Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçirilib

post-img

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil olunan “Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib.

XQ xəbər verir ki, tədbirdə Agentliyin son illərdə həyata keçirdiyi və növbəti il ərzində planlaşdırdığı islahatlar və yeniliklər barədə iştirakçılara ətraflı məlumat verilib.

Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, dənizçilərə sertifikatların (diplomların), həmçinin xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi ilə bağlı Agentlikdə keçirilən imtahan sualları Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının tövsiyələri nəzərə alınmaqla vəzifələr, səviyyələr və funksiyalar üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanıb. Suallar Agentliyin müvafiq Əmri ilə yaradılmış Komissiya tərəfindən yoxlanılaraq imtahan proqramına daxil edilir.

Eyni zamanda, yaxın gələcəkdə dənizçilik təhsil müəssisəsində dənizçilik ixtisasları üzrə proqramlara yenidən baxılacaq. Beynəlxalq və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla ixtisas fənlərinə ayrılan tədris saatlarının miqdarı artırılacaq.

Həmçinin bildirilib ki, dənizçilərin məmnunluğunun daha da artırılması üçün növbəti ildə də bir sıra yeniliklər həyata keçiriləcək. Belə ki, dənizçinin şəxsi kabinetinin yaradılması, bəzi xüsusi hazırlıq proqramları əsasında onlayn təlimlərin təşkili, dənizçilərə verilən sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin elektron formada şəxsi kabinetdə yerləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Qeyd olunub ki, müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınmaqla dənizçilərin təhsili, təlimi və sertifikatlaşdırılması ilə bağlı islahatların mərhələli şəkildə icrası yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək.

Sosial həyat