Ermənistanın ikinci prezidenti yenə sərsəmləyib
“Hesab edirəm ki, ölkəni bu vəziyyətdən məndən daha yaxşı heç kəs çıxara bilməz”. Belə bir iddialı bəyanatın müəllifi Ermənistanın ikinci prezidenti, Qarabağ canisi Robert Koçaryandır. Erməni mediası onun mətbuat konfransında dediyi fikirləri yayımlayıb. O media ki, Rusiyanın təsir dairəsindədir və nəyin bahasına olursa-olsun hazırkı iqtidara qarşı müqavimət cəbhəsi formalaşdırmağa çalışır. Müqavimətin yayda keçiriləcək parlament seçkilərinə hesablandığı birmənalıdır. Əslində, Koçaryanın iddialı bəyanatı da seçkiyə fokuslanıb.
R.Koçaryanın dilə gətirdikləri, o cümlədən, diqqətə çatdırdığımız fikri fonunda böyük təzadlı məqam var və həmin məqamı sonda vurğulayacağıq. Hələlik isə deyək ki, Robert özü barəsindəki quldur təsəvvürünü dağıtmağa çalışır. Axı hay toplumu təkcə ona yox, ümumən ölkənin əvvəlki iqtidarının təmsilçilərinin hamısına eyni prizmadan yanaşır. Baş nazir Nikol Paşinyan və komandası da bununla bağlı fəal təbliğat aparır. Ona görə hazırda Koçaryan reallığa qarşı çıxır, daha doğrusu, öz aləmində yeni reallıq formalaşdırdığını düşünür. Məsələn, o deyir: “Mətbuatda daim belə bir ifadə işlədilir: “Qoy keçmişlər getsin, qalanları üçün parlaq gələcək başlasın”. Məndə sual yaranır: nə üçün bütün “keçmişlər” bir kateqoriyada birləşdirilir?”
Bəli, R.Koçaryan erməni cəmiyyətində “sabiqlərə” qarşı antipatiyanın mövcudluğunun fərqindədir. Bu səbəbdən özünü onlardan fərqləndirməyə çalışır: “Biz - üç keçmiş prezident: mən, Serj Sarkisyan və Levon Ter-Petrosyan - xaraktercə tamamilə fərqli insanlarıq. Baxışlarımıza, iş üslubumuza və idarəetməmizin səmərəliliyinə görə tamamilə fərqliyik. Bizim oxşarlığımız yalnız bir məqamda var: əmək kitabçalarımızda prezident olduğumuz yazılıb. Əgər sadəcə prezident olmağımız faktı kifayətdirsə, “paket” şəkildə deyilsin: “siz seçkilərdə iştirak etməməlisiniz”. Əgər belədirsə, onda bütün nazirlər də iştirak etməməlidir, çünki nazir olublar; deputatlar iştirak etməməlidir, çünki deputat olublar; insan hüquqları müdafiəçiləri iştirak etməməlidir, çünki ombudsman olublar və s. Bu normaldırmı? Əlbəttə ki, yox”.
R.Koçaryanın açıqlaması fonunda normal olmayan tək bir şey var ki, o da bu məxluqun hələ də danışa bilməsi, həbsxana həyatı yaşamamasıdır. Ancaq Robert durumun fərqində deyil. Çünki ona qarşı nə qədər pis münasibət olsa da, hazırda nümayiş etdirdiyi həyasızlığa tələbat var. Nəzərə alaq ki, erməni cəmiyyətinin xəstə kəsimi üçün Koçaryan kimilərinin sərsəmləmələri hava-su kimi vacibdir. O kəsim ki, Ermənistandan deyil, xaricdən, yəni Kremldən idarə olunur. Bəribaşdan deyək ki, Robertin özünün də hazırda meydanda görünməsi məhz Rusiya amili ilə bağlıdır və məsələyə qayıdacağıq.
Əlqərəz, Koçaryan yalan zəngulələrinini işə salsa da, onunla Ermənistanın üçüncü prezidenti S.Sarkisyan heç nə ilə fərqlənmir. Hər ikisi eyni bezin qırağıdır. Bu mənada birinci prezident L.Ter-Petrosyan nisbətən ayrı götürülə bilər. Amma o da erməni avantürasını dəstəkləmək baxımından quldur ikili ilə həmrəydir. Nəzər alaq ki, Levon bu avantüra naminə ən böyük dəstəyi 1997-ci ildə prezident postundan istefası və hakimiyyəti “Qarabağ klanı”na təhvil verməsi ilə göstərmişdi. Nəticədə avantüranın ömrü 20 ilə yaxın uzanmışdı. Sonda yaşananlar, həmçinin, Ermənistanın düşdüyü acınacaqlı durum isə hər kəsə yaxşı məlumdur...
