşdirir, həm də mədəniyyətlərarası əlaqəni möhkəmləndirir və körpü rolunu oynayır. Yəni ifrata varmamaq şərtilə beynəlxalq terminlərdən istifadə dilin zərərinə deyil, xeyirinədir.

Dilçilik İnstitutu müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Aytən Bəylərova isə qeyd etdi ki, nitqdə baş verən dəyişikliklərə laqeyd yanaşmaq düzgün deyil, burada əsas meyar süni hibridləşmə ilə təbii zənginləşmə arasındakı həssas sərhədi qorumaqdır:

– Əslində, bu prosesi yalnız “təhlükə” və ya yalnız “inkişaf” kimi birtərəfli qiymətləndirmək düzgün olmazdı. Dil canlı və dinamik sistem olduğu üçün onun təkamülü cəmiyyətin dəyişmə sürəti ilə paralel gedir. Yeni texnologiyaların, sosial şəbəkələrin və rəqəmsal kommunikasiya vasitələrinin meydana çıxması təbii olaraq yeni anlayışlar yaradır və onların adlandırılması üçün dil yeni sözləri qəbul etməyə məcbur qalır. Bu baxımdan bir sıra alınma söz və terminlərin dilimizə daxil olmasını müasir neologizm prosesi kimi dəyərləndirmək mümkündür.

Lakin məsələ yalnız terminoloji ehtiyaclarla məhdudlaşmır. Əsas problem bu prosesin bəzən zəruri hədləri aşması və mövcud milli leksik vahidlərin süni şəkildə sıxışdırılmasıdır. Məsələn, gündəlik danışıqda “bəyəndim” əvəzinə “like etdim”, “izlədim” əvəzinə “follow elədim”, “izləyici” əvəzinə “follower” kimi söz və ifadələrin işlədilməsi artıq dil ehtiyacından daha çox nitq vərdişlərinin dəyişdiyini göstərir.

Sözləri ingilis dilinin sintaktik quruluşuna uyğun şəkildə yerləşdirmək və ya felləri ana dilinin qrammatikasına uyğun olmayan formada işlətmək “leksik zənginləşmə” deyil, “dilin hibridləşməsi”dir. Bu isə tədricən ana dilində düşünmə mexanizmini zəiflədir, nəticədə nitqin milli koloriti və üslubi zənginliyi azalır.

Azərbaycan dili tarixi inkişaf mərhələlərində müxtəlif mədəni və siyasi təsirlərə məruz qalsa da, öz daxili sistemini və struktur sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin müasir qloballaşma və rəqəmsallaşma şəraitində bu təsir daha intensiv və sistemli xarakter alır. Ona görə də biz bu prosesi nə tamamilə inkar etməli, nə də nəzarətsiz şəkildə qəbul etməliyik.

Ən yaxşı yanaşma ondan ibarətdir ki, yeni anlayışların ifadəsi üçün zəruri terminlərin qəbul edilməsi ilə yanaşı, dilimizin daxili imkanlarından da maksimum dərəcədə istifadə olunsun, mövcud leksik fondun sıradan çıxmasına yol verilməsin. Bu, dilin təbii inkişafını təmin edər və onun milli mahiyyətini qoruyar. Əks halda, leksik asılılıq yaranar ki, bu da dilin struktur tarazlığını pozar.

Müsahibimiz dilin rəqəmsal təcavüzdən qorunmasının yolunu yalnız inzibati qadağalarla deyil, ilk növbədə, fərdi məsuliyyət, düzgün təhsil və milli dil təşəbbüskeşliyi ilə mümkün olduğunu söylədi:

– Tarazlığın qorunmasının başlıca şərti ana dilinə olan sevgidir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, mədəni yaddaşın və mənəvi irsin əsas daşıyıcısıdır. Məhz bu səbəbdən rəqəmsal mühitdə qısa yazışmalardan, simvol, emoji və ixtisarlardan istifadənin geniş yayılması ədəbi dil normalarının tamamilə arxa plana keçməsinə səbəb olmamalıdır.

Təhsil sistemi ana dilinə münasibəti sistemli və ardıcıl şəkildə qurmalı, şagird və tələbələr yalnız qrammatika və orfoqrafiya qaydalarını deyil, eyni zamanda, nitq mədəniyyətini, ünsiyyət etikasını və sosial mediada düzgün yazı bacarıqlarını da mənimsəməlidirlər. Belə yanaşma gələcək nəsillərdə dilə hörmət və bağlılıq hissinin möhkəm təməlini qoyur.

Media mühiti və sosial şəbəkə fəallarının üzərinə düşən məsuliyyət də böyükdür. Televiziya aparıcıları, jurnalistlər, ictimai nüfuz sahibi olan insanlar, eləcə də “bloger”, “influenser” adlandırılan şəxslər Azərbaycan dilində səlis və düzgün danışmağa diqqət göstərməlidirlər. Çünki onların nitqi minlərlə, bəzən isə milyonlarla insan üçün nümunədir.

Yeni anlayışların ifadəsi üçün milli terminlərin yaradılması və geniş təbliği xüsusilə vacibdir. “Özçəkim”, “canlı yayım”, “izləyici”, “paylaşım” kimi uğurlu nümunələr göstərir ki, Azərbaycan dilinin daxili söz yaradıcılığı böyük potensiala malikdir. Bu imkanlardan sistemli şəkildə istifadə dilin işləkliyini artırır və milli dil şüurunun möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, müasir dünyaya inteqrasiya dilin zəifləməsi hesabına baş verməməlidir. Əksinə, texnoloji tərəqqi Azərbaycan dilinin inkişafına, ifadə imkanlarının genişlənməsinə və beynəlxalq nüfuzunun artmasına stimul verməlidir. Əsas hədəf dilimizin qlobal ünsiyyət məkanında milli ruhunu və üslubi özünəməxsusluğunu qoruyaraq müasir dünyanın ayrılmaz parçasına çevrilməsini təmin etməkdir.

Göründüyü kimi, texnoloji tərəqqi dilimiz üçün həm sınaq, həm də yeni imkanlar açır. Dilimizi qorumaq, əslində, gələcəyimizi və milli kimliyimizi qorumaqdır. Bu məsuliyyət isə təkcə dilçilərin deyil, internetdən istifadə edən hər kəsin üzərinə düşür.

Unutmamalıyıq ki, dilini itirən xalq, yaddaşını itirir, onu saflaşdırmaq da, sıradan çıxarmaq da bizim əlimizdədir. Sosial mediada, gündəlik yazışmada və danışıqda dilimizə hörmətlə yanaşmaq, onun saflığını və gözəlliyini qorumaq mənəvi borcumuzdur.

Elenora HƏSƏNOVA
XQ





Sosial həyat