“Azadlıq yollarında” yazılan hekayələr

post-img

Sumqayıtdakı Poeziya Evində yazıçı-publisist Rəna Təbəssümün “Azadlıq yollarında” adlı kitabının təqdimatı keçirilib.

Mərasimdə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edənlər 44 günlük “Zəfər yürüşü”nün 5-ci ildönümündə işıq üzü görmüş kitab haqqında fikirlərini bölüşüblər. AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, AJB Sumqayıt təşkilatının sədri Rafiq Oday, kitabın redaktoru Rəfail Tağızadə, Mədəniyyət Nazirliyinin “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları müəllifin yaradıcılıq məziyyətlərindən danışıblar. Qeyd edilib ki, bu kitab yalnız tarix deyil, həm də gələcək nəsillər üçün bir yaddaşdır, vətənin azadlığı uğrunda canından keçənlərin izlərini yaşadan mənəvi mirasdır. Məktəblilər Rəna Təbəssümün şəhidlərə həsr olunmuş şeirlərini səsləndiriblər.

Müəllifin “Azadlıq yollarında” kitabındakı istər roman, istərsə də hekayələrdə qəhrəman şəhidlərin məqamı uca tutulub, onların Vətən qarşısında xidmətləri bədii boyalarla layiqincə dəyərləndirilib. Romanda qələmə alınan hadisələr real hadisələri əks etdirdiyi üçün adlar olduğu kimi saxlanılıb. Bəzi məqamlara daha çox yer ayırılması da reallıq amilindən, hadisələri olduğu kimi təqdim etmək məramından irəli gəlib.

Əsəri bütövlükdə Qarabağ müharibəsinin, qaçqın və köçkünlərin müsibətlərini bir neçə ailənin timsalında əks etdirən bədii bilgilər toplusu da adlandırmaq olar.

“Şəhid olan balalarımızın Vətən yolunda son nəfəsədək vuruşub ölən cismi, yaşayan ruhu yeni ümidlərə nəfəs verir. Oğullarımızın nələr yaşadıqlarını bilən olmasa da, uçub hər yeri dolanan ruhları Vətən sevgisini və torpağa bağlılığı qəhrəmanlıq salnaməsində zaman-zaman hər kəsə anladacaq” kimi fikirlər kitabın səhifələrindən qırmızı xətlə keçir.

Rəna Təbəssüm, eyni zamanda, 1988-1990-cı illərdə ermənilər tərəfindən qəsdən törədilən Sumqayıt hadisələrinin şahidi kimi o illərə qayıdır və nankor qonşularımızın gerçək xislətini göstərir. Əsas ideya isə xalqın mübarizə əzmini, əyilməzliyini, 44 günlük müharibədə orduyla birliyinin uğurlu nəticəsini əks etdirməkdir. İnamla demək olar ki, müəllif buna nail ola bilib.

Ə.ƏLİYEV
XQ

Sosial həyat