Qoca işdən qayıdırdı. Avtobusa minib arxada bir yer tapıb əyləşdi. 15-20 dəqiqədən sonra mənzilinə çatacağını düşündü.
Gombul sürücü, deyəsən, əsəbi idi. O, sükanı arxasında oturduğu böyük avtobusu sanki yarışa çıxarmışdı. Qarşıdakı bütün nəqliyyat vasitələrini ötüb keçməyə can atırdı. Tez-tez ayağını əyləcə basır və avtobusla bərabər sərnişinlər yerlərində bərk silkələnirdilər. Ara-sıra yaşlı qadınlardan kimsə deyinirdi də...
Qoca bir neçə dəfə ürəyində “Allah, sən bizi qəzadan saxla!” – desə də, narahatlığını üzə vurmaq istəmirdi. Canını dişinə sıxıb dözürdü. Nəhayət, mənzilbaşına çatmaq üzrə idi. Qoca qarşıdan gələn ikinci dayanacaqda düşməli idi. Dayanacaqlar arasında məsafənin nisbətən qısa olduğunu nəzərə alıb, bir qədər yerindən tez qalxıb avtobusun ikinci, sonuncu qapısına tərəf getmək istədi. Amma avtobus ləngərli hərəkət etdiyi üçün, az qala, müvazinətini itirib yıxılacaqdı.
Bundan narahat olan 33-35 yaşlı gənc qadın cəld ayağa durub onun qolundan tutdu və qocanın əvəzinə “saxla!” düyməsini basmaq istədi. Qoca sonrakı dayanacaqda düşməli olduğu üçün başının hərəkəti ilə buna etiraz etdi.
Xanım, deyəsən, onu başa düşdü və düyməni basmayıb gözlədi. Eyni zamanda, yıxılmasın deyə qocanın qolunu buraxmadı. Avtobus növbəti dayanacağa çatıb dayandı. Yaşlı kişi xırıltılı səslə “sağ ol, qızım!” deyərək avtobusdan endi.
O, bundan sonra cəmi bir neçə dəqiqəlik yolu piyada getməli idi. İşdən çıxanda çox yorğun idi, indi isə birdən-birə özünü çox gümrah hiss etdi. Üzündə xəfif bir təbəssüm vardı və bu ovqat onu mənzilinə çatana qədər tərk etmədi.
Mənzilin zəngini basdı. Qapını evin xanımı açdı. Ərini işdən qayıdanda, adətən, yorğun, qaşqabaqlı görməyə adət edən arvadı bu dəfə onun ovqatının yaxşı olduğunun fərqinə vardı:
–Yəqin ki, maaşını almısan?
Bir neçə ay idi ki, idarədə maaşlar gecikirdi. Həyat yoldaşı məhz buna işarə edirdi.
–Yox, hələ verməyiblər. Amma demək istəyirəm ki, biz, həqiqətən, yaxşı xalqıq. Hələ də böyük-kiçik yeri bilən gənclərimiz qalıb. İstədi ki, avtobusda ona kömək etmək istəyən gənc xanımdan söz açsın. Nə üçünsə fikrindən daşındı.
Qoca bir stəkan çay içib kompüter stolunun arxasına keçdi və bu qeydləri edərək imza da qoydu:
M.HACIXANLI
XQ

