Ölkəmizdə inklüziv təhsilin təcrübəsi və hədəfləri
Tanrı öz bəndələrini eyni yaratmır, səs, görkəm, fikir və düşüncələrinə görə bir-birindən seçilən insanların ömür yolu, yaşam tərzi də fərqli olur. Kimi həyatın gözəlliklərindən zövq alaraq sağlam ömür sürür, kimi də əksinə. Cəmiyyətdə də belə insanlara münasibət fərqlidir: bəziləri laqeydlik edir, bəziləri isə şəfqət, mərhəmət göstərir, dərdinə şərik olub könlünü ovudur, bir anlıq da olsa, hər şeyi unutdurmağa çalışır.
Artıq dünyada belə bir fikir formalaşıb: o dövlət güclüdür ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarına qayğı və hörmətlə yanaşır, оnlara daha çox diqqət və qayğı göstərir. Müstəqil respublikamızda da sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər problemləri kimi ümumi təhsili və məşğulluğu da dövlətin nəzarətindədir. Belə ki, ölkəmizdə inklüziv təhsil sahəsində müvafiq qanunvericilik bazası yaradılıb, müxtəlif təyinatlı qərarlar qəbul olunub. Davamlı layihələr, proqramlar həyata keçirilir.
“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində məktəblərdə inklüziv siniflərin yaradılması kütləvi hal alıb. Artıq ölkəmizdə inklüziv təhsil tətbiq edilən məktəblərin sayı 91-ə çatdırılıb.
Əqli geriliyi və psixi inkişafda ləngiməsi olan uşaqların ümumtəhsil məktəblərinə uyğunlaşdırılması qlobal təhsil gündəminin əsas istiqamətidir. “StatRanker 2025/2026” və “EASNIE” hesabatlarında göstərilir ki, bəzi ölkələr bu sahədə 90 faizdən yuxarı nəticə ilə liderlik edir. Bu uğurun arxasında hər bir dövlətin özünəməxsus yanaşma metodları və tətbiq etdiyi xüsusi dəstək mexanizmləri dayanır.
İtaliya bu sahədə 99,6 faizlik göstərici ilə dünya üzrə inklüziv təhsilin “qızıl standart”ı hesab olunur. Burada “dəstək müəllimi” (insegnante di sostegno) xüsusi qayğıya ehtiyacı olan uşaqların sinif mühitinə uyğunlaşmasına, dərs proqramını mənimsəməsinə və sosial inteqrasiyasına cavabdehlik daşıyır.
Fransa son illərdə “hər kəs üçün məktəb” siyasəti ilə sağlamlıq imkanları məhdud uşaqların 80 faizindən çoxunu ümumi təhsilə yönəldib. Xüsusilə autizmli uşaqlar üçün yaradılan “inklüziv model məktəblər” şəbəkəsi statistikanı əhəmiyyətli dərəcədə yüksəldib.
Finlandiyada isə kəmiyyətdən daha çox keyfiyyətə və fərdi yanaşmaya üstünlük verilir. Burada tətbiq edilən “çoxpilləli dəstək sistemi” sayəsində əqli geriliyi olan uşaqlar yaşıdlarından təcrid olunmadan, ümumi sinif daxilində differensial təhsilə cəlb edilirlər.
Braziliya və bəzi Latın Amerikası ölkələrində 2025-2026-cı illərdə qəbul edilən yeni qanunvericilik aktları ilə autizm və əqli gerilik “psixi pozuntu” deyil, “neyro-inkişaf fərqliliyi” kimi qəbul olunur. Belə yanaşma uşaqların tibbi müəssisələrdən daha çox təhsil mühitinə inteqrasiyasını sürətləndirir.
Lüksemburq bu sahədə Avropanın qabaqcıl ölkələrindəndir. Məktəblərdə müəllimlər dərs prosesini uşaqların ehtiyaclarına uyğunlaşdırır, onlara fərdi qaydada yanaşırlar. Burada xüsusi mərkəzlərdə təhsil alan şagirdlərin sayı 1 faizdən azdır.
Ötən il keçirilən Qlobal Əlillik Sammitində (GDS) qəbul edilən “Amman-Berlin Bəyannaməsi”nə əsasən dövlətlər inklüziv təhsil üçün büdcə ayırmalarını artırmağı və təhsil sisteminin hesabatlığını təmin etməyi öhdələrinə götürüblər. Ümumi tendensiya göstərir ki, əsas hədəf hər bir şagird üçün bərabər təhsil imkanları yaratmaq, əqli geriliyi olan və inkişafdan geri qalan uşaqların cəmiyyətdən təcrid olunmasının qarşısını almaqdır.
Bütün bunlardan çıxış edərək bu sahədə beynəlxalq təcrübənin milli təhsil sistemimizdə necə tətbiq olunduğunu öyrənmək məqsədilə yolumuzu şəhərimizdəki 202 və 220 saylı orta məktəblərdən saldıq.
Alı Mustafayev adına 202 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Gülüstan Vəliyeva bildirdi:
– 2016-cı ildən məktəbdə inklüziv təhsil tətbiq olunur və hazırda 21 sinifdə autizm, daun, əqli gerilik, serebral iflic və s. diaqnozlu 32 şagird var. Ölkəmizdə inklüziv təhsil qaydalarına əsasən, hər sinifdə 2, paralellər üzrə isə cəmi 2 sinifdə inklüziv şagird ola bilər. Ötən tədris ilində bu kateqoriyadan fərqli diaqnozlu 4 şagird IX sinfi bitirdi. Bu il də məzunlarımız olacaq.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam həmyaşıdları ilə birgə təhsil alması həm valideynlər, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma, ilk növbədə, əvvəlki dövrlərdəki stereotipləri aradan qaldırır. Əsas məqsəd yalnız akademik bilik vermək deyil, həm də uşaqların kollektivə və cəmiyyətə uyğunlaşmasıdır.
Elə şagirdlər var ki, məktəbə gəldikləri ilk vaxtla bugünkü vəziyyətini müqayisə etdikdə irəliləyiş nəzərəçarpacaq dərəcədədir. Onların bir neçəsi bu gün məktəb daxilində sərbəst hərəkət edir, yoldaşları, müəllimləri ilə ünsiyyət qurur və hətta yaşadığı evin yolunu tanıyır.
Tam məsuliyyətlə deyə bilərəm ki, inklüziv təhsilə cəlb olunan şagirdlərin heç biri diqqətdən kənarda qalmır. Valideyn, müəllim, psixoloq, loqoped və məktəb rəhbərliyinin iştirakı ilə hazırlanan fərdi tədris planı uşaqların ictimai fəallığı, ünsiyyət bacarıqlarının formalaşması və gündəlik həyata uyğunlaşması baxımından çox effektlidir. Eyni zamanda, müəllimlər belə uşaqların maraq dairəsini müəyyənləşdirərək inkişaf etdirirlər. Yardımçı otaqda isə loqoped və defektoloq həmin şagirdlərlə məşğul olur. Burada onların həm kiçik motorikası, həm də zehni fəaliyyətinin inkişafı üçün fərqli inventar və terapiya xarakterli vəsaitlər mövcuddur.
Əgər bir uşaq həmin otağa, sadəcə, müəllimlə salamlaşmağa gəlirsə, bu, bizim böyük uğurumuzdur, deməli, həmin gün hər şey qaydasındadır. Lakin belə uşaqların əhvalı fəsildən, səhhətindən və ya qəbul etdikləri dərman müalicəsindən asılı olaraq dəyişir. Məsələn, müalicəsi bitən və ya yeni başlayan dövrdə uşaqlarda müəyyən aqressiya müşahidə olunur. Bu səbəbdən dərsə başlamazdan əvvəl mütəxəssislər onların ümumi vəziyyətini yaxından izləyirlər.
İnklüziv təhsilə cəlb olunan atipik uşaqlarda ağırlaşma halları baş verərsə, rəsmi müraciət əsasında onu evdə təhsilə, xüsusi təhsilə və s. müəssisələrə yönləndiririk. Çünki bütün şagirdlərin təhsilalma hüququnu qorumaq borcumuzdur, hər hansı bir diqqətsizlik və ya laqeydlik böyük problem yarada bilər.
Direktor daha sonra qeyd etdi ki, övlad böyütmək, onu düzgün tərbiyə etmək, cəmiyyətə yararlı vətəndaş yetişdirmək böyük məsuliyyətdir. Uşaq fiziki və ya əqli qüsurlu olanda isə bu, ikiqat çətindir:
– Amma bəzi valideynlər uşağı məktəbə gətirib inklüziv sinfə qəbul etdirməklə öz vəzifəsini bitmiş hesab edir, düşünürlər ki, qalan hər şey müəllim, psixoloq və digərlərindən asılıdır. Əsla belə deyil, ailə-məktəb əməkdaşlığı burada böyük rol oynayır. Sağlamlıq imkanları məhdud uşağın valideyni övladının sağlam cəmiyyətə qovuşması, ictimai fəallığı üçün müəllimə kömək etməlidir. Əks təqdirdə, istənilən nəticəni əldə etmək olmur.
