...Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondundakı eksponatları arasında xalqımızın qəhrəman oğlu Murad Əflətova məxsus bir cüt hərbi səhra çəkməsi də var. O, 44 günlük Zəfər yürüşünü məhz bu çəkmələrlə keçib. Muradın döyüş yolunda bu çəkmələr daş-kəsəyə də ilişib, suya, palçığa da batıb, düşmənin olmayan qürurunu da tapdalayıb, nəhayət, yalçın qayalarla Cıdır düzünə qalxıb Şuşaya varid olaraq, sahibini muradına çatdırıb. Muradın od içindən çıxmış çəkmələrinin rəngi qara olsa da, üzü ağdır.
Yaxşı ki, bu çəkmələr ayaqdan yetim qalmayıb – Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətov sağdır, şərəfli qazi adını daşıyır, sıralarımızdadır. Saatlı rayonunun Nəsimikənd kəndində Ahıska türkü ailəsində doğulmuş igid Vətən oğlunun gələn ayın 3-də 25 yaşı tamam olacaq.
Qeyd edək ki, hələ Birinci Qarabağ müharibəsi dövründə Ahıska türkləri də haqq işimiz uğrunda mübarizəmizdən kənarda qalmayıblar. Onlar “Bizim 2 Vətənimiz var – biri əlimiz yetməyən Ahıska, biri də dar gündə bizə qucaq açmış Azərbaycandır”, - deyərək dəstə-dəstə könüllülərə qoşulub və cəbhəyə gediblər. Muradın atası İlyas Əflətov da onların arasında olub. Ahıskalı gənc döyüşçülərdən 84 nəfəri həmin savaşda şəhadətə yüksəlib. Topçu İsgəndər Aznaurov (1956-1993) ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Muradın orta məktəb müəllimi Əli Bayraqdarov deyir ki, İkinci Qarabağ savaşında da soydaşları atalarının yolu ilə gedərək, Azərbaycanın işğal altında olan torpaqlarının müdafiəsinə qalxıblar. Onlardan biri də İsgəndər Aznaurovun ardıcılı Muraddır. Başımızın tacı, gözümüzün işığı olan, adı ilə qürur duyduğumuz Murad! Vətənə layiq oğullar yetişdirməyimizlə fəxr edirik.
Qəhrəmanımız orta məktəbdə təhsilini başa vurandan sonra, 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. İlyarımlıq əsgərliyinin ardınca ömrünü həmişəlik hərb sənətinə həsr etməyi qərara alıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Murad Əflətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Zəfər yolçuluğuna ilk çıxanlardandır. Cəbrayıl, Füzuli və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Qəhrəman adı alan 3 əsgərdən biri kimi, sinəsində nişanı ilə bərabər, hər 3 rayonun, eləcə də Xocavəndin azad olunmasına görə medalları da fəxrlə gəzdirir.
Barıt qoxulu xatirələrini İctimai televiziyanın kamerası qarşısında dilə gətirən Muradın dedikləri: “Dava başlanandan qurtarana qədər biz 5-6 nəfər bölmələrimizin əsgərlərindən 500-600 metr öndə irəli getmişik. Bir dəfə Füzuliyə çathaçatda düşmən artilleriyasına rast gəldik. Toplarını “Ural” maşınlarına qoşub aradan çıxmaq istəyən ermənilərin haqqında arxadan gələn bölməmizə məlumat verdik. Onlar düşməni yaxalamaq üçün əks-istiqamətdən gəlməyi qərar verdilər. Bizim komandir isə pulemyotla ermənilərin öndəki maşınını vurdu. Düşmən “şok atışı”mızla xeyli itki verdi. Təxminən 15-20 nəfərlik divizionu tezliklə məhv elədik. Qabağa gedə bilən erməni “Ural”ının heyətini də əks-istiqamətdən gələn bölməmiz aradan götürdü. Çox çətinliklə də olsa, düşmən artilleriyasının atəşləri altında, 2-ci cəhddə Füzulini ələ keçirə bildik.
Hadrutu alanda da müəyyən itkilər verməyimizə baxmayaraq, qətiyyətimizdən dönmədik və bir günə məqsədimizə çatdıq. Yaralansaq da, bir-birimizə kömək edirdik. Arxayın idik ki, arxamız möhkəmdir. Şuşa istiqamətindən Kəlbəcərə - Zod mədənlərinə tərəf gedib reallaşdırdığımız əməliyyatı da unuda bilmirəm. Orada özbaşına silahlılar vardı ki, öz dövlətlərinin əmrinə də tabe olmurdular. Biz onların postlarını almağa getdik. 3 gün vuruşaraq, 5-6 postu ələ keçirdik. Bir neçə kəndi də tutduq...”.
Murad hazırda Saatlı Gənclər Evində “Vətənpərvərlik” klubunun rəhbəridir. Gənclərin veteranlarla, qazilərlə görüşlərini təşkil edir, cavanları şəhid məzarlarının və onların ailələrinin ziyarətinə aparır, uşaqların xahişi ilə özünün və silahdaşlarının şərəfli döyüş yolundan danışır.
...Muzey ekspozisiyasında qorunan əsgər çəkmələrinin hər biri böyüdücü şüşə altında bir tankı xatırladır. Murad həmin “tanklar”la inamla irəliləyib, zirvələr fəth edib, yağıları çığnayıb. Qazandığı hörmət-izzət, layiq görüldüyü dəyər onun halal haqqıdır.
Ə.DOSTƏLİ
XQ