Müstəqil ölkəmiz çağdaş hünər və qeyrət meydanıdır

post-img

Azərbaycan gəncliyi bu əqidə və düşüncə ilə yaşayır

Hər millətin inkişaf və tərəqqisi, ilk növbədə, onun elm və dərin biliklər əxz etməsindən asılı olur. Bəllidir ki, təhsilsiz, savadsız millət irəli gedə bilməz. Müdriklərin qeyd etdiyi kimi, elmsiz cəmiyyət tufanlı dəryada kompassız gəmi kimidir.

Cəmiyyətin tərəqqisi üçün elm və təlimdən heç də az əhəmiyyəti olmayan digər amil mənəviyyat məsələsidir. Zaman göstərir ki, soykökünə, adət-ənənələrinə, milli-mənəvi, əxlaqi dəyərlərinə sahib çıxmayan, ana dilinə xor baxan toplumlar gec-tez tarix səhnəsindən silinib məhv olurlar. Haqqa, insafa, ədalətə tapınmayan xalqlar ağır fəsadlarla üzləşirlər.

Müstəqil Azərbaycan dövləti gələcək nəslin yüksək səviyyədə təhsilinə və milli ruhda tərbiyə olunmasına böyük önəm verir. Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu bizimlə bu mövzuda danışarkən qeyd etdi ki, bu müdrik siyasətin bünövrəsini Ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev xalqımızın parlaq gələcəyinə xidmət edən bu müdrik xətti böyük uğurla davam etdirir. Xoşbəxtlikdən, bu gün ölkəmizdə Vətənə, dilimizə, dəyərlərimizə qəlbən bağlı olan nəsil yetişir.

2020-ci ilin payızında igid əsgər və zabitlərimiz doğma Qarabağımızda bütün dünyanı heyrətə gətirən möhtəşəm tarixi Zəfərə imza atdılar. Onlar 44 günlük şanlı savaşda canları, qanları bahasına xalqımızın şərəf və qeyrət səhifəsini yazdılar. 30 ilə yaxın ərazilərimizi işğal altında saxlayan düşmən əzəli torpaqlarımızdan qovuldu.

Xalqımızın qəhrəman oğulları Mübariz İbrahimov, polkovnik Şükür Həmidov, general Polad Həşimov və digərlərinin heyrətamiz vətənpərvərlik nümunələri bugünkü və gələcək nəsillər üçün əbədi qürur mənbəyidir. Bəli, Azərbaycan bu müqəddəs torpaq uğrunda əziz canlarından keçməyi bacaran qəhrəmanların yurdudur!

Bu yazının müəllifi həmkarı, jurnalist Kəmalə Abdinova ilə birlikdə 2020-ci il noyabrın 6-da Azərbaycan mədəniyyətinin tacı sayılan Şuşaya üçrəngli bayrağımızı sancanlardan biri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarının polkovniki Rəşad Aslanovdan müsahibə götürmək xoşbəxtliyi nəsib olub. Qusarda doğulub boya-başa çatan Rəşad Qarabağ Zəfərində payı olduğu üçün haqlı olaraq çox qürurlu idi. O, nəql etdi ki, onun taleyində Xalq şairi Bəxtiyar Vahabzadənin böyük rolu olub. Belə ki, illər öncə böyük şair bir dəfə Rəşadın Bakıda təhsil aldığı “Anadolu” türk liseyinə görüşə gəlmişdi. Qarabağdan söz düşəndə böyük şair birdən-birə kövrəlib. Məhz həmin an Rəşad özünə söz verib ki, liseyi bitirəndən sonra ali hərbi təhsil alaraq düşməndən qisas alacaq.

Rəşad Aslanov liseyi bitirib sınaq imtahanlarından 687 bal toplamışdı. Çoxları gözləyirdi ki, o, bu yüksək balla ya Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, ya da Azərbaycan Tibb Universitetinə daxil olacaq. Hər iki ali təhsil ocağında ödənişsiz oxuya bilərdi. Amma Rəşad yuxarıda qeyd etdiyim kimi, zabit olmağa qərar vermişdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı oldu. Burada təhsil aldığı və sonrakı illərdə həm ölkəmizdə, həm də qardaş Türkiyədə keçirilən hərbi hazırlıq təlimlərində can-başla iştirak etdi. Hərb elmində dərin biliklər və təcrübə qazandı. 2016-cı ilin Aprel döyüşlərində qeyri-adi şücaətlər göstərdi.

Rəşad həyatının ən böyük imtahanını isə İkinci Qarabağ müharibəsi zamanı verdi. Onun başçılıq etdiyi xüsusi təyinatlı döyüşçülər dəstəsi Füzulidən başlayaraq Hadrut yolu elə Şuşa istiqamətindəki ağır döyüşlərdə şücaətlər göstərib düşmənə sarsıdıcı zərbələr endirdilər. Şuşa uğrunda döyüş isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

Bu məqamda xüsusi vurğulamaq istəyirəm ki, müasir dövrdə gənclərimiz təkcə ağır döyüşlərdə qeyrət və hünərləri ilə deyil, həm də elm, bilik cəbhəsində ağıl və zəkaları, istedadları ilə fərqlənirlər. Son illər dünyanın bir çox nüfuzlu elm və təhsil ocaqlarında oxuyan yüksək intellektli, kreativ gənc soydaşlarımızın hər dəfə mediada və sosial şəbəkələrdə yayılan uğurları barədə eşidəndə, əlbəttə, hər birimizin ürəyi sonsuz qürur hissilə döyünür.

Hazırda Kanadanın Toronto Universitetinin magistraturasında təhsil alan, eyni zamanda, bu ali təhsil ocağının bir qrup alimi ilə birlikdə nüfuzlu beynəlxalq proqram çərçivəsində onkoloji xəstəliklərin müalicəsi yolları üzərində gərgin araşdırma və tədqiqatlar aparan gənc alim Nazim Şıxkərimlidən necə yüksək qürur hissilə söz açmamaq olar?

Qəvvaslar dəniz və okeanların ən dərin nöqtələrinə enməkdən zövq aldıqları kimi, əslən Quba rayonunun İsnov kəndindən olan Nazim uzaq Kanadada elmin dərinliklərinə baş vurmaqla, təkcə özünə deyil, mənsub olduğu xalqa, vətəndaşı olduğu dövlətə də hörmət və izzət gətirir. Onun məramı insanlara sağlamlıq, şəfa bəxş etməkdir. Əzizimiz Nazim, çox böyük və şərəfli missiyadır!

Mən elmdə, istehsalatda, idmanda böyük uğurlar qazanan istedadlı gənclərimizdən də çox sayda nümunələr çəkə bilərəm. Amma buna ehtiyac görmürəm. Reallıq budur ki, azad və suveren Azərbaycanımızı dünya xalqları və dövlətləri arasında daha da irəli aparan vətənpərvər gənclərimizin sıraları daim artmaqdadır.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat