Yardımlı dolaylarında 3D texnologiyasının tətbiqi
Bu gün respublikamızın inkişaf modelində modernləşmənin təkcə mərkəzdə deyil, bütün ölkə üzrə paralel şəkildə həyata keçirilməsi üstünlük təşkil edir. İnfrastruktur siyasəti isə bu modelin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionların inkişafı ümumi milli inkişafın ayrılmaz tərkib hissəsidir.
Yol infrastrukturu isə iqtisadiyyatın “qan dövranı sistemi” hesab olunur. Müasir və təhlükəsiz yol şəbəkəsi olmadan nə sənaye, kənd təsərrüfatı, turizm, nə də sosial xidmətlərin səmərəli fəaliyyəti mümkündür. Bu baxımdan Yardımlıda 3D formatlı yolun salınması texniki yenilik olmaqla bərabər, həm də dövlət siyasətinin məntiqi davamıdır.
“Ağıllı” yol ayıqlığa çağırır
Regionlarda innovativ texnologiyaların tətbiqi göstərir ki, infrastruktur layihələri artıq təkcə sosial-mədəni, iqtisadi obyektlərin tikintisi kimi deyil, eyni zamanda, strateji idarəetmə və rəqəmsal transformasiya vasitəsi olaraq nəzərdən keçirilir. Bu yanaşma respublikamızda qəbul edilən uzunmüddətli inkişaf kursu ilə tam uzlaşır. Adıçəkilən rayonda 3D formatlı yol layihəsi də rəmzi xarakter daşımaqla bərabər, daha geniş konsepsiyaya əsaslanır. Buna 3 mühüm istiqamətin vəhdəti – regional balanslı inkişaf, rəqəmsal texnologiyaların və təhlükəsiz infrastrukturun qurulması kimi yanaşılır.
Qeyd edək ki, müasir dünyada yol iqlim dəyişikliklərinə uyğunlaşan və təhlükəsizliyi proqnozlaşdıran sistemdir. Azərbaycanın da bu istiqamətdə davamlı addımlar atması ölkənin infrastruktur siyasətinin keyfiyyət mərhələsinə keçdiyini göstərir. 3D layihələndirmə və innovativ təhlükəsizlik həlləri isə dövlət üçün uzunmüddətli maliyyə səmərəliyi, vətəndaş üçün təhlükəsizlik, region üçün iqtisadi dinamika deməkdir. Bu model genişləndikcə, yol təsərrüfatı klassik tikinti sahəsindən çıxaraq intellektual infrastruktur sisteminə transformasiya olunur.
Beləliklə, Yardımlıda tətbiq edilən 3D yol yanaşması kiçik bir coğrafiyada gerçəkləşdirilən təşəbbüs olmaqla bərabər, həm də Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin göstəricisidir. Modernləşmə isə artıq paytaxtdan regionlara doğru deyil, eyni vaxtda və paralel şəkildə bütün ölkə üzrə həyata keçirilir. Bu isə davamlı və inklüziv inkişaf modelinin əsas şərtidir.
Bəs 3D formatlı yol hansı cəhətləri ilə diqqət çəkir? Bu sualın cavabında yol eksperti Nuru Hüseynzadə bildirdi ki, yeni anlayış beynəlxalq təcrübədə daha çox 3D vizual təsirli yol nişanlanması kimi qəbul edilir. Bu halda yolun üzərindəki zebra keçidləri, sürət azaldıcı zolaqlar və ya təhlükə nişanları ilə xüsusi perspektiv boyama texnikası əsasında üçölçülü (həcmli) görüntü yaradılır. Sürücü uzaqdan baxdıqda bu zolaqlar yolun üzərində real fiziki maneə kimi görünür. Məqsəd isə sürətin azaldılması, piyadaların təhlükəsizliyinin artırılması və diqqətin cəmlənməsidir. Bu metod ilk dəfə geniş tətbiqini İslandiya və Hindistan kimi ölkələrdə tapıb. Sonradan Çin və Birləşmiş Ərəb Əmirlikləri də bu təcrübəni tətbiq edib.
Ümumiyyətlə, 3D rəqəmsal layihələndirmə əsasında inşa edilən yol daha geniş və texnoloji anlayışdır. Belə yollar 3D geodeziya xəritələri, rəqəmsal relyef modelləri və lazer skan texnologiyaları əsasında layihələndirilir və tikilir. Eyni zamanda, daha dəqiq yamac bucaqları ilə qurulur, su axınının düzgün istiqamətləndirilməsini gerçəkləşdirir, sürüşmə və eroziya riskini azaldır və dağlıq ərazilər üçün səmərəli həll sayılır. Yardımlı kimi dağlıq rayonda isə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.
