Dəyişən dünya nizamında Azərbaycanın tutduğu mövqe birbaşa Cənubi Qafqazın maraqlarını ifadə edən və hədəfləri müəyyənləşdirən amil kimi ön plana çıxır. Baş verənlər göstərir ki, ölkəmiz birtərəfli qaydada yox, regional həmrəylik şəraitində daha da uğurlu olmağı məqsəd kimi qarşıya qoyub.
Əlbəttə, mövzu heç də təsadüfi deyil. Çünki qonşu Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına Prezident İlham Əliyevin videobağlantı formatında qatılması, iki ölkə arasındakı iqtisadi məsələlər ilə bağlı verdiyi açıqlamalar, bütün Avropaya Azərbaycanın əməkdaşlıq məkanı olması mesajını verdi. Ölkə başçısı bildirdi ki, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb: “Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.
Ümumiyyətlə, ölkəmizin 1990-cı illərin əvvəllərindən bəri tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması Cənubi Qafqazın geoiqtisadi mənzərəsini kökündən dəyişir. Bu kontekstdə Ermənistana enerji ixracının başlaması regionun “iqtisadi sülh” modelinə keçidinin ən mühüm göstəricisidir. İlk olaraq, enerji ixracı məsələsi Ermənistanın onilliklər boyu davam edən enerji izolyasiyasını qıraraq, onu regionun ümumi iqtisadi mühitinə inteqrasiya edir. Bu, xarici investorlar üçün regionun təhlükəsizlik mühiti baxımından önəmlidir və Cənubi Qafqazı münaqişə zonasından qlobal bir mərkəzə çevirir.
İki ölkə arasındakı iqtisadi münasibətlərin əvvəlki dövrü də vurğulanmalıdır. Tarixə nəzər saldıqda SSRİ dövründə qarşılıqlı mal dövriyyəsinin mövcud olduğu görünür. Bununla belə, həmin mərhələdə əlaqələr klassik bazar prinsiplərinə əsaslanan ixrac–idxal münasibətləri kimi formalaşmamışdı. Bu proses mərkəzləşdirilmiş planlı iqtisadi sistem çərçivəsində tənzimlənirdi və vahid ittifaq mexanizminin tərkib hissəsi idi.
Azərbaycan SSR bu struktur daxilində daha çox enerji və xammal təminatçısı rolunu yerinə yetirirdi. Dövrün rəsmi statistik göstəriciləri və sənaye hesabatları sübut edir ki, respublikadan ümumi ittifaq dövriyyəsinə, o cümlədən Ermənistan istiqamətinə neft və neft məhsulları, neft-kimya sənayesi üçün xammal, eləcə də pambıq və tütün kimi kənd təsərrüfatı məhsulları göndərilirdi.
Paralel olaraq, Ermənistan SSR-dən Azərbaycana müxtəlif sahələr üzrə sənaye məhsulları daxil olurdu. Bu sıraya elektronika və cihazqayırma məhsulları, ölçü və texniki avadanlıqlar, kimya və rezin sənayesi malları, yüngül sənaye məhsulları kimi tekstil və ayaqqabı nümunələri daxil idi. Bundan əlavə, Ermənistanın ənənəvi istehsal sahələrini təmsil edən konyak, konservləşdirilmiş ərzaq məhsulları, həmçinin tikinti sektorunda istifadə olunan tuf və sement kimi materiallar da Azərbaycan bazarında yer tuturdu.
İndi isə iki ölkə arasında iqtisadi əlaqələrin yenidən qurulması sülh gündəliyinin mühüm tərkib hissəsi kimi çıxış edir. İqtisadi əməkdaşlıq gələcəkdə daha geniş miqyas ala bilər. Həmçinin enerji tranziti məsələsi Ermənistan daxilində də hərəkətliliyə yol açır. Təsadüfi deyil ki, sözügedən ölkənin baş naziri Nikol Paşinyan hələ bir müddət əvvəl verdiyi açıqlamada demişdi ki, Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər.
Məhdudiyyətlərin qalxması Azərbaycanın regiondakı logistik üstünlüyünü də təsdiqləyir. Bu, Ermənistanın çıxılmaz vəziyyətdən xilas olaraq regional layihələrdə pay sahibinə çevrilməsi deməkdir ki, bu da birbaşa regionun sosial-iqtisadi dirçəlişinə xidmət edir. Ölkə başçımızın öz nitqində vurğuladığı digər məqam da məhz bununla bağlı idi: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək...”.
Şübhəsiz, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və ümumilikdə regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı qərarların geniş şəkildə icrası strateji əhəmiyyət daşıyır. Region üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması, bütövlükdə, Cənubi Qafqaz ölkələri üçün yeni iqtisadi imkanlar deməkdir. Nəqliyyat xərclərinin azalması əlavə gəlir mənbələrinin yaranmasına şərait yaradacaq ki, bu da həm iqtisadi inkişafın sürətlənməsi, həm də dayanıqlı sülhün iqtisadi əsaslarının güclənməsi baxımından mühüm rol oynayacaq.
Bu perspektiv onu deməyə əsas verir ki, iqtisadi münasibətlər tam şəkildə normallaşdıqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 300 milyon dollar səviyyəsində formalaşa bilər. Buraya birbaşa idxal və ixrac əməliyyatlarının müxtəlif istiqamətləri daxildir və bu, əməkdaşlığın kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 faizini təşkil edib. Digər tərəfdən, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub. “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Nurlan ABDALOV
XQ

