XI Bakı Beynəlxalq Kitab Sərgisinin altıncı günündə keçirilən müxtəlif görüş və təqdimatlarda hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, yazıçılar, şairlər, həmçinin bir sıra ölkələrdən gəlmiş qonaqlar iştirak edirdilər.
Sərgi salonunda bu gün də ziyarətçilərin çoxluğu diqqəti cəlb edirdi. Fərqli yaş qruplarından, müxtəlif peşə sahələrindən olan insanların bu məkanda toplaşması mədəniyyətin birləşdirici gücünü əyani şəkildə nümayiş etdirir. Burada məktəblilər, tələbələr, müəllimlər, elm adamları, yaradıcı insanlar, eləcə də sadə oxucular kitab dünyasının zənginliyini kəşf etmək üçün bir araya gəlirlər.
Sərginin xüsusi qonaqlarından biri isə sevilən şairimiz, Rüstəm Behrudi oldu. Onun imza günü ziyarətçilərdə böyük maraq doğurdu. Şairin yaradıcılığına dərin rəğbət bəsləyən oxucular müəllifə kitablarını imzalatmaq üçün növbəyə dayanmışdılar.
Şair Rüstəm Behrudi Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirildiyi bu günlərdə oxucularla görüşündə bir daha qardaşlıq və birliyin önəmini dilə gətirdi:
– Xalqdan, millətdən, qardaşdan ayrı şair ömrü mövcud ola bilməz. Şair poeziyası oxucunu duyğulardan mənəvi dünyaya aparır, beləliklə, onun hissləri xalqın tarixi yaddaşı, ümidləri və ağrıları ilə birləşir. Bu günlərdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirilir. Bu, qardaşlığın, birliyin möhkəmlənməsi deməkdir. İnanıram ki, gələcəyimiz birlikdədir. Poeziyamızda da şair şəxsiyyəti ilə millətin varlığı vəhdət təşkil edir.
Doğrudan da şairin sözü həyatıyla yox, millətin varlığı, onun ağrıları, sevincləri, ümidləri ilə birləşir, hər misrasında xalqın nəfəsi duyulur.
Stendlərin qarşısında ən çox nəzərə çarpan məqamlardan biri məktəblilərin fəallığı və kitablara göstərdikləri böyük maraq idi. 237 saylı tam orta məktəbin şagirdi Leyla Vəlizadə sərginin onda yaratdığı yüksək duyğuları ifadə etməyə çalışdı:
– Mənim üçün bu sərgi böyük bir xəzinədir. Burada istədiyim kitabları rahatlıqla tapıram. Tanımadığım yazıçılarla tanış olur, onların əsərləri haqqında öyrənirəm. Hətta bəziləri ilə şəxsən söhbət edib, əsəri necə yazdıqları ilə maraqlanmışam.
Yeni yazıçılar haqqında da məlumatlar aldım, çünki yalnız dərsliklərlə kifayətlənmirəm, başqa yazıçıların kitablarını da oxumaq istəyirəm. Onları tanıyanda sanki yeni bir dünya açılır. Əvvəllər oxumadığım kitablara marağım yaranır.
Mən kitab oxuyanda həm düşünür, həm də yeni şeylər öyrənirəm. Məsələn, tarixi əsərlər mənə öz köklərimizi, keçmişimizi daha yaxşı anlamağa kömək edir. Nağıllar və romanlar isə təsəvvürümü genişləndirir, yazmaq həvəsim daha da artır. Öyrənirəm ki, yazıçılar da bir vaxtlar mənim kimi sadə oxucu olublar, sonra isə öz dünyalarını başqaları ilə bölüşmək istəkləri onları yazmağa sövq edib.