Məsələn, uşaq günün müəyyən hissəsini məktəbdə, yaşıdlarının ətrafında, müəllimlərin nəzarətində normal şəraitdə keçirir və heç bir neqativ hal baş vermir. Evdə isə valideyn onunla məşğul olmur, hər hansı bir xoşagəlməz hərəkətinə görə uşağa qışqırır, bəzən əl qaldırır, bəzən də tam əksi davranış pozuntusu olan uşaqlarının etdikləri səhv hərəkətlərini görməzdən gəlirlər, tərbiyəvi söhbət aparmır, yerindəcə müdaxilə etmirlər. Bu zaman hansı irəliləyişdən söhbət gedə bilər.
Digər vacib amil isə bir çox valideynin uşağının vəziyyətini qəbul etməməsidir. Bir də görürsən ki, əslində uşaq məhz inklüziv sinifdə təhsil almalıdır, amma valideyn övladını sağlam kimi onlayn qeydiyyatdan keçirir. Beləliklə, hər bir uşağın təhsilalma hüququnun olduğunu nəzərə alınaraq şagird məktəbə qəbul olunur.
Bir valideyn övladının oxuduğu sinifdə inklüziv təhsilin tətbiq olunduğunu öyrənəndə yerdəyişmə etmək istədiyini dedi. Onunla ətraflı söhbət etdik, bu sahədə neçə illik təcrübəyə əsaslanaraq bildirdik ki, belə mühitdə uşaqlarda mərhəmət, qayğı və sevgi hissləri daha çox inkişaf edir. Bundan sonra həmin valideyn fikrindən daşındı və həmin sinifdə xüsusi qayğıya ehtiyacı olan yoldaşlarına ən çox diqqət, qayğı göstərən uşaqlardan biri onun övladıdır.
Məktəbin psixoloqu Türkan Nəcəfova:
– Artıq 10 ildir ki, məktəbimizdə bu sistem tətbiq olunur. Belə şagirdlərin məktəb mühitinə uyğunlaşması üçün ilk 2-3 ay adaptasiya dövrü hesab olunur. Bu müddət ərzində uşaqlarda aqressiya, fiziki müqavimət, ağlama, utanma, ünsiyyətdən qaçma və ya müəllimi tamamilə görməzdən gəlmə halları müşahidə edilə bilər. Uyğunlaşma mərhələsi başa çatdıqdan sonra isə akademik biliklərin aşılanmasına başlayırıq.
İnkişaf prosesi psixoloq, loqoped, sinif müəllimi, valideyn və məktəb rəhbərliyinin birgə əməkdaşlığı sayəsində mümkün olur. Kompleks yanaşma inklüziv təhsilin inkişafına birbaşa təsir göstərir. Belə ki, sentyabr ayında 10 dəqiqə dərsdə otura bilməyən autizmli şagirdimiz artıq 4-5 saatlıq dərsi rahatlıqla başa vura bilir. Yəni irəliləyiş göz qabağındadır.
Korreksiyaedici pedaqoq Günay Cəlilova:
– İnklüziv siniflərə adətən 7 yaşından qəbul olunurlar. Bu yaş qrupunda əsasən nitq problemləri müşahidə olunur. Qeyd etməliyəm ki, nitqi tamamilə olmayan uşaqlar inklüziv təhsilə yararlı hesab edilmirlər. Təhsil ilinin ilk aylarından (sentyabr-noyabr) sonra uşaqları qruplara bölür, hər birinin problemi və onlara yanaşma tərzi fərdi olduğu üçün müəyyən saatlarda qrup məşğələləri keçirik. Şükürlər olsun ki, indiyədək öhdəsindən gələ bilməyəcəyimiz çətinliklə qarşılaşmamışıq.
Korreksiyaedici pedaqoq Lalə Bağızadə:
– İnklüziv təhsilə cəlb olunan uşaqla elə ilk görüşdə onun xarakterini, işin asan və ya çətin olacağını müəyyən edə bilirik. Uşağın xarakterinə uyğun olaraq müəyyən yanaşma tərzi seçir və təcrübəmizə söykənərək, onlara yardım göstəririk. Lakin bəzən valideynlər övladının problemini qəbul edə bilmir və gözləntiləri uşağın imkanlarından daha yüksək olur. Uşağın vəziyyətinin dərhal düzəlməməsinə görə isə bizi qınayırlar, halbuki bu prosesdə müəllimə, psixoloqa, ilk növbədə, valideyn dəstək olmalıdır.
Aydındır ki, bizim işimizdə 100 faizlik nəticə mümkün deyil. Lakin bəzən uşaq nəzərdə tutduğumuzdan daha böyük irəliləyiş göstərir, bəzənsə dərmanların təsirindən süstlük yaranır, öyrətdiklərimizi qəbul etməkdə çətinlik çəkir. Bütün bunlara baxmayaraq, təhsil ilinin əvvəlində qələm tuta bilməyən uşağın ilin sonunda bunu bacarması belə bizim üçün böyük uğurdur.
Məktəbin ibtidai sinif müəllimi Sevda Balakişiyeva:
– 29 illik pedaqoji təcrübəm var. Artıq 10 ilə yaxındır ki, məktəbimizdə inklüziv siniflər açılıb. İlk vaxtlar sağlam uşaqların valideynləri arasında narazılıq edənlər olurdu. Biz onlarla mütəmadi söhbətlər apardıq, bu uşaqlar haqqında ətraflı məlumat verdik. Artıq onlar övladlarının inklüziv siniflərdə oxumasını anlayışla qarşılayır və bu uşaqları cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbul edirlər.
Sinifdə uşaqlar arasındakı fərqliliklər demək olar ki, hiss edilmir. Çünki biz elə bir mühit yaratmışıq ki, uşaqları fərqləndirmək və ya kənarlaşdırmaq qətiyyən mümkün deyil. Əksinə, şagirdlər onlara dəstək olur, çantalarını daşımağa kömək edir, kitab-dəftərlərini çıxarırlar. Əvvəlki narazılıqlar artıq qarşılıqlı qayğı və mehribanlıqla əvəz olunub.
İnklüziv təhsillə bağlı təlimlər həm psixoloq və korreksiyaedici pedaqoqlar, həm də sinif müəllimləri üçün olduqca vacibdir. Çünki hər bir uşaq fərdi yanaşma tələb edir. Biz təlimlərdə uşaqla düzgün ünsiyyətin qurulması, onun daxili qorxularının aradan qaldırılması və akademik biliklərin rahat üsullarla çatdırılması kimi metodları daha dərindən öyrənirik. Bu da, təbii ki, işimizin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Ərəstun Mahmudov adına 220 saylı məktəb – liseyin ibtidai sinif müəllimi Qəmər Vəliyeva bildirdi ki, hazırda dərs dediyi sinifdə inklüziv təhsilə cəlb olunan 2 şagird var və onların hər biri fərdi yanaşma tələb edən xüsusiyyətlərə malikdir:
– Sağlamlıq imkanları məhdud uşaqların öz yaşıdları ilə eyni məktəbdə təhsil alması, bir parta arxasında oturub müəllimi dinləməsi çox müsbət haldır. Evdə və ya xüsusi şəraitdə fərdi təhsil bu nəticəni vermir. İnklüziv təhsil prosesində əqli geriliyi olan, inkişafdan qalan şagirdlərin öyrənmə sürəti, qabiliyyəti, qavraması, marağı mütləq nəzərə alınır və dərs proqramı bu əsasda hazırlanır.
Əvvəla, bu yanaşma digər şagirdlərdə empatiya hissinin formalaşmasına müsbət təsir göstərir. Onlar öz yoldaşlarına çox isti münasibət göstərir, qayğıkeşliklə yanaşırlar. Bəzən təəccüb edirəm ki, bu yaşda uşaq öz yaşıdının hisslərini, ehtiyacını necə həssaslıqla anlaya bilir.
Belə uşaqların adi siniflərdə dərs keçməsinin təbii ki, çətinlikləri də var. Biz bunu düzgün planlaşdırma, fərdi yanaşma və uyğun metodların tətbiqi ilə aşağı həddə endirə bilirik. Bunun üçün, ilk növbədə, inklüziv təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş sahəsində təşkil olunan təlimlərdə iştirak edirik. Davranış qaydaları, fərdi yanaşma, uyğunlaşdırıcı materialların hazırlanması və fərqli qiymətləndirmə üsullarını öyrənir və tətbiq edirik. Amma işimizə mane olan iki vacib məqamı qeyd etmək istəyirəm.
Bəzən həkimlər inklüziv təhsilə uyğun olmayan uşaqlara “yararlıdır” rəyi ilə sənəd verir və onları məktəbə yönləndirirlər. Bu hal tədris prosesində ciddi fəsadlara yol açır: həm dərsin gedişatına mane olur, həm də digər şagirdlərdə psixoloji gərginlik yaradır. Bu səbəbdən diaqnoz dəqiq qoyulmalı və yalnız inklüziv mühitə uyğun uşaqlar məktəbə cəlb olunmalıdır.
İkinci mühüm məsələ isə siniflərdə daimi fəaliyyət göstərən xüsusi köməkçi, yəni “kölgə müəllim”in olmamasıdır. Hazırda bütün yük sinif müəlliminin üzərinə düşür və o, həm digər şagirdlərlə ümumi, eyni zamanda, həmin uşaqla fərdi məşğul olmalıdır. Bu isə böyük çətinliklər yaradır.
Doğrudur, məktəblərdə defektoloqlar fəaliyyət göstərir, lakin bütün məktəb üzrə cəmi iki mütəxəssis hər bir uşaqla eyni anda və kifayət qədər məşğul ola bilmir. “Kölgə müəllim”i sisteminin tətbiqi tədrisin səmərəsini əhəmiyyətli dərəcədə artırar.
Məktəbin psixoloqu Gülbəniz İsmayılova bildirdi ki, bəzi valideynlər övladlarının inklüziv təhsilin tətbiq olunduğu siniflərdə oxumasını istəmirlər. Lakin biz onlarla söhbət aparır, belə siniflərdə oxuyan uşaqlara mərhəmət, köməyə ehtiyacı olan balalarımıza yardım etmək hissinin formalaşdığını anladırıq. Zamanla həmin valideyn inklüziv təhsilin uşaqların sosial inkişafına müsbət təsir göstərdiyini qəbul edir.
Günel Bayramova,
valideyn:
– Düşünürəm ki, əsas fərqləri vurğulamaq deyil, hər uşağa uyğun yanaşmanı tapmaqdır. Bu cür mühitdə uşaqlar həm birlikdə təhsil alır, həm də bir-birinə hörmət etməyi öyrənirlər.
Gülnar Süleymanova,
valideyn:
– Mən bir ana olaraq övladımın həm oxumasını, həm də onu anlayan və qəbul edən bir cəmiyyətdə böyüməsni istəyirəm. İnklüziv təhsil bunun bir nümunəsidir.
Hər insan öz taleyini yaşayır. Həyat nə qədər çətin olsa belə, onunla barışmalı olursan. Ağrı-acı isə o zaman yüngülləşir ki, onu səninlə bölüşən olsun, cəmiyyətin diqqəti çətinliyin azalmasına yönəlsin. Bu gün Azərbaycan dövləti əqli və fiziki geriliyin acılarını yaşayan vətəndaşlarını taleyin ümidinə buraxmır, onların cəmiyyətə inteqrasiyası ilə bağlı təsirli tədbirlər görür. Elə ayrı-ayrı qurumlar, müvafiq təşkilatlar da bu ali məqsədə xidmət edir: fiziki və əqli cəhətdən qüsurlu insanların cəmiyyətdə bərabərhüquqlu üzv kimi qəbul edilməsinə yardımçı olmaq.
Mehparə ƏLİYEVA
XQ
Redaksiyadan: Bu ildən ölkəmizdə fəaliyyət göstərən 91 ümumi təhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir və təxminən sağlamlıq imkanları məhdud 400 uşaq inklüziv təhsilə cəlb olunub. Məqaləni hazırlayarkən bu sahədə əldə olunan müsbət nəticələr, eyni zamanda, qarşıya çıxan əsas çətinliklər, müəllim və valideynlərin üzləşdikləri real vəziyyət, eləcə də bu problemlərin aradan qaldırılması istiqamətində görülən və planlaşdırılan tədbirlərlə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə konkret suallar ünvanladıq.
Təəssüf ki, aidiyyəti qurumun təqdim etdiyi cavablar inklüziv təhsilin nə müsbət tərəflərini, nə də mövcud problemləri dolğun, sistemli və obyektiv şəkildə əhatə etmədi. Bu isə inklüziv təhsil kimi həssas və cəmiyyət üçün mühüm bir sahədə sualların cavablardan daha çox olduğunu göstərir.
Bütün bunlara baxmayaraq, “Xalq qəzeti” Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən təqdim olunan sualların cavablandırılmasını gözləyir.





