Transxəzər rəqəmsal körpüsü

post-img

Fiber-optik kabel xətti Azərbaycanı Xəzərin dibi ilə dünyaya qovuşduracaq

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikir ölkənin rəqəmsal gələcəyi üçün strateji məna daşıyan mühüm bir layihəni gündəmə gətirdi. Söhbət Xəzər dənizinin dibi ilə Azərbaycanın Şərq sahillərini Mərkəzi Asiya istiqaməti ilə birləşdirəcək yeni fiber-optik kabel xəttindən gedir. Dövlət başçısının vurğuladığı kimi, layihənin icrası hazırda davam edir və ilin sonuna qədər tamamlanması gözlənilir. Bu xəttin istismara verilməsi ilə Azərbaycanın Şərq istiqamətində rəqəmsal bağlantıları daha güclü şəkildə təmin olunacaq, Qərb istiqamətində isə yeni marşrutlar üzərində işlərin genişləndirilməsi zərurəti yaranacaq.

Fiber-optik kabel layihəsi nədir?

Fiber-optik kabel yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulan müasir rabitə infrastrukturudur. Transxəzər Fiber Optik Kabel Xətti Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir neçə ölkənin ərazisindən keçməsi nəzərdə tutulan “Rəqəmsal İpək Yolu” layihəsinin əsas dayaqlarından biri hesab olunur. Bu texnologiyanın əsas fərqi ondan ibarətdir ki, məlumatlar elektrik siqnalı ilə yox, işıq impulsları ilə ötürülür. Bu isə internetin sürətini, sabitliyini və ötürmə keyfiyyətini kəskin şəkildə artırır.

Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik xətt Azərbaycanın rəqəmsal kommunikasiya xəritəsində yeni mərhələ hesab olunur. Layihənin mahiyyəti Azərbaycanın telekommunikasiya şəbəkəsini Xəzərin Şərq sahilləri, yəni Qazaxıstan və Türkmənistan istiqaməti ilə birbaşa birləşdirmək, oradan isə Özbəkistan, Qırğızıstan, Çin və digər bazarlara çıxışı genişləndirməkdən ibarətdir.

Fiber-optik xətti Azərbaycan üçün strateji əhəmiyyət malikdir. Azərbaycan artıq uzun illərdir ki, regionun əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış edir. Son dövrlərdə bu rol təkcə nəqliyyat vasitələrinin hərəkətindən ibarət deyil. Rəqəmsal tranzit xəttində də ölkənin mövqeyi güclənir.

Ekspertlərin fikrincə, sözügedən fiber-optik kabel xəttinin istismara verilməsi Azərbaycanın Mərkəzi Asiya ilə rəqəmsal əlaqələrini birbaşa qurmasına imkan yaradacaq, ölkəni regional internet trafikinin əsas marşrutlarından birinə çevirəcək. Həmçinin layihə beynəlxalq məlumat mübadiləsi bazarında Azərbaycanın mövqelərini daha da gücləndirəcək. Eyni zamanda, bu addım rəqəmsal iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar formalaşdıracaq.

Qeyd edək ki, bu layihə eyni zamanda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) rəqəmsal komponentini gücləndirən addım kimi də dəyərləndirilir. Çünki müasir dünyada təkcə yük və sərnişin daşınması yox, məlumat axını da geoiqtisadi güc vasitəsinə çevrilib.

Araşdırmalar göstərir ki, yeni fiber-optik xəttin əsas üstünlüklərindən biri yüksək sürət və böyük ötürmə qabiliyyətidir. Fiber-optik kabel internet trafiki üçün çox böyük həcmdə məlumat ötürməyə imkan verir və bu, dövlət qurumlarının, bank sektorunun, eləcə də biznes strukturlarının rəqəmsal sistemlərinin daha çevik və sürətli işləməsinə şərait yaradır.

Bu xətt informasiya təhlükəsizliyi baxımından da mühüm imkanlar açır. Rəqəmsal suverenlik anlayışı bu gün dövlətlərin əsas prioritetlərindən biri hesab olunur. Yeni kabel marşrutu Azərbaycanın alternativ bağlantılar əldə etməsi deməkdir ki, bu da texniki risklərin azalmasına, kritik rabitə sistemlərinin daha dayanıqlı fəaliyyət göstərməsinə və ümumi təhlükəsizlik səviyyəsinin yüksəlməsinə xidmət edir.

Şərq istiqamətində yeni xəttin yaranması ölkəni Mərkəzi Asiya ilə Avropa arasında rəqəmsal körpüyə çevirən əsas mexanizmlərdən biri kimi çıxış edə bilər. Bu isə gələcəkdə data mərkəzlərinin yaradılması, beynəlxalq telekommunikasiya operatorlarının və texnologiya şirkətlərinin ölkəyə marağının artması baxımından mühüm faktor sayılır.

Xatırladaq ki, “AzerTelecom” şirkəti 2018-ci ilin sonlarından etibarən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin formalaşdırılması məqsədilə Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirəcək Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi üzrə “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinin icrasına başlayıb.

