1941-də çəkilmiş “Səbuhi” filmindən sonra müharibə məhdudiyyətləri səbəbindən Azərbaycan kinematoqrafiyasında müəyyən durğunluq müşahidə edilib. Bununla belə, Bakı kinostudiyasının heç də “əliboş” qalmadığı qeyd olunmalıdır.
Əslində, o zaman, təbii olaraq, hamının başı davaya qarışmışdı, onun necə bitəcəyi hələ məlum deyildi. Bir də ki, hər hansı müharibənin ədəbiyyatda, incəsənətdə layiqincə əks etdirilməsi üçün yaradıcılıq prosesi müəyyən vaxt tələb edir. Azərbaycanda da bu mövzuda dəyərli ekran əsərləri sonrakı onilliklərdə ərsəyə gəlib. Müharibə dövründə isə çoxlu sənədli-xronikal kinolentlər çəkilib.
Davanın “isti-isti” ekranlaşdırılmasına gəlincə, müharibə dövründə igid döyüşçülər Kamal Qasımova və Bəxtiyar Kərimova həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941, 1942, rejissor A.Quliyev) savaş kinonovellaları çəkildi. Arxa cəbhə barədə isə qısametrajli “Sovqat” (1942, rejissorlar H.Seyidzadə və Niyazi Bədəlov), vahid süjet xətti ilə bağlı 3 novelladan ibarət “Bir ailə” (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov) filmləri ərsəyə gəldi. “Sualtı qayıq T-9” (1943, rejissor A.İvanov) bədii filmi isə müharibə zamanı dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuşdu.
Bioqrafik xarakterli “Vətən oğlu” qısametrajli bədii filminin bu il 85 yaşı tamam olur. Müharibə qəhrəmanı Kamal Qasımovun cəbhədə göstərdiyi hünərdən bəhs edən 23 dəqiqəlik bu kinolentin arxivdə yarıdan da az hissəsi – cəmi 9 dəqiqəlik fraqmentləri qalıb. Filmin baş qəhrəmanı Kamal Qasımov İsmayıllı rayonunun Basqal kəndinin yetirməsi idi. O, müddətli hərbi xidmətini yenicə başa vursa da, müharibə başlanan kimi cəbhəyə yollanıb və qanı, canı ilə qəhrəmanlıq dastanı yazıb.
Əməkdar incəsənət xadimi Ağarza Quliyevin quruluş verdiyi “Vətən oğlu” filminin ssenari müəllifi Əbdürrəhman Minski, quruluşçu operatoru müharibə zamanı dəfələrlə kinokamerası ilə cəbhəyə gedərək nadir kadrlar çəkmiş Muxtar Dadaşovdur. Baş rollarda İsmayıl Əfəndiyev, Əli Qurbanov, Əzizə Məmmədova, Əlisəttar Məlikov və Aleksandr Popov oynayıblar.
Filmin ilk kadrları cəbhədə olan oğlundan məktub gözləyən və əsgərlər üçün paltar bağlaması hazırlayan ananın həyəcanları ilə başlayır. Fraqmentlərdə arxa cəbhədəki insanların qəhrəmanın ailəsinə göstərdiyi maddi və mənəvi dayaq da əks olunub. Film müharibə illərinin faciəli, çətin günlərini, gözü yolda qalan anaların intizarını, bir ailənin timsalında evlərdə yaşanan nigarançılığı qabarıq göstərir.
Sonrakı kadrlarda həsrət çəkən ananın oğlu ön cəbhədə kəşfiyyat dəstəsinin siyasi rəhbəri vəzifəsində hünər göstərir. Aktyor İsmayıl Əfəndiyevin obrazını canlandırdığı Kamal Qasımov bir neçə döyüşçü ilə birgə cəbhə xəttində – Moldova ərazisində, Prut çayının üzərindəki strateji əhəmiyyətli 2 körpünü partladır və düşmənin sahilə çıxmasını xeyli ləngidir. Ona almanların tank diviziyasının qarşısını almaq üçün 3-cü körpünü də sıradan çıxarmaq barədə növbəti əmr verilir.
Qasımov öz dəstəsi ilə düşmənin arxasına keçir və körpünün “sayıq” keşikçilərini bir-bir zərərsizləşdirir. Amma duyuq düşən alman komandanlığı ora əlavə qüvvə yeridərək avtomat və pulemyotları işə salır. Ardınca əlbəyaxa döyüşdə qorxmaz zabit soydaşımız qəhrəmancasına həlak olsa da, körpünü partlatması ilə Rumıniya ərazisindən düşmənin bu üzə keçməsinə əsl maneə yarada bilir. Moldova şairi Yemillian Bukov ona şeir həsr edib.
Onu da qeyd edək ki, “Vətən oğlu” keçmiş İttifaq miqyasında müharibənin ilk aylarında döyüşçünün şəxsi igidliyinin ekranlaşdırıldığı ilk filmdir. Bakı kinostudiyasında eyni zamanda, “Azərbaycan coğrafiyası” (rejissorlar Mikayıl Mikayılov və İvan Tartakovski), “Beş dəqiqəlik konsert” (rejissor Vladimir Yeremeyev), “Bir May Bakısı” (rejissor Əbdül Həsənov) və “Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır” adlı qısametrajlı sənədli filmlər də istehsal edilib.
Ə.DOSTƏLİ
XQ

