Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş konfrans keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında (MMQ) Zəfər Gününün beşilliyi münasibəti ilə konfrans təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində Azərbaycan Milli Ordusunun qazandığı möhtəşəm Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar. Onlar 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs edib, qarşıdan gələn Zəfər Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik ediblər.

Vətən müharibəsinin qaziləri Vüsal Yolçuyev və Cümşüd Hüseynov 44 gün ərzində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb, döyüş xatirələrini bölüşüblər.







Sosial həyat