Səmərəli və sərfəli layihə
Beynəlxalq təcrübəyə əsasən, rəqəmsal layihələndirmə ilkin mərhələdə 5-7 faiz əlavə planlaşdırma xərci yaratsa da, uzunmüddətli dövrdə 15-25 faizədək qənaətin əldə edilməsini reallaşdırır. Xüsusilə dağlıq ərazilərdə sürüşmə və eroziya risklərinin azalması gələcək büdcə yükünü əhəmiyyətli dərəcədə aşağı salır. Əgər Yardımlı kimi rayonlarda bu model sistemli tətbiq olunarsa, dövlət büdcəsi üçün orta və uzunmüddətli dövrdə ciddi qənaət səmərəliyi müşahidə edilər.
Bütün bu amillər yol infrastrukturunun nəqliyyat məsələsi olmaqla bərabər, həm də iqtisadi fəallığı artıran əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan layihə dağlıq relyefi və təbii landşaftı ilə seçilən sözügedən rayonun turizm potensialına müsbət təsir göstərmək imkanlarını genişləndirir. Başqa sözlə, Yardımlıda 3D rəqəmsal layihələndirməsinin gerçəkləşdirilməsi təhlükəsiz və dayanıqlı yol infrastrukturunun qurulmasını sürətləndirir, səfər risklərini azaldır və turizm axınını gücləndirir. Bütün bunlarla bərabər, belə bir müasir texnologiyanın tətbiqi kiçik sahibkarlığın inkişafını stimullaşdırır.
Qeyd edək ki, rayonda sözügedən rəqəmsal yol modelinin tətbiqi kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Bu, eyni zamanda, Yardımlı kimi dağlıq bir ərazidə məhsulun bazara vaxtında çatdırılmasını çətinləşdirən logistika problemi aradan qaldırılacaq, daşıma xərclərini azaldacaq, məhsul itkisini minimuma endirəcək, fermerlərin gəlirini artıracaq. Bütün bunlarla bərabər, sosial xidmətlərə çıxışı da asanlaşdıracaq. Məsələn, rayonda təcili tibbi yardımın operativliyi yüksələcək, təhsil müəssisələrinə əlçatanlıq yaxşılaşacaq.
Yardımlıda 3D formatlı yolun salınması təşəbbüsü göstərir ki, müasir layihələndirmə və təhlükəsizlik texnologiyaları artıq regionlarda da tətbiq edilir. Rəqəmsal əsaslı infrastruktur modeli dövlət üçün uzunmüddətli qənaət, vətəndaşlar üçün təhlükəsizlik, regionlar üçün isə iqtisadi dinamika vəd edir. Yardımlıda 3D formatlı yolun tətbiqi isə təkcə texniki yenilik deyil, həm də Azərbaycanın qəbul etdiyi strateji inkişaf sənədləri ilə uzlaşan bir yanaşmadır. Son illərdə ölkədə infrastrukturun modernləşdirilməsi, regionların balanslı inkişafı və rəqəmsal transformasiya prioritet istiqamət kimi müəyyənləşdirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunan və ölkənin uzunmüddətli inkişaf çərçivəsini müəyyənləşdirən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətqabiliyyətli iqtisadiyyat, dayanıqlı infrastruktur və rəqəmsallaşma əsas istiqamətlər kimi göstərilir. 3D layihələndirmə və rəqəmsal yol tikintisi məhz bu prioritetlərin real tətbiq formasıdır. İnfrastrukturun yalnız fiziki deyil, eyni zamanda, rəqəmsal əsaslarla planlaşdırılması dövlət idarəçiliyində məlumat əsaslı qərarvermə modelini gücləndirir.
Ölkədə həyata keçirilən regional inkişaf proqramları çərçivəsində yol infrastrukturu əsas komponent hesab olunur. Dağlıq və sərhəd rayonlarında müasir texnologiyaların tətbiqi regionlararası fərqlərin azaldılmasına xidmət edir. Yardımlı nümunəsi göstərir ki, innovativ yanaşmalar artıq yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmır. Bu, dövlət investisiyalarının daha səmərəli və strateji planlaşdırılmasına işarədir.
Rəqəmsal keçiddə “ağıllı” təşəbbüslər
Son illərdə ölkədə rəqəmsal dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən rəqəmsallaşma siyasəti nəqliyyat və logistika sektorunda da yeni texnologiyaların tətbiqini stimullaşdırır.
3D layihələndirmə gələcəkdə “ağıllı” nəqliyyat sistemləri, sensorlu monitorinq şəbəkəsi, real vaxtda yol vəziyyətinin təhlili, iqlim risklərinin proqnozlaşdırılması kimi elementlərin tətbiqi üçün baza yaradır. Bu isə infrastrukturun sadəcə tikinti obyekti deyil, həm də inteqrasiya olunmuş idarəetmə sistemi kimi formalaşması deməkdir.
