“Sonuncu qonaq” Sumqayıt səhnəsində

post-img

Teatrın ünlü yetirməsi Valeh Kərimov doğma ocağa qayıdıb

Milli Teatr Günündə Sumqayıt səhnəsində Xalq artisti Valeh Kərimovun quruluşunda tatar dramaturqu Tufan Minnullinin pyesi əsasında səhnəyə qoyulmuş “Sonuncu qonaq” tamaşasının premyerası uğurla təqdim olunub.

Valeh Kərimov 1969-cu ildə İncəsənət İnstitutunun təyinatı ilə Sumqayıt Dövlət Dram Teatrına gələrək, uzun illər burada çalışıb. Səhnədə 70-dən çox dramatik və komik obraz yaradıb, eyni zamanda, bir neçə tamaşanın rejissoru olub. Bir sıra mükafata, o cümlədən Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Sənətsevərlərin daha çox Moşu (“Bəxt üzüyü”) deyə çağırdığı istedadlı aktyorun parlaq ifalarına, yüksək koloritli oyunlarına ehtiyac duyulduğu üçün, təqaüdə çıxandan bir müddət sonra o, yenidən doğma teatrın səhnəsinə dəvət edildi və “Sonuncu qonaq” əsərinə həm quruluş verdi, həm də baş rolu – Əlməndəri layiqincə canlandırdı. Onun interpretasiyaları maraqlı alındı. Ömrünün 82-ci baharında səhnəyə qayıdan Valeh Kərimov əsəri örnək ifa, bol gülüş, dinamika ilə dolğunlaşdırdı, gənc həmkarlarına əsl ustad dərsi keçdi.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Hekayətin mərkəzində Əzrailin (Füzuli Qərənizadə) “gözündən yayınmış” 91 yaşlı, həyata sıx bağlı olan qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – Əcəllə (Oqtay Mehdiyev) üz-üzə qalır...

Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər hamını başına yığıb vəsiyyətini edir və taleyi ilə barışaraq son qərarını verir...

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu Kamil Ağazadədir. Səhnə əsərində Əməkdar artistlər - Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Akif Mirzəyev, Şəms Abdullayeva, Əjdər Zeynalov, Elay Xasiyev və Aynur Hümmətova oynadıqları rolların öhdəsindən bacarıqla gəldilər.

Böyük anşlaqla keçən, seyrçilərin sürəkli alqışları ilə başa çatan tamaşadan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov çıxış edərək teatrın yaradıcı heyətinə təbriklərini çatdırdı və bir qrup aktyora şəhər rəhbərliyinin fəxri fərmanlarını təqdim etdi.

Tamaşanı izləyənlərin arasında olan Xalq şairi Sabir Rüstəmxanlı XQ-yə müsahibəsində dedi:

- Maraqlı səhnə əsəri hər kəsdə zəngin təəssürat yaratdı. Mən pyesin müəllifini – görkəmli yazıçı-dramaturq, ictimai xadim, Tatarıstanın Xalq yazıçısı, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi olmuş Tufan Minnullini şəxsən tanıyırdım. Onun “Əldərməşli Əlməndər” pyesi klassik əsərlər sırasında olub. Bu tamaşanın Sumqayıtda yüksək peşəkarlıqla səhnəyə qoyulması – rejissor işi, dekorasiya tərtibatı, aktyor ifaları tərifəlayiqdir. Məni daha çox sevindirən salondakı tamaşaçı bolluğu oldu. İnternetin, sosial şəbəkələrin “hökmran” olduğu bir vaxtda bu, sənətin hər cür elmi-texnoloji tərəqqidən yüksəkdə durduğunu bir daha göstərdi. Valeh Kərimova və onun gənc həmkarlarına uğurlar diləyirəm.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət