Zamanın coğrafiyası

post-img

(əvvəli qəzetin 5 və 6 dekabr tarixli saylarında)

Robin Levin yazır ki, nizamlılıq, dəqiqlik və sistemlilik gənclər üçün vacibdir və bunu təməl prinsiplər kimi qəbul etmək zəruridir. Bu prinsiplərin orta məktəbdə örnək olması üçün saat qədər təsirli vasitə yoxdur. Doğru təsbitdir, nə qədər çətin olsa da, uşaqlara, yeniyetmələrə və gənclərə öyrətmək lazımdır ki, dəqiqlik və zamanı planlaşdırma bacarığı gələcək uğurların ilkin pillələridir. Qərb dünyası məhz bu özəlliyi sayəsində həyatın bütün sahələrində tərəqqiyə doğru sıçrayış etməyi bacarmışdı.

Biz həyatda eyni mənzərəni görməkdən, eyni sözləri eşitməkdən, hətta eyni qidaları qəbul etməkdən bezirik. Ona görə də yeknəsək olmayan, müxtəlifliyi təmin edən işləri, prosesləri dəstəkləyirik. R.Levin bu məqamla bağlı yazır ki, çeşid nə qədər çoxdursa, zaman da o qədər sürətli axırmış kimi görünür. Çeşid çatışmazlığı, tam mənası ilə saatın psixoloji yavaşlaması anlamına gələn can sıxıntısının ana ünsürüdür.

Ancaq Anglo-Amerika mədəniyyətinin müxtəlifliyə dair standartları, fəaliyyətlərdə olduğu kimi, hər yerdə yayılmaqdan uzaqdır. İngilis-Amerika mədəniyyəti modadan əyləncəyə, insanların yaşamağı seçdiyi evlərdən şəhərlərə qədər hər şeydə sürətli və davamlı dəyişikliklərdən asılıdır. Bununla birlikdə, dünyadakı insanların çoxu fürsətlər imkan verərsə, harada yaşayacağını, nə edəcəyini və ömrünün sonuna qədər nə yeyəcəyini dəqiq bilir.

Zaman həm də böyük diktatordur. Sənayeləşmiş cəmiyyətlərdə saatla yaşamaq mütləqdir. R.Levin yazır ki, müasir cəmiyyətdə saatın neçə olduğunu bilməmək sosial bacarıqsızlıq kimi qiymətləndirilə bilər. Buna görə də insanlar zamanın hökmündən qaçmağa çalışırlar. Ancaq sonda saat əqrəbləri istehsal və inkişafı nəzarət altına alaraq, qarşımıza yenilməz fakt kimi çıxır. İlk baxışda qaçmaq mümkün olmayan bu taleyimizi fizik Alan Laytman İtaliyadakı xəyali qəsəbəni təsvir edərkən yaxşı izah etmişdi: İtaliyanın kiçik bir qəsəbəsində ilk mexaniki saat inşa edilmişdi. İnsanlar bundan ovsunlanmışdılar. Amma sonra dəhşətə gəlmişdilər. Çünki qəsəbədə qarşılarında zamanın keçişini miqdar olaraq müəyyənləşdirən, arzuların müddətini cədvələ və pərgara dayayan, həyatın bütün anlarını ölçən insan icadı vardı. Sehrli idi, dayanılmazdı, təbii ki, yaşamın xaricində idi. Yenə də saatı gözardına almaq mümkün olmurdu. Ona boyun əymək lazım gəlirdi.

Sənaye inqilabı bəşəriyyətin təkcə siyasi və iqtisadi mənzərəsini dəyişdirmədi. O həm də insanı zamana münasibətini dəyişdirməyə məcbur etdi. XIX əsrdə bütün dünyada fərqli təqvim və zaman bölümləri vardı. R.Levin kitabında təkcə ABŞ-da təqribən 70 fərqli zaman bölümünün olduğunu yazır. Bu fərqliliyi və qarışıqlığı sənaye inqilabı dəyişdirdi. Yeni texnologiyalar indiyədək xəyal olunmayan tənzimləmə və ardıcıllığı tələb edirdi. Saat ana səhnəyə çıxdı. 1880-ci ildə zaman bölümlərinin sayı təqribən 50-ə düşdü və elm adamları zaman standartlarının tamamilə koordinasiya oluna bilməsi üçün həyata keçiriləcək tətbiqlər barədə mübahisə etməyə başladılar.

Zamana hücumlar ədəbiyyat sahəsindən də gəlirdi. R.Levin yazır ki, ən anlamlı hücumları da qələm ustadları edirdilər. Məsələn, Kurt Vonnequt “Sallaqxana N5” kitabında belə yazır: “Zaman keçmək bilmirdi. Biri saatlarla oynayırdı, üstəlik, elektrikli saatla deyil, mexaniki olanlarla. Saatımın ikinci əqrəbi bir dəfə tərpənəndə bir il keçəcəkdi və sonra yenə tərpənəcəkdi. Mənim bu məsələdə edəcəyim heç nə yoxdu. Bu dünyanın sakini olaraq saatların və təqvimlərin nə dediyinə inanmaq məcburiyyətində idim.

Hirsin digər hədəfi isə zamanın itirilməsi idi. Müəllif yazır ki, standart zamanın icadından sonra 1884-cü ildə amerikalı yazıçı, Mark Tvenin dostu Çarlz Dadli Uorner saatla yaşanan zamanın dəyişməzliyinə belə etiraz edirdi: “Zamanın sabit periodlara bölünməsi fərdi azadlığın istilasıdır, temperament və duyğularda fərqliliklərin formalaşmasına izn verməz”.

Amerikalı sosial filosof, iqtisadçı, ictimai xadim və yazıçı Ceremi Rifkin kimi tənqidçilər də kömpüter çağının zamanın tabutuna son mismarları da vurduğuna inanırlar: “Kompüter dünyasındakı hadisələr əsla qəbul edə bilməyəcəyimiz zaman sahəsindədir”. Bununla belə, C.Rifkin “Homo sapiens”i “zamandan asılı” yeganə varlıq kimi xarakterizə edir.

(ardı var)

Səbuhi MƏMMƏDOV
XQ

Sosial həyat