Söz sərrafı, məna xiridarı

post-img

Həyatdan vaxtsız getmiş istedadlı jurnalist Adil Qaçayoğlunun xatirəsinə

Bayaqdan yazıb-pozuram. Nə cümlələr bir-birinə uyuşur, nə də ürəyimdə olan isti, həlim fikirlər telefonun klaviaturasına olduğu kimi axır. Yazdıqlarım elə quru, soyuq, ruhsuz alınır ki, özüm özümdən utanıram. Deməli, ürəyimlə barmaqlarım arasındakı məsafə mənim bilib-gördüyümdən çox uzaqdı və o sözlər sanki içimdən gəlməyib.

Ürəkdən gəlməyən söz isə ürəkləri incidir. Buna görə Məşədi İbad qəzetçi Rzaya deyirdi ki, elə yaz ki, xəlq oxuyub zad eləsin. Bax, çətini elə xalqın, oxucunun istədiyi kimi yazmaqdı. Bunu da hər kəs bacarmır (çünki yaxşı yazmaq sonu görünməyən qarlı bir çölü keçib getmək qədər ağır, üzücüdü. Yaxşı yazmaq böyük meşədə ağac və kolları saymaq qədər çətindi. Bu, təkcə bilikli olmaqla bağlı iş deyil, lazım gələndə buna saatlar sərf etməlisən, yuxusuz qalmalısan, istirahətdən vaz keçməlisən...). Adil bacarırdı. Buna görə də onun yazdıqlarına pozu yox idi. Özü də elə yazırdı ki, bir cümləsini belə redaktə etmək, söylədiyi hər hansı fikirlə razılaşmamaq olmurdu. O, hər sahədən, hər bir mövzudan oxunaqlı, yaddaqalan yazırdı. Adil Qaçayoğlu (Atakişiyev) imzasının populyar olmasına səbəb bu idi. O, oxucuların, xüsusilə futbolsevərlərin sevimli yazarı, şərhçisi idi.

Adil çağdaş jurnalistikamızın seçilən və sevilən simalarından sayılırdı. Çünki yaxşı yazmaqla yanaşı, yaxşı qəzetçi, təcrübəli redaktor idi. O, yanaşı çalışdığı gənc jurnalistlərə heç vaxt "elə yazın, belə yazın" deməzdi. Sadəcə, özü elə yazırdı ki, o, məqalə, araşdırma yazısı həm aktuallığına, həm dilinə, hətta sərlövhəsinə görə oxuyanın ürəyindən, təbiri-caizsə, “tikan” çıxarırdı. Və həmin gün qəzetçi dostlarımız Adilin gündəm olan yazısından danışırdı...

Orta boyu, gülümsər çöhrəsi vardı. Hamı ilə mehriban idi. Ağdamda anadan olmuşdu, orta məktəbi yarıya qədər orada oxumuşdu. Amma atası iş yerini dəyişdiyi üçün sonralar Balakənə köçmüşdülər. Adilin həssas ürəyi vardı. Məncə, artıq indi açıqlamaq olar ki, o, qızlarımızdan birini sevirdi. Qız da gözəl idi, haa! (Əslində, qızlarımızın hamısı biri-birindən gözəl idi). Tələbə yoldaşlarımızdan neçəsi, gizli də olsa, o qızı sevirdi. Lakin heç kəs Adilə görə bu istəyi dilə gətirmirdi. Oğlanlı-qızlı çoxumuz istəyirdik ki, bu məhəbbət qarşılıqlı olsun, bu sevgi yetim qalmasın. Amma o, şəhərli qız inadından dönmədi. Bu, məncə, Adilin həyatda aldığı ilk zərbə idi. Əlavə edim ki, o vaxtlar şair Əli Kərimin bu misraları dilimizin əzbər idi: “...Sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi?” Sevgidən çox danışmasa da, hiss edirdik ki, ürəyindəki məhəbbət ocağı hələ də onu qovurur. Xoş halına sevgidən yarıyanların, məhəbbəti çiçəkləyənlərin!

Universiteti bitirəndən sonra Adil öz istəyi ilə Balakənə getdi. Bir neçə il “Şən həyat” rayon qəzetində şöbə müdiri işlədi. Sonra Bakıya döndü və o dövrün ən çox oxunan “Azərbaycan gəncləri” qəzetində çalışdı, gözəl yazıları ilə özünü çağdaş mediamızın istedadlı nümayəndələrindən biri olduğunu sübutladı. Sonralar o, “Ülfət” və “525-ci qəzet”də, “Yeni Musavat”da işlədi. O, futbola dair silsilə yazıları ilə ən yaxşı idman jurnalisti adını da təsdiqlədi. Xüsusilə dünya futbol çempionatı oyunlarına aid yazıları mətbuatımızda ən gözəl, məntiqli şərhlər kimi qəbul edildi.

Adillə eyni mikrorayonda yaşayırdıq. Tez-tez görüşür, uşaqlarımızı gəzməyə çıxarır, qayğılarımızı bölüşürdük. Bir axşamçağı zəng elədi. Dedi ki, çıx görüşək. Sən demə, dünən öz istəyimlə işdən ayrıldığımı eşidibmiş. Dedi, neynəmək fikrindəsən? Bildirdim ki, mətbuatdan uzaqlaşmaq (bizim nəsildən olan jurnalistlərin çoxu beləydi, elə ki, redaksiyanın atmosferi xoşlarına gəlmirdi, yaxud əməkhaqqı qane etmirdi oradan uzaqlaşırdılar) istəyirəm, sənədlərimi də Əmlak Komitəsinə vermişəm...

Amma o, istəyim baş tutmadı və mən bir müddət işsiz qaldım. Bir gün yenə o, zəng elədi və dedi ki, Araz səninlə görüşmək istəyir. Onda Araz Zeynalov bir neçə ay idi ki, “Ekskluziv” xəbər agentliyindən “Panorama”ya baş redaktor getmişdi. Adil də orada redaktor idi. Getdim. Gördüm Arazla Adil oturub söhbət edirlər (indi onlar haqq dünyadadırlar. Allah hər iki dostumuza rəhmət eləsin, məkanları nurla dolsun...). Araz dedi ki, “Eksklüziv”ə redaktor lazımdı, biz sənin namizədliyini vermişik. Dedim, sağ olun, ancaq mən rus dilini pis bilirəm, ingilis dilində də “may fəmli”dən başqa heç nə bilmirəm. Hər ikisi güldü və boynuma qoydular ki, bilirik sən bacaracaqsan. Orada yaxşı tərcüməçilər də var...

İşləməli oldum. Arabir Araz deyirdi ki, bəs deyirdin bacarmaram...

Bir neçə il sonra Adil işdən çıxmışdı. Mən də artıq başqa media qurumunda işləyirdim. Bizim “Çempion” adlı idman qəzetimiz vardı. Baş redaktor Ürfan bəyə dedim ki, Adil işləmir. O, sevinən kimi oldu və bildirdi ki, de, sabahdan gəlib redaktor müavini kimi işə başlasın. Mən də sevindim və Adilə zəng vurdum. Dedi, ki, sağ ol, fikirləşərəm. Üç gün sonra ona təkrar zəng vurdum. Nə desə yaxşıdı? Dedi ki, Səməd, bilirəm sizdə möhkəm intizam var. Mən isə işə tez-tez gecikirəm. İstəmirəm mənə görə sənə söz gəlsin. Nə illah elədim, “yox” dedi...

O, belə insan idi.

Ağdamın işğalı Adilə çox pis təsir etmişdi. Bu barədə xeyli yazısı var. Elə ki, söhbət Qarabağdan düşürdü Adilin halı dəyişirdi. Elə yana-yana danışırdı ki, biz də göynəyirdik. Onun bu mövzuda yazılarından biri “Bir səs məni Ağdama aparmışdı...” adlanır. Mən o yazını “Bizim alın yazımız” kitabına verəndə dönə-dönə oxuyub, körəldim. Adilin həmin kitabdakı “Bizi bağışla, Rəşid, bağışla!” sərlövhəli yazısı da çox təsirlidi.

O, belə yazar idi!

Xatırladım ki, Adil Qarabağ mövzusunda silsilə yazılarına görə 2008-ci ildə “Media açarı” xüsusu mükafatına layiq görülüb. Təəssüf ki, o, həmin il, mayın 4-də aramızdan getmişdi. Vəfatından sonra qələm dostlarının köməyilə “Ağdam yuxuma girir” kitabı işıq üzü gördü.

Biz tələbə dostları Adili heç vaxt unutmadıq. Dost, yoldaş var sən axtarmasan, soraqlamasan səsi gəlməz, heç sən də onun üçün o qədər darıxmazsan. Eləsi də var aldığımız nəfəs kimidi – səsini eşitməyəndə, tez-tez yanaşı addımlamayanda, dərdləşməyəndə darıxırsan, gözün yolunda qalır. Adil belələrindən idi. O, sözü-söhbəti, yoldaşlığı və xatirələrilə hər zaman bizimlədir!

Ruhun şad olsun, Adil.

Səməd MƏLİKZADƏ

Sosial həyat