bp-nin qədim irsimizə töhfəsi

post-img

bp şirkəti Azərbaycan xalçaçılıq sənətinə dair 3 kitabdan ibarət nəşrlər toplusunu ictimaiyyətə təqdim edib. Layihə şirkətin ölkəmizin zəngin mədəni irsinin qorunmasına uzunmüddətli dəstəyinin bir hissəsidir.

Azərbaycan Milli Xalça Muzeyində təqdimatı keçirilən yeni nəşrlərdə tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Azərbaycan xalçaçılıq sənətinin çoxəsrlik inkişaf yollarının, nadir xüsusiyyətlərinin və üslublarının əsaslı elmi təhlili və tədqiqatlarından bəhs olunur.

Layihə çərçivəsində nəşr olunmuş birinci kitab “Təbriz xalıları (Orta əsrlər)” adlanır. Təbriz xalçaçılıq məktəbinin yaranma və formalaşma mərhələləri təhlil olunduğu bu nəşrdə sözügedən məktəbin özünəməxsus “çiçək üslubu” və kompozisiya xüsusiyyətləri, eləcə də onun bir neçə əsr boyunca Yaxın və Orta Şərq xalça məktəblərinin formalaşmasına göstərdiyi təsir araşdırılır.

“Azərbaycanın xovsuz xalçaları” kitabı xalqımızın ən qədim xalq sənəti növlərindən biri olan xovsuz xalça sənətinin yaranması və inkişafına həsr olunub. Nəşrdə xovsuz xalça sənətinin əsas istiqamətləri, texnikaları və bölgələr üzrə xarakterik xüsusiyyətləri təqdim olunur. Bu ənənələrin əsrlər boyu köçəri xalqlar və kənd xalça ustaları tərəfindən geniş istifadə olunduğu vurğulanır.

“Qarabağ xalçaları” kitabında isə Qarabağ xalçaçılıq məktəbinin formalaşması və onun dörd əsas bədii istiqaməti araşdırılır. Nəşrdə ayrı-ayrı kompozisiyaların yaranma tarixi, eləcə də Ağdam, Bərdə, Laçın və Şuşanın əsas xalçaçılıq mərkəzlərində şəhər və saray xalçaları kimi iki fərqli istiqamətin yaranma şəraiti tədqiq olunur. Bununla yanaşı, kitabda dünyanın aparıcı muzeylərində qorunan nadir xalça nümunələri təqdim və təhlil edilir. Nəşrdə, həmçinin Qarabağa məxsus süjetli xalça sənətinə dair ilk elmi tədqiqat da yer alıb.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Xalçaçılıq sənəti Azərbaycanın milli mədəniyyətini və milli mənsubiyyətini ifadə edən ən güclü sənət növlərindən biridir. Əsrlər boyu xalçalar Azərbaycanın tarixini, ənənələrini, milli dəyərlərini və mənəvi irsini özündə əks etdirib. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp həmişə ölkənin mədəni irsinin qorunmasına və təbliğinə yönəlmiş təşəbbüsləri dəstəkləyib. İnanırıq ki, bu fundamental tədqiqat əsərləri Azərbaycanın unikal mədəni irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək”.

Qeyd edək ki, yeni nəşrlər həm sənətşünaslar, həm də Azərbaycan xalça sənətinin yaranması və çoxəsrlik inkişaf tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

bp-nin dəstəyi ilə həyata keçirilmiş geniş mədəni irs proqramının yekun hissəsi olan layihə yeni xalçaçılıq nəşrləri ilə yanaşı, Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında bir kitab və tanınmış kino tədqiqatçısı Aydın Kazımzadənin müəllifi olduğu Azərbaycanın milli kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş 4 cildlik elmi araşdırma nəşrləri daxildir.

8 kitabın hazırlanması və nəşri də daxil olmaqla ümumi dəyəri 308 min 498 manat (təxminən 181 min 470 ABŞ dolları) təşkil edən layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən həyata keçirilib.

XQ



Mədəniyyət