Həmin məktəbin müəllimi Kəmalə Xələfova isə şagirdlərinin dünya kitabları ilə tanış olduqlarını dedi:
– Ötən il X Bakı Beynəlxalq Kitab Sərgisinə də şagirdlərimi gətirmişdim. Onlar hər il daha böyük maraq göstərirlər. Bu dəfə də gördüm ki, uşaqlar stendlərdəki kitabları böyük diqqətlə incələyir, müəlliflərlə tanış olmağa can atırlar. Mənim üçün ən böyük sevinc onların kitab oxumağa həvəs gösstərmələridir. Onlar üçün bu qədər müxtəlif kitabı eyni yerdə görmək böyük bir şansdır. Dərsliklərdən kənar, çoxsaylı mövzularda kitablarla tanış olurlar. Bundan başqa, müəlliflərlə görüşəndə onların kitabı necə yazdıqlarını, hansı mövzulara toxunduqlarını özlərindən eşidirlər. Bu isə kitab oxumağa marağı daha da artırır.
Məncə, kitab sərgiləri təkcə müəllim və şagird üçün yox, cəmiyyət üçün çox vacibdir. Çünki kitaba sevgi nə qədər erkən yaşda formalaşarsa, gələcəkdə bir o qədər dərin kök atar.
Stendləri maraqla izləyən məktəblilər arasında Alim Əliyevin kulinariya kitablarına marağı diqqətdən yayınmırdı:
– Mənim ən çox marağımı kulinariya kitabları çəkdi. Çünki yemək bişirmək və yeni təamlar dadmaq çox xoşuma gəlir. Burada müxtəlif mətbəxlərə aid kitablar gördüm, həm milli yeməklərimiz, həm də başqa ölkələrin mətbəxləri haqqında maraqlı məlumatlar var. Evdə anamla birlikdə tez-tez yemək bişiririk, yeni yeməklər hazırlamağı öyrənmək istəyirəm. Ona görə belə kitablar mənim üçün çox maraqlıdır. Yemək kitablarını oxuyaraq həm yemək bişirməyi öyrənir, həm də fərqli mədəniyyətlər haqqında yeni biliklər əldə edirəm. Məsələn, türk, italyan, fransız mətbəxi barədə maraqlı faktlara rast gəldim.
“3 alma” stendinin yanında kitabxanaçı Rəqsanə Həşimova ilə həmsöhbət olduq. O bildirdi ki, sərgiyə məktəb kitabxanasını zənginləşdirmək üçün xeyli nəşr çıxarılıb:
– Şagirdlərin maraqlarını nəzərə alaraq müxtəlif janrlarda əsərlər seçirik. Həm bədii ədəbiyyat, həm də elmi kitablar axtarırıq ki, uşaqların dünyagörüşü genişlənsin. Lakin kiçik bir iradım var, düşünürəm ki, sərgidə uşaq kitabları, digər kitablar və satış üçün stendlər ayrı-ayrı yerlərdə qruplaşsaydı, o zaman daha rahat olardı. Bu, ziyarətçilərin axtardıqlarını daha rahat tapmasına kömək edərdi.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun stendinin satıcısı Əfruzə Osmanova söhbət zamanı dedi:
– Ortayaşlı alıcılar daha çox nəsihət xarakterli kitablara daha çox üstünlük verirlər, X-XII əsrlərin yazıçıları ilə maraqlanır, onların əsərlərini oxuyub mənasını anlamağa çalışırlar. Gənclər isə özünüinkişaf, motivasiya və psixoloji yönümlü kitablarla maraqlanırlar. Uğur qazanmağın yolları, şəxsi inkişaf barədə nəşrləri diqqətlə nəzərdən keçirirlər. Mənəvi baxımdan belə kitablar çox böyük əhəmiyyət daşıyır. Bəzən insanlar gündəlik həyatın sürətindən yorulurlar və bu kitablar onlara kömək olur.
Altıncı günün proqramına yeni kitab təqdimatları, müzakirə panelləri, uşaq və gənclər üçün nəzərdə tutulmuş interaktiv fəaliyyətlər də daxil idi. Müəlliflər kitablarının yaranma hekayələrindən danışır, mütəxəssislər isə müasir ədəbiyyatın inkişaf istiqamətləri barədə maraqlı çıxışlar edirdilər.
Ləman TƏHMƏZ
XQ