Paşinyan iqtidarının səhvi nə(lər)dədir?
Ermənistanda siyasi proseslərin artan dinamika üzrə inkişafı fonunda ölkədəki bir sıra müşahidəçilərin durumun təhlilinə yönələn dəyərləndirmələri diqqətdən yayınmır. Əlbəttə, hay ekspert cəmiyyətinin böyük hissəsini proqressiv saymaq mümkünsüzdür. Çünki bu kəsim xaricin direktivləri əsasında hərəkət edir və əsasən erməni iqtidarına müxalif baxışları yayır. Ancaq nisbətən orta xətt götürən və müəyyən mənada, cəmiyyətin baxışları kontekstində fikir bildirənlər də tapılır. “Verelq” İnformasiya Mərkəzinə müsahibəsindəki fikirlərinə nəzərən politoloq David Arutyunovu da belələrindən saymaq mümkündür.
Arutyunovun bildirdikləri həm də ona görə əhəmiyyətlidir ki, o, nəinki reallığın şərtlərini, habelə, Paşinyan iqtidarının hazırkı sülh narrativinə gedən yolundakı səhvləri vurğulayır. Hərçənd, ekspertin “Ermənistana Azərbaycanın və Türkiyənin təzyiqi” ritorikasını məqbul saymırıq. Ona görə ki, mövcud ritorika qıcıqlandırıcı ovqat formalaşdırır və bu, barış mühitinə ziddir. Digər tərəfdən isə David Arutyunovu, bir növ, özü-özünü inkar yolu tutur. Axı o, böyük ölçüdə, reallıqla hesablaşılmasını təlqin edir. Edirsə...
– Ermənistanın rəsmi ritorikasının sülh və ümumilikdə Qarabağ məsələsi ilə bağlı hazırkı transformasiyasını necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, praqmatik diplomatik kompromis axtarışı ilə Bakı və Ankaranın siyasi tezislərinin faktiki mənimsənilməsi arasındakı sərhəd haradan keçir?
– Son 5 ilin hadisələrindən sonra Qarabağ məsələsinə yanaşmaların, eləcə də Ermənistanın yaxın tarixində bəzi hadisələrin şərhinin, müəyyən formada, yenidən nəzərdən keçirilməsi qaçılmaz idi. Prosesə həm kənar təzyiqlər, həm də Ermənistanın daxili gündəliyinə aid amillər təsir göstərir. Keçmiş ritorika və yanaşmaların saxlanılması, böyük ölçüdə, münaqişənin davam kursu demək olardı ki, bunun üçün Ermənistanın real şərtləri və imkanları yoxdur.
Eyni zamanda, Ermənistan hakimiyyəti münasibətlərin soyuması bahasına olsa belə, bu mövzuda güzəştlərin sərhədlərini müəyyən etməyə çalışmır. Belə “qırmızı xətlərin” olmaması Ermənistanın daxili gündəliyinə daha çox müdaxiləyə səbəb ola bilər (politoloqun dedikləri bir daha göstərir ki, erməni iqtidarının əvvəldən sülhə və barışa yönələn strategiyası olmayıb – red.).
– Bir çoxları rəsmi İrəvanın mövqelərinin qonşu ölkələrin narrativlərinə yaxınlaşmasının Ermənistan daxilində birmənalı qarşılanmadığını qeyd edir. Sizin fikrinizcə, bu amil yaxın gələcəkdə daxili siyasi sabitliyə və cəmiyyətin konsolidasiyasına necə təsir göstərəcək?
– Yeni baxışın Ermənistan daxilində mənfi təsirini gücləndirən və hətta obyektiv qaçılmaz olduğu hallarda belə, prosesi nüfuzdan salan bir sıra amillər var. İlk növbədə, hakimiyyətin bu kursunun konjunktural xarakter daşıması aydındır – yəni söhbət ardıcıl və aydın strategiyadan yox, xarici təzyiq altında atılan situativ addımlardan gedir. Daha sonra rəsmi narrativlərdə dəyişikliklər vasitəsilə keçmişdə buraxılmış səhvləri geriyə dönüş şəklində ağartmaq və əsaslandırmaq cəhdi müşahidə olunur.
Nəhayət, bu proses cəmiyyətlə dialoq olmadan həyata keçirilir və daxili siyasi proseslərlə sıx bağlıdır. Çox vaxt proses daxili proseslərə tabe edilir ki, bu da əlavə gərginlik yaradır. Məncə, nəzəri olaraq, bu güzəştlərin daha incə şəkildə həyata keçirilməsi mümkün idi – həm Bakının müəyyən tələblərini qarşılamaq, həm də Ermənistan cəmiyyətinin bəzi təbəqələrinə daha həssas yanaşmaq və ölkədə yaxın keçmişin hadisələri ilə bağlı real, konjonktural olmayan ictimai müzakirə başlatmaq olardı.
– Əgər mövcud hökumətin siyasi kursu seçkilərdə etimad mandatı alarsa, təşviq edilən sülh gündəliyi kontekstində ənənəvi erməni milli konsepsiyalarını uzunmüddətli perspektivdə hansı dəyişikliklər gözləyə bilər?
– Aydındır ki, mövcud kurs bu və ya digər formada davam edəcək. Lakin onun konkret təzahürlərini proqnozlaşdırmaq çətindir. Çünki burada əsas amil xarici tələblərdir və əvvəlki təcrübə göstərir ki, bu tələblər dəyişə və genişləndirilə bilər. Xüsusən də İrəvanın bu məsələdə “qırmızı xətlər” müəyyənləşdirmək cəhdinin olmaması fonunda. Eyni zamanda, hakimiyyətin sosial siyasətinin xüsusiyyətlərinə görə, mövqelərinin zəifləməsi bu məsələdə müəyyən məhdudlaşdırıcı rol da oynaya bilər.
– Yeni dövlət xarici siyasət xəttinin formalaşdığı şəraitdə müzakirə azadlığı məsələsi də gündəmə gəlir. Sizin proqnozlarınıza görə, hakimiyyətlə müxalifət və bu kursu konseptual olaraq paylaşmayan vətəndaş cəmiyyətinin bir hissəsi arasında münasibətlər necə qurulacaq?
– Bu sualın cavabı böyük ölçüdə seçkilərin nəticələrindən asılı olacaq. Əgər hazırkı hakimiyyət inandırıcı qələbə qazanarsa, müxalifətə qarşı təzyiq kursunun davam ehtimalı yüksəkdir. Bununla belə, fərqli düşüncənin tamamilə boğulması ilə bağlı qiymətləndirmələr də şübhəlidir. Yəqin ki, biz sadəcə olaraq, əvvəlki hakimiyyət dövründə formalaşmış və hazırkı baş nazir tərəfindən müəyyən qədər dəyişdirilmiş avtoritar sistemin inkişafını görəcəyik.
Hakim partiyanın zəif nəticə göstərməsi isə müxalifətə təzyiqin azalmasına gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, hakimiyyətin müxalifətə qarşı addımlarında əsas motiv hakimiyyəti qorumaqdır, yeni ideoloji yanaşmalar isə hələlik ikinci plandadır.
– Real siyasət baxımından gərginliyin qarşısını almaq üçün qonşu ölkələrin terminologiyasına uyğunlaşma nə dərəcədə effektiv alətdir? Ən azı, bir çoxları vəziyyəti belə görür. Bu strategiya uzunmüddətli perspektivdə Ermənistanın xarici siyasət subyektliyinə necə təsir göstərə bilər?
– 2020–2023-cü illərdəki məğlubiyyətlər silsiləsindən sonra müəyyən güzəştlər və Ermənistanın subyektliyinin zəifləməsi, müəyyən mənada, qaçılmaz idi. “Güzəştlər müqabilində sülh” strategiyasının da mövcudluq hüququ var. Lakin Ermənistan hakimiyyətinin addımları daha çox strateji yanaşmanın olmaması baxımından suallar doğurur. Bu güzəştlərin sərhədləri aydın deyil, həmçinin görünür ki, ümumilikdə, kurs daha çox qarşı tərəfin xoş niyyətinə və sülh istəklərinə inama əsaslanır, nəinki real faktorlara. Bütün bunlar isə təhlükəsizlik sahəsində vəziyyətin sabitliyi və Ermənistanın suverenliyinin daha da məhdudlaşdırılması ehtimalı ilə bağlı narahatlıqlar yaradır.
Tərcümə etdi:
Ə.RÜSTƏMOV
XQ

