Qədim türk yurdu – Sibir və Tümen xanlıqları

post-img

XV əsrin 20-ci illərindən sonra möhtəşəm Qızıl Orda dövlətinin parçalanması ilə onun ərazisində müxtəlif xanlıqlar yaranmağa başlayır.

Qərbi Sibir ərazilərində meydana gələn Sibir xanlığı şimalda olan türk dövləti idi, xanlığın paytaxtları Çingi Tura (indiki Tümen) və Qaşlıq şəhərləri, rəsmi dili türk dili, dini İslam olub.

Orta Volqaboyunun Qızıl Ordadan ayrılması nəticəsində Qazan xanlığı təşkil edilir. Sonra bir-birinin ardınca Böyük Orda xanlığı, Krım xanlığı və ya Krım Yurdu, Qazax xanlığı, Özbək xanlığı meydana çıxır. Volqa çayının aşağı axınında Həştərxan (Qədim adı Əz-Tarxan) xanlığı, Volqanın aşağı axınından İrtış çayına qədər olan ərazidə Noqay Ordası, Moskva yaxınlığında Qasım xanlığı və nisbətən kiçik uluslar yaranır. Bu isə bu torpaqlara göz dikənlərin xoşuna gələ bilməzdi, odur ki, bu xanlıqlar mərhələ-mərhələ ruslar tərəfindən işğal edilib.

Sibir xanlığı Qızıl Orda dövlətinin tərkibində olan zaman və müstəqil xanlığa çevrildikdən sonra Çingi-Turada, həm də Sibirin digər ərazilərində hakim təbəqə möhtəşəm məscidlər, saraylar və qala divarları tikdirib və bu işlər xanlıq olandan sonra da davam etdirilib.

Xan, o cümlədən xanlığın yüksək dairələrinə daxil olan imamlar və müftilər Səmərqənd və Buxaranın İslam mərkəzlərində təhsil alan adamlar idi.

Türkdilli mənbələrdə bu torpaqların adı “Sibir”, “Sibir yurdu”, ərəbdilli mənbələrdə "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilir, rus mənbələrində də "Sibir" kimi göstərilib.

Sibir türkləri V əsrdə İdil (Volqa) çayı boyunca Xəzər dənizinə, daha sonra isə bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılıblar. Sibir əvvəllər Ob çayının orta və aşağı axınına deyilib, sonra türklər İrtış çayı və Baykal gölünə doğru yayılıb və Kamçatkaya qədər uzanan bu torpaqlar Sibir adlanıb.

1025-ci ildən sonra Sibirin əfsanəvi hökmdarları:

Tatar xan, 1025-?)

Qızıltin xan, Tatar xanın oğlu

Dametey xan, Tatar xanın oğlu

Yuvaş xan, Qızıltin xanın oğlu

İşim xan, Yuvaş xanın oğlu

Mamed xan, İşim xanın oğlu

Kutaş xan, Mamed xanın oğlu

Allaqul xan, Kutaş xanın oğlu

Kuzey xan, Allaqul xanın oğlu

Ebarqul xan, Yuvaş xanın kiçik oğlu

Baxmur, Ebarqul xanın oğlu

Yaxşımət xan

Yürək xan, Baxmur xanın oğlu

Munçək xan, Yürək xanın oğlu

Yüzək xan, Munçək xanın oğlu

On-Som xan, Yüzək xanın oğlu

İrtişək xan, On-Somun oğlu

Taybuqa xan, İrtişək xanın oğlu

Sibir xanlığını 1405-ci ildə Çingi-Turada hökmranlıq edən Taybuqanın başçılığı ilə bu nəsildən olan sülalə idarə edib. 1428-ci ildə onun ölümündən sonra xanlıq özbək xanı Əbülxeyr xana keçib.

1411-1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulan Əbülxeyr xan əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi. Əbülxeyr xan 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı ərazilərə nəzarəti öz əlinə alır, 1430-cu ildə Xarəzmi işğal edir, Ürgənci ələ keçirir. Sonra Həştərxan xanlığının ordularını məğlub edir. Əbülxeyr xan 1440-cı ildə Astrabadı qarət edir və dövlətin sərhədlərini genişləndiririr, 1446-cı ildə indiki Özbəkistan torpaqlarını işğal edir, Teymuriləri qovaraq paytaxtını Sığnağa köçürür.

Əbülxeyr xan 1446-cı ilədək Çingi Tura şəhərindən dövlətini idarə edir.

Əbülxeyr xan Türküstanda öz gücünü möhkəmləndirdikdən sonra 1447-ci ildə Səmərqəndə hücum etsə də şəhəri ala bilmir. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onun Səmərqənddə Teymuri taxtına oturmasına kömək edir. Əbülxeyr xan Səmərqənddə Uluqbəyin qızı Rabiyyə Sultan bəyimlə evlənib, onun 11 oğlu, 2 qızı olub.

Əbülxeyr xan 1465-ci ildə müstəqil Qazax xanlığını yaradır (Bu haqda ayrıca söhbət açılacaq).

Əbülxeyr xan 1468-ci ildə 57 yaşında vəfat edir, məzarı Qazaxıstan ərazisində – Türküstan şəhərində, Xoca Əhməd Yasəvinin türbəsindədir.

Sibir xanlığı iki yerə bölünüb

Əbülxeyr xanın ölümündən sonra xanlıq 2 yerə bölünüb: Şeybani xan Çingi-Turada, Taybuqa Məhəmməd isə xanlığın adını buradan götürən Sibir qalasında hökmdarlıq edib. Bununla belə, bu xanlıqlar xarici düşmənə qarşı birgə mübarizə aparıblar.

1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılılığını qəbul etsə də, Çingiz xanın nəslindən olan Kuçum xan ruslarla münasibətləri gərginləşdirir, ruslarla tatarlar arasında yeni müharibə qızışır. Qızıl Orda dövləti hələ fəaliyyət göstərdiyi vaxtlarda Sibir xanlığının ilk hökmdarı Mamiq oğlu Taybuğa olub. O zaman Çingiz xan ona İrtış, Tobul, İşim və Tura çaylarının sahillərini vermişdi. Bu xanlığın mərkəzi Çingi-Tura, indiki Tümen şəhəri olub.

1563-cü ildə Kuçum xan Yadigar xanı məğlub edərək Sibir xanlığını da öz əlinə keçirib. Bu zaman xanlıqda şamanizm də geniş yayılmışdı. Buna görə də Kuçum xan türk boyları arasında islam dinini yaymaq məqsədilə Buxara xanı Abdullah xana müraciət edərək islam dinini təbliğ edən və öyrədən alimlərin göndərilməsini xahiş edib və Buxaradan Sibir xanlığına din alimləri və şeyxlər göndərilib. Beləliklə, Sibir türklərinin böyük bir qismi şamanizmdən islama keçib, bununla belə bugünədək şamanizmə sitayiş edənlər az deyil.

Böyük mədəni quruculuq işlərinə başlayan Kuçum xan rus hücumu nəticəsində bu işləri dayandırıb ruslarla döyüşməyə məcbur olur. Bir tərəfdən ruslarla, digər tərəfdən də rus knyazlarının zülmündən qaçaraq Yermakın başçılığı ilə qaçaq dəstəsi yaradan kazaklara qarşı vuruşan Kuçum xan və qardaşı Məhəmməd Qul tatar bəylərini ümumi düşmənə qarşı bir araya gətirə bilmədiklərindən ruslara məğlub olurlar.

Kuçum xan-Yermak qarşıdurması qızışır...

1581-ci il sentyabrın 1-də Yermakın qoşunları Taqil, Tura, Tobol çayları ilə aşağı enərək Kuçuma tabe olan yerli bəyləri məğlub edir və 1582-ci ilin sentyabrında Sibir xanlığının içərilərinə soxulur. 1582-ci il oktyabrın sonunda İrtışdakı Çuvaş şəhərciyi yaxınlığındakı döyüşdə Yermak Kuçumun əsas qüvvələrini məğlub edir, oktyabrın 26-da Sibir xanlığının paytaxtı Qaşlıq işğal olunur. Dekabr ayında isə ruslar İrtışın qolu Vaqay çayında Kuçumun oğlu Məhəmməd Qulu məğlub edərək onu əsir götürür.

Sonrakı illərdə Yermakın dəstəsi İrtış və Ob çayları boyu bir çox rayonları isğal edir. Bu dövrdə Yermakın başçılığı ilə rusların hücumları ara vermir. Kuçum xan və qardaşı Məhəmməd Qul tatar bəylərini ümumi düşmənə qarşı bir araya gətirə bilmədiklərindən ruslara məğlub olsalar da, sonra qüvvələri artırıb yenidən hücuma keçirlər. İvan Qroznı Yermakın köməyinə 500 nəfər atıcı əsgər göndərir. 1585-ci il avqustun 6-da Kuçumun təxminən 1000 nəfərlik dəstəsi qəflətən Yermakın dəstəsinə hücum edir, ağır zirehli kazakların bir çoxu, o cümlədən Yermak çayda batır. Bundan sonra rusların bir hissəsi Sibirdən qaçmağa məcbur olur, ancaq bu, müvəqqəti hal idi.

1579-1585-ci illərdə Yermakın başçılığı ilə Kuçum xana qarşı təşkil olunan yürüşlərin məqsədi Sibiri işğal edib rus dövlətinə qatmaq və ruslaşdırmaqdan ibarət olub. Məhz bu müharibələr Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirib çıxarıb.

Çar Rusiyasının yeritdiyi məqsədyönlü siyasət nəticəsində XVI-XVIII əsrlərdə Rusiyanın Avropa hissəsindən Sibirə köçürülən rusların sayı sürətlə artır. Sibirin zəngin xəz-dərisi rus məmur və tacirləri bu ərazilərə cəlb edib. Xarici bazarlarda xəz yüksək qiymətə satılıdığından məmurlar türkləri vergini xəzlə verməyə məcbur ediblər. Ruslar əhalini aldatmaqla, bir çox hallarda zorakılıqla çoxlu xəz toplayıblar.

2025-ci ilin iyun ayında Rusiyanın Qərbi Sibir düzənliyində yerləşən Xantı-Mansiysk Muxtar Dairəsinin (XMMD) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə Dairənin Dumasında miqrantlarla bağlı məsələ müzakirə olunarkən bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdarlardan olan Kuçum xan Buxara xanlığına mənsub özbək Şeybanilər sülaləsinə mənsub bir hökmdar idi. Bu səbəbdən bəzi miqrantların bölgəyə "öz tarixi torpaqları" kimi gəlməsi anlaşılandır.

Deputatın çıxışı həm XMMD-də, həm də ictimaiyyət arasında və Federal səviyyədə sərt tənqidlə qarşılanıb, deputatı üzr istəməyə məcbur ediblər.

Bununla belə, deputat qətiyyən yanılmayıb, o torpaqlar Sibir xanlığının əraziləri olub. Bir vaxtlar Şeybanilərin at oynatdıqları torpaqlara, yəni ulu babalarının torpaqlarına indi Şeybanilərin nəvə-nəticələri gəlir, bu torpaqlara yenidən sahib olmaq üçün...

Kuçum xan ailəsi ilə bərabər əsir düşür

1598-ci ildə Moskva vaxtilə xristianlığı qəbul edən tatar mirzələrindən olan Mansurovun komandanlığı ilə Sibirə toplarla silahlanan bir hərbi dəstə göndərir. Qanlı döyüşlərdən sonra Kuçum xanın ailəsi və yaxınları əsir düşür. Ruslar Kuçum xanı ailəsi və yaxınları ilə birlikdə Moskvaya göndərirlər.

Moskvada onu çarın xidmətinə dəvət etsələr də, Kuçum xan bu dəvəti qəbul etməyib, öz vətəninə qayıdıb. Ömrünün sonlarına doğru Kuçum xanın gözləri tutulub və öz əcəli ilə 1600-cü ildə vəfat edib. Kuçum xanın ölümündən sonra XVII əsr ərzində ruslar mərhələ-mərhələ Sibirin buryatlar, tunquslar, yakutlar yaşayan ərazilərini zəbt edərək öz ərazilərini türk boylarının hesabına daha da genişləndirirlər. Beləliklə, bir türk-tatar xanlığı da tarixə qovuşmuş olur.

Sibir xanlığının hökmdarları:

Mar xan (Umar, Ömər) İpək xanın bacısının əri, 1468-1480

İpək xan, 1480—1495

Məhəmməd Taybuqa, 1495—1502

Anqiş xan, Məhəmməd Taybuqanın qardaşı oğlu, 1502—1516

Qasım Taybuqa xan, Məhəmməd Taybuqanın oğlu, 1516—1530

Yadigar, Qasım Taybuqanın oğlu, 1530—1563

Bəy Bulat, Qasım Taybuqanın oğlu, 1555—1563

Kuçum xan, 1563—1598

Seyid Əhməd, Bəy Bulatın oğlu, 1583—1588

Tümen xanlığı: XV əsrdə Sibir Şeybanilərinin dövləti

Tümen ulusu və Tümen xanlığı, Cənub-Qərbi Sibirdə türk dövləti, 1359-1428-ci ilədək Ulus adlanıb, 1428-ci ildən 1563-ci ilədək Tümen xanlığına çevrilib. Tümen xanlığı Tobol çayının orta axınında və çayın qolları olan Tavda və Tura arasındakı ərazidə yaranan siyasi bir qurumdur. 13-cü və 14-cü əsrlərdə gələcək Tümen xanlığının "İbir" kimi tanınan ərazisi Cuçi Ulusunun bir hissəsi idi. Xanın iqamətgahı Çinqa-Turada, yəni indiki Tümenin yerində idi. 14-cü əsrin sonu və ya 15-ci əsrin əvvəllərində Çingizilərdən olan Toxtamış Çinqa-Turaya qaçır və orada hakimiyyəti ələ keçirir. 1406-cı ildə onun ölümündən sonra Tümen Yadigarın davamçısı olan Çökrə xana tabe edilir. Ağ Orda hökmdarları Şeybanilər və yerli zadəganların nümayəndələri - əfsanəvi xan Taybuqanın nəslindən olan Taybuqilər arasında uzun bir mübarizədən sonra Şeybanilərdən olan İpək hakimiyyəti ələ keçirir. 1495-ci ildə İpək Taybuqilərdən olan Mahmet tərəfindən öldürülür və paytaxt İrtış çayının sağ sahilində Sibir (və ya Qaşlıq) yaşayış məntəqəsi olur. Mahmet xanın hakimiyyətindən sonra onun ərazisi Sibir xanlığı kimi tanınıb və XVI əsrin əvvəllərindən Taybugilərin torpaqları Sibir xanlığının tərkibinə daxil olub.

Hökmdarları:

Taybuqa, On xanın oğlu, 1220-ci il

Qaranbəy xan, 1359-1375

Toxtamış xan, 1396-1406

Çökrə xan, 1407-1413

Dövlət Şeyx oğlan xan, 1413-1420

Hacı Məhəmməd xan, 1420-1428

Əbülxeyr xan, 1428-1468

İpək xan, 1468-1495

Mamuk xan, 1495-1496

Ağalak xan, 1496-1504

Əhməd ben Mamuk xan, 1504

Külük Sultan, İpək xanın oğlu, 1505-1530

Yadigar, 1530-1563

Bəy-Bulat, Yadigarın qardaşı, 1555-1563.

Ural dağlarının şimalındakı Tobol, İrtış, İşim və Ob çaylarını əhatə edərək Altay dağlarına qədər uzanan bu geniş ərazidə bu gün də müxtəlif türk boyları yaşayır. Sibirdə, əsasən, öz tarixi torpaqlarında yakutlar, tuvalılar, Qərbi Sibir tatarları, xakaslar, altaylar, Sibir buxaralıları, dolqanlar, şorlar və s. kimi türk xalqları ömür sürür. Bu ərazilərdə mərhələ-mərhələ Sibirə köçürülən ruslar da yaşayırlar və onların sayı az deyil. Bu gün Rusiyanın tərkibində olan bu geniş ərazidə Buryat Respublikası, Tuva və Altay respublikaları və Krasnoyarsk, Kemerovo (Qədim adı Kemer), Novosibirsk (Noğaysibir), Omsk (Ombı), Tomsk (Tombı), Tümen, Arxangelsk, İrkutsk və Çikitinsk vilayətləri yerləşir. Çox böyük yeraltı sərvətlərə malik bu bölgədə az insan yaşayır ki, bunların təqribən 2 milyon nəfəri türklərdir. Onlara ümumilikdə Sibir və ya Altay türkləri deyilir.

İndi isə Sibirdə nisbətən çoxluq təşkil edən türk xalqlarının coğrafiyasına nəzər yetirək:

Tuvalılar

Tuvalıların yaşadıqları bölgəyə tarixən Tannu-Tuva, danışdıqları dilə Soyonca və ya Uranxayca deyilib. Bu gün tuvalılar qədim türk dilinin bir şivəsində ünsiyyət saxlayırlar ki, digər türk xalqları bu dili anlamır. Tuvalıların Karaqas və ya Tofa deyilən bir boyu da var. Tuva Respublikasının mərkəzi Kızıl şəhəri, ərazisi 1.750.500 kv. km-dir. Əhalisi təqribən 500 min nəfərdir ki, bunun da təxminən 300 min nəfəri Tuva türkləri, qalanları isə rus, xakas, ukraynalı və digər xalqlardır. 1990-cı illərdən bəri Tuva türkləri siyasi fəaliyyətə başlayaraq öz ölkələrindən rusları çıxarmsağa çalışıblar. Tuva Respublikası ərazisinin yarısı meşəlikdir, bu torpaqlar təbii sərvətlərlə çox zəngindir.

Saxa Respublikası (Yakutiya) Rusiyanın ən böyük ərazisinə malikdir. Mərkəzi Yakutsk şəhəri, ümumi sahəsi 3.084.000 kv. km-dir. Əhalisi 1 milyon nəfərə yaxındır.

Saxa Respublikası müstəqil dövlət olsaydı, ərazisinə görə dünyada yeddinci, Türk dünyasında isə ən böyük dövlət olardı. Ərazisi Rusiyanın 18 faizini təşkil edir.

Əhalisinin çoxu ruslardır. Yakut və ruslardan başqa ölkədə tatarlar, ukraynalılar və digər xalqlar yaşayır. Ərazisindən Anabar, Olenek, Lena, Yana, İndiqirka və Kolomna çayları axır. Qışı çox uzun çəkir, 220 gündür. Ölkənin beşdə dörd hissəsi meşəlikdir. Ölkədə soyuğadavamlı ren maralları və at yetişdirilir. Kürk hazırlamaq üçün heyvanlar ovlanılır. Şimal yarımkürəsində ən aşağı minimum temperatur respublikanın Oymyakon ulusunda (-71°C) qeydə alınıb.

Əhali balıqçılıqla da məşğul olur. Zəngin yeraltı sərvətlərə malikdir. Ölkədə xeyli qızıl, almaz yataqları var. Bundan əlavə, qurğuşun, sink, volfram və molibden çıxarılır. Ölkədə çox zəngin kömür ehtiyatları var.

Xakaslar

Xakaslar türk boyu olub Cənub-Şərqi Sibirdə – Xakasiya vilayətində yaşayırlar. Xakaslar özlərini Abakan türkləri, Yenisey qırğızları, Minusinsk tatarları və ya Abakan tatarları kimi də adlandırırlar. Xakas vilayətinin ərazisi 61.569 kv. km-dir, mərkəzi Abakan şəhəridir. Əhalisi təxminən 600 min nəfərə yaxındır ki, bunun da təxminən iki yüz mini Xakas türkləridir. Xakasiya ərazisindən dünyanın ən böyük çaylarından biri olan Yenisey (Kim Suyu) çayı keçir. Xakas türklərinin Saqay və Qırğız adlı iki mühüm qolu var. Ruslar xakasların ərazisini işğal edən zaman onlar saqay, kaçin, qızıl, şor, kaybal və belt tayfa birləşməsindən ibarət olublar.

Altaylar

1991-ci ildə Rusiya qədim türk yurdu olan Altayı iki yerə parçalayıb, Altay Respublikası və Dağlıq Altay vilayəti yaradıb, 1992-ci ilin may ayından bu iki qurumun əsasında Altay Respublikası təşkil edilib.

Altay Respublikasının mərkəzi Qorno Altaysk şəhəri, əhalisi təqribən 210 min nəfər, ərazisi 93 min kv. km-dir. Altay Türklərinə əvvəllər Oyrotlar da deyilib.

Türk dilinin bugünkü Altay ləhcəsi uyğur, xakas, qırğız, qaraçay-balkar ləhcələri ilə çox yaxındır. Bu gün altaylılar Altay Respublikasında, Kemerovo vilayətində, Monqolustanda və Çinin Sintszyan-Uyğur Muxtar Respublikasında yaşayırlar. Respublikanın 57 faizini ruslar, təxminən 37 faizini Altay türkləri, təxminən 7 faizini qazaxlar, teleginlər, tubalar, kumandinlər, çelkanlar, ukraynalılar və almanlar təşkil edir.

Şorlar

Şorlar Altay xalqları türk qrupunun hun qoluna mənsub xalqdır, dini şamanizm olub, rusların təsiri nəticəsində xristianlığı qəbul edənlər də az deyil, dilləri şor dilidir. Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı) adlandırırlar. Cənubi Sibir, Kemerovo vilayətinin cənubundakı Dağlıq Şoriya ərazisində, Tom, Kondoma və Mrassa çaylarının hövzələrində yaşayırlar. Bu ərazilərdə təxminən 14 min şor yaşadığı haqqında məlumat var.

Şor dilinin ilk əlifbası 1885-ci ildə Qazanda çap edilib, Şor əlifbasında 38 hərf var. Ana dilində danışanların sayı azdır, onlar məktəbdə rus dilində oxumağa məcburdur. Şor dili sıradan çıxarılmaq üzrədir. Şorlar elə bizim kimi bıçağa pıçaq, suya suu deyirlər.

Dolğanlar

2002-ci il əhalinin siyahıya alınmasına görə Rusiyada 7,261 dolğan yaşayır. Onların təxminən 6 min nəfəri Krasnoyarsk diyarının Taymır Dolğan-Nenetsk rayonunda, qalan hissəsi isə digər bölgələrdə qərar turub. Dolğan dili türk dilləri ailəsinin Sibir qrupuna daxildir və xüsusiyyətlərinə görə saxa (yakut) dilinə ən yaxın dildir və dolğan dili Norilskiy, Pasinskiy, Avamskiy, Xatanqskiy və Popiqayskiy ləhçələrindən ibarətdir. 20-ci əsrə qədər Sibirdə əsasən köçəri həyat sürüblər, ovçuluqla məşğul olublar. Dolğanlar Saxada (Yakutiya) yaşayan saxalarla (yakutlarla) çox yaxın qohumluq əlaqəsi olan bir xalqdır. Dolğanlar indi özlərinə Saxa və ya yakut da deyirlər. Dolğanların əksəriyyəti rusların təsiri ilə xristianlığı qəbul edib, rus pravoslav kilsəsinə gedirlər. Dolğan dilindəki ilk şeir kitabı 1973-cü ildə nəşr olunan, dolğan əsilli sovet şairəsi Oqdo Aksyonovanın "Baraksan" kitabıdır.

Barabinlər

Tatarların bir qolu kimi tanınan barabinlərin dili tatar dilinə çox yaxındır. Bu kiçik türk xalqının ümumi sayı bəlli deyil. Tobolsk, Tümen, Tomsk bölgəsində yaşayırlar.

Sibir buxaralıları

Bu bölgədə Sibir buxaralıları deyilən bir Türk boyu da var ki, sayları 100 min nəfərə yaxındır. Vaxtilə Buxaradan bu torpaqlara köçən cığatay türklərinin törəmələridir.

Sibirdə yaşayan türklər əsasən orta əsrlərdə bu ərazidə yaşayan Türk boyları–Peçenq və Qıpçaq dillərinə yaxın bir şivədə–Qazan türkcəsi və ya tatar dilində danışırlar. Bu şivəyə tatarlarla yanaşı Başqırd, Noqay və Miser ağızları və ya Altay şivəsi də daxildir. Bu şivədə həm də Qərbi Sibirdə İrtış, Tara, Tobol və Tumlu çayları ətrafında yaşayan türklər danışırlar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd







Sosial həyat