Azərbaycan Universitetində ali təhsilin gələcəyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

post-img

Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı iki günlük beynəlxalq konfrans işə başlayıb.

XQ xəbər verir ki, tədbirin əsas məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə və əmək bazarının müasir tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi aparmaqdır. Konfransda 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspertlər iştirak edir.

Tədbirdən əvvəl universitet rəhbərliyi və qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoyublar.

Beynəlxalq konfransın açılışında çıxış edən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ölkəmizdə ali təhsilin inkişafının Ümummilli Lider Heydər Əliyevin strateji xəttinə əsaslandığını və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Rektor, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil və sosial sahələrə göstərdiyi diqqətin insan kapitalının inkişafındakı rolunu xüsusi qeyd edib.

Səadət Əliyeva müasir dövrdə ali təhsilin qlobal transformasiya mərhələsindən keçdiyini bildirərək, universitetlərin yalnız bilik ötürən deyil, həm də innovasiya yaradan dinamik ekosistemlərə çevrilməli olduğunu diqqətə çatdırıb. Həmçinin, Azərbaycan Universitetinin bu il 35 illik yubileyini qeyd etdiyini xatırladan rektor, qazanılan təcrübənin gələcək inkişaf üçün mühüm zəmin yaratdığını bildirib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış edərək, süni intellektin təhsilə inteqrasiyası, rəqəmsallaşma və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi kimi aktual çağırışlardan bəhs ediblər.

Açılış mərasiminin ardından konfrans plenar sessiyalarla davam edib. Türkiyənin TED Universitetinin professoru Kürşat Çağıltay süni intellektin ali təhsildəki rolu, Böyük Britaniyanın Middlesex Universitetinin professoru Paul Gibbs isə akademik fəaliyyət və tədqiqatın gələcəyi mövzusunda məruzələrlə çıxış ediblər.

Bölmə iclaslarında süni intellektin imkanları, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlıq və keyfiyyət təminatı üzrə elmi tədqiqatların nəticələri müzakirə olunur. Beynəlxalq konfrans öz işini bu gün yekunlaşdıracaq.





Təhsil