“Xalq Əmanəti” layihəsinin 26-cı nəşri işıq üzü görüb

post-img

ASC “Xalq” Bankı tərəfindən  həyata keçirilən, xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyan “Xalq Əmanəti” layihəsinin 26-cı nəşri Prezident  İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə 200 illiyi  müxtəlif yubiley tədbirləri ilə qeyd olunan XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaniyə həsr olunub.

M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilib.

Əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənən rəssam ilk vaxtlar şüşə və parça üzərində şəkillər çəkmiş, portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır.Sonralar isə əsasən, tikmə üçün  trafaret , divar naxışları, zərgərlik məmulatları,  rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınmışdır.

Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuş İrəvaninin "Gənc qadının portreti", "Gənc oğlanın portreti", "Fətəli şahın portreti", "Rəqqasələr", "Molla" əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində , "Mah Tələtin portreti" Gürcüstan Dövlət İncəsənət Muzeyində, "Quş və çiçəklə" isə Dövlət Ermitajında qorunub saxlanılır. Görkəmli rəssam, həmçinin 1850-ci illərdə İrəvandakı Sərdar sarayının divarlarında  yağlı boya ilə çəkilmiş dörd böyük  portretin müəllifidir.  Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur, günümüzə çatan əsərləri  İrəvan diyarının və bütövlükdə Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir. Mirzə Qədim İrəvaninin incə naxış və bənzərsiz ornamentlərlə işlənmiş tabloları, monumental portret və kompozisiyaları, qiymətli sənət nümunələri milli sərvətimizdir.

Qeyd edək ki, ASC “Xalq” Bankı  tərəfindən 2010-cu ildən etibarən həyata keçirilən “Xalq Əmanəti”  layihəsi  çərçivəsində Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələrinin yaradıcılığına müraciət olunur, sənət nümunələri Azərbaycan, ingilis, rus dillərində  çap olunaraq tarixin yaddaşına köçürülür.   Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına,dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə edilir. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney Azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarın əsərlərindən ibarət sərgi dekabrın 4-dən etibarən  Xalq Bankın əsas binasında yerləşən rəsm qalereyasında nümayiş olunur.

Mehparə Əliyeva
XQ





















Sosial həyat