Müasir infrastruktur siyasəti ekoloji davamlılıq prinsiplərinə əsaslanır. 3D modelləşdirmə torpaq işlərinin optimallaşdırılması, eroziyanın azaldılması və su resurslarının düzgün idarə olunması baxımından əhəmiyyətlidir. Bu yanaşma həm karbon izinin azaldılmasına, həm də uzunmüddətli ekoloji balansın qorunmasına xidmət edir. Xüsusilə dağlıq rayonlarda iqlim dəyişikliklərinin təsirinə qarşı davamlı yol infrastrukturu formalaşdırmaq strateji zərurətə çevrilib.
Yardımlıda 3D formatlı yolun salınması lokal layihə olmaqla yanaşı, milli inkişaf strategiyasının praktik təzahürüdür. Bu təşəbbüs rəqəmsal transformasiya siyasəti ilə uzlaşır, regionların inkişafına töhfə verir, dövlət investisiyalarının səmərəliliyini artırır və uzunmüddətli büdcə qənaəti yaradır. Beləliklə, 3D yol modeli Azərbaycanın infrastruktur siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər bu yanaşma sistemli şəkildə genişləndirilərsə, ölkənin yol şəbəkəsi təkcə fiziki deyil, həm də rəqəmsal və intellektual infrastruktur səviyyəsinə yüksələ bilər.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Respublikamızın dağlıq rayonlarından olan Yardımlıda 3D formatında yolun salınması ölkənin infrastruktur siyasətində yeni yanaşmanın tətbiqi kimi qiymətləndirilə bilər. 3D yol anlayışı ilk baxışda qeyri-adi səslənsə də, bu termin müasir yol tikintisi və təhlükəsizlik texnologiyalarının iki mühüm istiqamətini – üçölçülü vizual təhlükəsizlik həllərini və rəqəmsal 3D layihələndirmə əsaslı tikinti modelini özündə birləşdirir.
Yardımlı kimi relyefi mürəkkəb olan rayonda 3D texnologiyasının tətbiqi təsadüfi deyil. Ənənəvi layihələndirmə üsullarında torpaq sürüşməsi, eroziya və kəskin yamac problemləri sonradan əlavə xərclərə səbəb ola bilər. 3D model isə riskləri əvvəlcədən hesablamağa imkan verir.
Avropa ölkələrində, xüsusilə Norveç və Niderland kimi mürəkkəb relyefə malik dövlətlərdə rəqəmsal layihələndirmə artıq standart praktikadır. Bu yanaşma həm təhlükəsizlik, həm də büdcə səmərəliliyi baxımından üstünlük təşkil edir. Eyni zamanda, 3D vizual elementlərin əsas üstünlüyü onların sürücünün diqqətinə birbaşa təsir etməsidir. Çünki fiziki “sürət kəsici” qurğulardan fərqli olaraq, 3D təsirli nişanlanma avtomobilin mexaniki hissələrinə zərər vermir, lakin sürücünü ehtiyatlı davranmağa məcbur edir. Bu, xüsusilə məktəb zonalarında və yaşayış məntəqələrində səmərəli sayılır.
Beynəlxalq nəqliyyat təhlükəsizliyi ekspertləri tərəfindən bu texnologiya “aşağı maliyyəli, yüksək təsirli” həll kimi qiymətləndirirlər. İnfrastrukturun tam yenilənməsi ilə müqayisədə 3D vizual tətbiqləri daha sürətli və qənaətli olur. Yardımlıda 3D yolun salınması isə yalnız texniki yenilik olmaqla yanaşı, həm də regionlarda innovativ yanaşmanın tətbiqi deməkdir. Bu, eyni zamanda, bir neçə mühüm mesaj verir.
İlk növbədə, infrastruktur siyasətində rəqəmsallaşmanın prioritet olduğuna diqqət çəkir, ikincisi, dağlıq rayonlarda təhlükəsizlik standartlarını yüksəldir, müasir layihələndirmənin regionlara da tətbiqinə zəmin yaradır və üçüncüsü, turizm potensialı olan ərazilərdə infrastruktur keyfiyyətini artırır. Əgər bu təcrübə sistemli şəkildə davam etdirilərsə, gələcəkdə Azərbaycanın digər dağlıq rayonlarında da 3D əsaslı yol tikintisi modeli geniş tətbiq oluna bilər.
Beləliklə, 3D yol anlayışı yalnız estetik və ya texniki yenilik deyil. Bu, infrastrukturun planlaşdırılmasında yeni düşüncə modelidir. Yardımlı nümunəsi göstərir ki, Azərbaycan regionlarda da müasir yanaşmaları tətbiq etmək imkanına malikdir. Uzunmüddətli perspektivdə isə 3D layihələndirmə və təhlükəsizlik texnologiyaları dövlət büdcəsinə qənaət, regionlara iqtisadi dinamika və vətəndaşlara daha təhlükəsiz yol mühiti vəd edir.
Vaqif BAYRAMOV
XQ