Layihə iki əsas marşrutu əhatə edir. Birinci istiqamət Azərbaycan–Qazaxıstan xətti üzrə Xəzərin dibi ilə magistral fiber-optik kabelin çəkilməsini, ikinci istiqamət isə Azərbaycan–Türkmənistan marşrutu üzrə eyni tip kabel xəttinin qurulmasını nəzərdə tutur.

Azərbaycan – Qazaxıstan rəqəmsal xətti

Layihənin əsas istiqamətlərindən biri Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsidir. Bu məqsədlə 2018-ci ilin sonunda Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelekom” və “KazTransCom” operatorları Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün “Transxəzər Fiber Optik Kabel Xətti”nin (TransCaspian Fiber Optic – TCFO) tikintisi üzrə əməkdaşlıq memorandumu imzalayıblar.

Məlumata görə, kabel xəttinin ümumi uzunluğu 380–400 km olacaq, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər çatdırılacaq. Layihə çərçivəsində kabel xətti Sumqayıt ilə Aktau arasında çəkiləcək.

Hazırda tikinti işlərinin davam etdiyi bildirilir və kabel xəttinin 2026-cı ilin sonunadək tam yekunlaşdırılması nəzərdə tutulur.

Strateji əhəmiyyət daşıyan bu layihənin icrasına beynəlxalq səviyyədə tanınan konsaltinq və telekommunikasiya şirkətləri, o cümlədən “McKinsey and Company”, “Detecon”, “Axiom”, “DLA Piper”, “Huawei” və “PwC” cəlb edilib.

Azərbaycan – Türkmənistan rəqəmsal xətti

Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin ikinci istiqaməti Azərbaycan–Türkmənistan marşrutunu əhatə edir. Bu layihənin icrası üçün 28 noyabr 2019-cu il tarixində Aşqabadda keçirilən “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində iki ölkə arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabelin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Sazişə əsasən, kabel xətti Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkmentelekom” şirkəti tərəfindən həyata keçiriləcək. Layihəyə görə kabel xətti Sumqayıt ilə Türkmənbaşı şəhərləri arasında çəkiləcək. Ümumi uzunluğu təxminən 300 km olacaq bu magistral xətt 2–4 terabit/s həcmində məlumat ötürməyə imkan verəcək. Kabel xətti Avropadan gələn internet trafikinin Azərbaycan üzərindən Türkmənistana, oradan isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistan istiqamətində ötürülməsinə şərait yaradacaq.

Qalib QURBANOV,
Azərbaycan İnternet Cəmiyyətinin sədri

“Rəqəmsal İpək Yolu” təşəbbüsü regionun texnoloji taleyini yenidən yazmağa iddialıdır. Layihə Mərkəzi və Cənubi Asiyanı dünyanın ən qabaqcıl rəqəmsal standartları ilə eyni platformada birləşdirməyi hədəfləyir. Məqsəd isə xarici internet təminatçılarından asılılığı minimuma endirmək, məlumat axınını sürətləndirmək və təxminən 1,8 milyard insan üçün rəqəmsal xidmətlərə çıxışı daha əlçatan və etibarlı etməkdir.

Bu strateji xətt çərçivəsində Azərbaycan və Gürcüstanda müasir Data Mərkəzlərinin, eləcə də internet trafik mübadiləsi məntəqələrinin yaradılması nəzərdə tutulur. Regionun qlobal hiper miqyaslı texnologiya şirkətləri üçün cəlbedici təyinat nöqtəsinə çevrilməsi əsas prioritetlərdən biridir.

Layihənin əsas istiqamətlərindən biri Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsidir. Sumqayıt və Aktau şəhərlərini birləşdirəcək bu xəttin uzunluğu 380–400 kilometr təşkil edəcək. Məlumat ötürmə gücü isə 400 terabit/saniyəyə qədər olacaq ki, bu da region üçün tamamilə yeni texnoloji imkanlar deməkdir.

Bu istiqamətdə ilkin addımlar bir neçə il əvvəl atılıb. 2019-cu ilin 19 noyabr tarixində Aktau şəhərində Transxəzər Fiber-Optik kabel xəttinin Qazaxıstan ərazisində tikintisinə start verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. 2023-cü ilin iyun ayında isə Bakıda “AzerTelecom” və “Kazakhtelecom” arasında birgə müəssisənin yaradılmasına dair səhmdarlar müqaviləsi imzalanıb. Bu sənəd layihənin icrasında tərəflərin koordinasiyalı fəaliyyətini və uzunmüddətli əməkdaşlıq niyyətini təsdiqləyir.

2025-ci ilin 4 mart tarixində Bakıda “Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında” sənədin imzalanması isə prosesi praktik mərhələyə keçirib. Tenderin qalibi “HMN Technologies Co.” şirkəti olub və müqavilə şərtləri tam razılaşdırılıb. Tikinti işlərinin 2026-cı ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

“Rəqəmsal İpək Yolu” regionun rəqəmsal suverenliyini gücləndirən, iqtisadi rəqabət qabiliyyətini artıran və yeni texnoloji reallığın əsasını qoyan strateji transformasiya proqramıdır.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat