Klassik poeziyamızın şirvanlı Xaqanı

post-img

Xaqani Şirvani – 900

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Sözün Xaqanı” adlı ədəbi-musiqili mərasim keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov məclisi açaraq yazın təravətini elimizə gətirən Yel çərşənbəsi münasibətilə iştirakçıları təbrik edib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamına əsasən ölkəmizdə görkəmli şairin yubileyinin geniş şəkildə qeyd edildiyini bildirib. Alim vurğulayıb ki, bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Akademik Rafael Hüseynov sözügedən sərəncama əsasən Ədəbiyyat Muzeyində də Xaqani Şirvaninin 900 illiyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Muzey direktoru poeziyamızın klassiki, böyük mütəfəkkir Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi barədə məlumat verərək bildirib ki, görkəmli şair Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli söz sərvətlərindəndir.

Nizaminin müasirləri arasında Xaqani Şirvaninin ən yüksək zirvədə durduğunu söyləyən akademik Rafael Hüseynov qeyd edib ki, hər iki ədib yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin zövqünün, düşüncəsinin, poeziyasının, ədəbiyyatının inkişafına böyük təsir göstərib.

Akademik əlavə edib ki, 1126-cı ildə Şamaxıda anadan olan Xaqani Şirvani Azərbaycana sığmayıb, daim səyahətlərdə olub. Yaxın Şərq ölkələrində səfərdə olan şair təəssüratlarını poetik əsərlərdə verib. Azərbaycan rəssamlarından biri Xaqani Şirvaninin səyahətlərinin xəritəsini çəkib. Ədibin 1156-cı ildə qələmə aldığı “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri Azərbaycan ədəbiyyatında ilk mənzum səfərnamə hesab olunur.

“Xaqani Şirvani mübarizliyi, ictimai-siyasi-düşüncəsi və vətənpərvərliyi ilə müasirlərindən fərqlənir”, – deyən muzey direktoru qeyd edib ki, əsrlər keçsə də, Xaqani poeziyası öz aktuallığını və estetik cazibəsini qoruyub saxlayıb.

O, Xaqani Şirvaninin saray həyatından da bəhs edərək şairin Şirvanşahlar sarayında yaşayıb-yaratdığını, burada yüksək nüfuz qazandığını söyləyib. Bildirib ki, saray həyatı Xaqaninin yaradıcılığında ziddiyyətli izlər qoyub.

Çıxışının sonunda akademik Rafael Hüseynov qeyd edib ki, böyük şair poetik irsi, mürəkkəb bədii dili və fəlsəfi düşüncələri ilə müasir ədəbiyyatşünaslığın diqqət mərkəzində qalmaqdadır.

Daha sonra Bakı məktəblilərinin ifasında ana dilində, eləcə də fars, ərəb və ingilis dillərində Xaqani yaradıcılığından nümunələr səsləndirilib, şairin saray mühitində keçən dövrü məktəblilərin ifasında canlandırılıb.

Muzeyin “Məktəblərlə və ictimaiyyətlə iş” şöbəsi, o cümlədən Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan mərasim sonunda istedadlı gənclərə sertifikatlar təqdim olunub.

Q.YUSİFOĞLU
XQ

Mədəniyyət