Bəli, Koçaryan-Sarkisyan cütlüyü eyni komandada yer alaraq, saysız-hesabsız cinayətlər törədib, Ermənistanı dövlət kimi yox, quldursayağı üsullarla idarə edib. Onların vaxtilə prezident postunda növbələşmələrinə gəldikdə, bu, belə demək mümkünsə, Rusiya demokratizminin diktəsi olmuşdu. Yəni Kremldən Koçaryana öz yerinə sadiq adam tapmaq əmri gəlmiş, Sarkisyandan başqa cəllad tapılmamışdı. Hər şey bu qədər sadə idi. Bəs niyə indi Koçaryan özünü fərqli sayır? Nəzərə alaq ki, bu, bir tərəfdən psixoloji məqam, Robertin daxili hikkəsinin məhsuludur. Digər tərəfdən, onun yanaşmasında sırf siyasi seqment var.
Reallıq budur ki, hazırda Ermənistanda parlament seçkilərinə erkən hazırlıq ab-havası duyulsa da, müxalifətin birləşməsi nəzərə çarpmır. Durum əks cinahın iqtidar qarşısındakı zəifliyindən xəbər verir. Koçaryan da vəziyyəti görür. O, yaxşı bilir ki, “eks”lərin konsolidasiyası mümkünsüzdür. Deməli, Paşinyan iqtidarına qarşı mübarizədə onların arasından kimsə seçilməlidir. Robertin arzusu da seçilməkdir. Kim seçəcək? Əlbəttə ki, bu işi Rusiyanın müəyyən dairələri həyata keçirəcək. Hələlik isə o, özünü “təsdiqləməlidir”. Ona görə mətbuat konfransı keçirir, S.Sarkisyandan və L.Ter-Petrosyandan üstün olduğuna dair rəy formalaşdırmağa çalışır. Nikola qarşı isə bir çox mətləbləri qabardır, o cümlədən bunu: “Maraqlıdır ki, Paşinyan hakimiyyətə xalqı sevdiyi şüarı ilə gəldi, sonradan isə məlum oldu ki, o, pulu sevir. Əgər o, xalqı sevsəydi, pensiyaçıların vəziyyəti indiki kimi olmazdı”. Guya, Koçaryanın hakimiyyəti illərində Ermənistanda pensiyaçılar xoşbəxt yaşayır, yağ-bal içərisində üzürdülər. Aydındır ki, belə bir durumdan söhbət gedə bilməzdi. Əksinə, ölkə indikindən daha ağır vəziyyətdə olub. Amma necə deyərlər, utanmasan oynamağa nə var ki? Koçaryan da utanmaz-utanmaz ortaya düşür və bu zaman tam məntiqi sualla üzləşir. Sual onun siyasətdən qəti şəkildə gedəcəyi ilə bağlıdır. Aydındır ki, hakimiyyəti müddətində ayaqyoluna belə öz iradəsi ilə gedə bilməyən biri suala səmimi cavab verə bilməz. Deməli, Koçaryan ucuz populizmini işə salmalıdır və salır: “2008-ci ildə mən heç bir dövlət vəzifəsi tutmadım, hər şeyi qoyub getdim. Həyatımın ən xoşbəxt illəri 2008–2018-ci illər olub. Mən azad insan idim. Böyük bir şirkətdə çalışırdım, çox pul qazanırdım və hər şeyə görə məsuliyyət daşımırdım. Bu, 1998–2008-ci illərdə daim ağır sınaqlardan keçən və böhranlı vəziyyətlərdə məsuliyyəti üzərinə götürən bir insan üçün həqiqi zövq idi. İndi isə vəziyyət yenidən böhranlıdır və seçim qarşısındayam: məsuliyyəti üzərimə götürmək, yoxsa bundan yayınmaq. Hesab edirəm ki, ölkəni bu vəziyyətdən çıxarmaq üçün məndən daha yaxşısı yoxdur. Əgər bütün sahələr üzrə məndən daha çox təcrübəsi olan birinin adını çəksəniz, çox yaxşı”.
Sonda ümumiləşdirmə apararaq, Koçaryanın fikirlərinin təzad kulminasiyasına diqqət yetirək. Bildirdiyimiz kimi, Robert Rusiyanın onu müxalifətin vahid namizədi qismində “seçməsinə” ümid bəsləyir. Onu da dedik ki, bu məxluqun hazırkı sərsəmləmələri özünü göstərmək niyyətidir. Koçaryan ucuz populizmini işə salır, guya, xalqını düşünür, erməni cəmiyyətini böhrandan çıxarmaq qabiliyyətindədir. Amma: “Seçkilərdə iştirakımızın formatını təqdim edəndə, daha ətraflı danışarıq. Hələlik yekun qərar yoxdur. Bir az qabağa qaçdım”.
Əslində, Koçaryan qabağa qaçmadı, obrazlı desək, balaca uşaq kimi altını batırdı. Necə ola bilər ki, bir insan, daha doğrusu, siyasətçi həm özünü ölkəni düşdüyü durumdan çıxardacaq ən layiqli şəxs saysın, həm də desin ki, hələ yekun qərar yoxdur? Bundan böyük anormallıq ağla gəlmir. Görəsən, Koçaryan yekun qərar üçün kimi, nəyi gözləyir? Cavabı diqqətə çatdırdıq...
Ə.CAHANGİROĞLU
XQ

