Xankəndi, Xocalı və Ağdərədə doğma yurda qayıdış sevinci

post-img

Dünən Xankəndi, Xocalı və Ağdərədə növbəti qayıdış sevinci yaşandı. Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 25, Ağdərə rayonunun Həsənriz kəndinə 52, Xocalı rayonunun Xanyurdu kəndinə 24, Təzəbinə kəndinə isə 41 nəfər köçürüldü.

Sakinlərə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onları təbrik edərək, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I dövlət proqramının məqsəd və vəzifələri barədə məlumat verdi.

Bildirdi ki, azadlığına qovuşmuş şəhər və kəndlərdə müasir infrastruktur qurulur, evlər, sosial obyektlər inşa edilir, sakinlərin rahat, təhlükəsiz şəkildə yaşamaları üçün hərtərəfli şərait yaradılır. Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşdırıldıqları ərazilər daimi içməli su, elektrik enerjisi, təbii qazla, yüksəksürətli rabitə xətti ilə təmin olunub. S.Qəhrəmanov, həmçinin qeyd etdi ki, ata-baba yurduna qayıdan insanların məşğulluq məsələləri də daim diqqətdə saxlanılır.

Vətən həsrəti sona çatan sakinlər illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini XQ-nin oxucuları ilə bölüşdülər, hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər. Bildirdilər ki, onların həyatında yeni mərhələ başlayır, bundan sonra Qarabağımızın inkişafı, çiçəklənməsi üçün hər biri əlindən gələn töhfəni verməyə çalışacaq.

Qeyd edək ki, “Böyük Qayıdış” çərçivəsində köç prosesi mərhələli şəkildə davam etdirilir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat