Vətənin şəhid oğlu Fərid Fazil oğlu Dursunov 1986-cı ilin iyulunda Qax rayonunun Qorağan кəndində dünyaya göz açıb. Kənd məktəbində təhsilini başa vurandan sonra Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) oxuyub. Xidməti dövründə çoxsaylı təltiflərə layiq görülüb.
Düz 5 il əvvəl başlanan 44 günlük Vətən müharibəsi zamanı Fərid Dursunov Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində “Koroğlu 3” döyüş mövqeyi uğrunda gedən qızğın mübarizədə şəhid olub. Cəmi 3 gün vuruşsa da, ad qoyub gedib.
Müharibə zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası üzrə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kapitan Fərid Dursunov ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin atası Fazil Dursunov deyir ki, Fərid Vətəninə, torpağına bağlı idi. Əsgərləri də onu çox istəyirdilər. Onlar deyirmişlər ki, komandir, sən olanda biz heç nədən qorxmuruq... Fəridin iki qardaşının da hərbidə xidmət etməsi və böyük Qələbədə onların da böyük xidmətlərinin olması ailəmizin qürur mənbəyidir. Biri Ağdərədə, digəri Tovuzda döyüşlər zamanı fərqlənib. Fərid şəhid olandan sonra Prezidentimizə məktub yazmışdım. Oğlumun davamçısı olaraq özümün də döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirmişdim.
Şəhidimiz “Qalatasaray” Futbol Klubunun sadiq azarkeşlərindən olub. O, həlledici döyüşlərə qatılmazdan əvvəl “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birgə “Qalatasaray” bayrağını da asın”, – deyə vəsiyyət edib. Şəhidin vəsiyyəti sosial mediada ictimailəşdirildikdən sonra “Qalatasaray” klubu özünün rəsmi “X” hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşaraq başsağlığı verib. Ardınca isə “Qalatasaray”ın başqan yardımcısı Yusuf Günay telefon əlaqəsi saxlayaraq şəhidin atasına klub adından başsağlığı çatdırıb.
Şəhid kapitanın ömür-gün yoldaşı, iki övlad anası Məryəm xanım da onun adı ilə fəxr edir. O, ataları kimi iki qəhrəman böyütdüyünü bildirir. Balacaların ən böyük arzusu da elə atalarına oxşamaqdır.
Müşfiq MİRZƏ
XQ