Müasir təhsil sistemi düşündüyünü səlis şəkildə ifadə edə bilən, təhlil aparan və öz fikrini əsaslandırmağı bacaran gənclər yetişdirmək məqsədi daşıyır. Bu baxımdan imtahanlar şagirdlərin məntiqi təfəkkürünü, dünyagörüşünü və bacarıqlarını üzə çıxaran mühüm mərhələdir.
Təhsil sahəsində aparılan yenilik və dəyişikliklər isə birbaşa gənc nəslin formalaşmasına və onların təhsil həyatına böyük təsir göstərir. Məhz bu səbəbdən imtahan sistemində edilən hər bir dəyişiklik şagird, müəllim və valideynlər üçün xüsusi maraq doğurur. Belə dəyişikliklərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) tam orta təhsil səviyyəsi (11 illik) üzrə xarici dil imtahanlarına esse yazı işini də əlavə etməsidir.
Qərara əsasən, 2027-ci ildən buraxılış imtahanlarında xarici dil fənni üzrə şagirdlərin yazı bacarıqları da qiymətləndiriləcək. Bu isə o deməkdir ki, imtahanverənlər təkcə test tapşırıqlarını cavablandırmayacaq, həm də öz fikirlərini yazılı şəkildə ifadə edəcəklər.
İmtahan 26 tapşırıqdan ibarət olacaq. Bunlardan 25-i qapalı tipli test tapşırığı, 1-i isə yazı işi olacaq. Dinləyib-anlama bacarıqları üzrə şagirdlərə 4 qapalı tipli tapşırıq təqdim ediləcək. Oxu bacarığı iki hissədə yoxlanılacaq və bu bölmə üzrə, ümumilikdə, 8 test tapşırığı veriləcək. Qrammatika bölməsi üzrə isə 13 test tapşırığı nəzərdə tutulub. Yazı bacarığı ayrıca bir tapşırıq vasitəsilə qiymətləndiriləcək. Bundan əlavə, gələn ildən xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi çərçivəsində şagirdlərə 15 dəqiqə əlavə vaxt veriləcək.
Mütəxəssislər hesab edirlər ki, yazı bacarığının imtahana daxil edilməsi xarici dil biliklərinin daha kompleks şəkildə qiymətləndirilməsinə imkan yaradacaq. Çünki dil öyrənmək yalnız sözləri və qaydaları bilmək deyil, həmin bilikləri düzgün şəkildə tətbiq etmək, fikri aydın və məntiqli formada çatdırmaqdır.
Bu proses beynəlxalq imtahan modellərinə kifayət qədər yaxın hesab olunur. Məsələn, IELTS sistemində “yazı” bölməsi imtahanın əsas hissələrindəndir. Burada namizədlər iki yazı tapşırığı yerinə yetirirlər. Birinci tapşırıqda qrafik, cədvəl və ya diaqram analiz olunur, ikinci tapşırıqda isə iştirakçıdan esse yazmaq tələb edilir. Esse hissəsində mövzuya münasibət bildirmək, arqument irəli sürmək və fikri əsaslandırmaq vacibdir. Bu bölmə üçün, ümumilikdə, 60 dəqiqə vaxt verilir və ikinci yazı tapşırığı ümumi nəticəyə daha çox təsir edir.
Educational Testing Service tərəfindən keçirilən TOEFL iBT (Test of English as a Foreign Language) imtahanında da yazı bölməsi əsas qiymətləndirmə mərhələlərindəndir. Birinci mərhələdə iştirakçı əvvəlcə mətn oxuyur, dinləyir və daha sonra bunları analiz edib yazılı şəkildə cavab verir. İkinci mərhələdə isə öz fikrini akademik müzakirəyə yazılı formada təqdim edir. TOEFL imtahanında yazı bölməsi, təxminən, 29 dəqiqə davam edir və cavablar həm süni intellekt, həm də ekspertlər tərəfindən qiymətləndirilir.
Beynəlxalq sertifikat imtahanları ilə yanaşı, bir sıra Avropa ölkələrinin məktəb buraxılış sistemində xarici dil üzrə yazılı tapşırıqlar mövcuddur. Məsələn, Almanyada abituriyentlərin imtahanlarında xarici dil üzrə esse və mətn analizi geniş tətbiq olunur. Fransada bakalavriat sistemində şagirdlərdən xarici dildə yazılı fikir bildirmələri tələb olunur. Böyük Britaniyada isə General Certificate of Secondary Education (Ümumi Orta Təhsil Sertifikatı) və Advanced Level (General Certificate of Education Advanced Level) (İrəli Səviyyə) imtahanlarında yazı bacarığı dil biliklərinin əsas göstəricilərindən sayılır.
Beynəlxalq mütəxəssislər hesab edirlər ki, yazı tapşırığı xarici dil biliyinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bu baxımdan Azərbaycanda tətbiq olunacaq yeni model dünya təcrübəsinə uyğun addım kimi qiymətləndirilə bilər.
Bu barədə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, abituriyentlər ali təhsil müəssisələrinə qəbul olduqdan sonra, xüsusilə I kursda əksər hallarda ingilis dili fənnini yenidən öyrənirlər və bu mərhələdə onlardan imtahanlarda esse yazmaq tələb olunur:
– Bu baxımdan şagirdlərin xarici dildə esse yazmaq vərdişlərinə hələ orta məktəb dövründən yiyələnməsi daha məqsədəuyğundur. Çünki bu bacarıqlar onların gələcək akademik və peşəkar həyatında mühüm rol oynayacaq. Tələbələr ali təhsillərini davam etdirmək, magistratura və digər yüksək təhsil pillələrinə keçmək istədikdə də onlardan xarici dildə yazı bacarıqları, o cümlədən esse tələb edilir. Bu baxımdan yazı vərdişlərinin əvvəlcədən formalaşdırılması gələcəkdə onların həm imtahan prosesində, həm də akademik fəaliyyətlərində işini asanlaşdıracaq.
Eyni zamanda, tələbələrin yeni elmi və tədris vəsaitlərinə çıxış əldə etməsi baxımından da xarici dil bacarıqları xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, ana dilimizdə bütün sahələr üzrə kifayət qədər geniş və müasir vəsait bazası mövcud deyil. Buna görə də təhsil prosesində daha çox ingilis, rus, alman, fransız və digər xarici dillərdə olan mənbələrə üstünlük verilir. Bu isə tələbələrin həmin mənbələrdən səmərəli istifadə edə bilməsi üçün güclü dil bacarıqlarına sahib olmasını zəruri edir. Məhz buna görə də abituriyentlərin xarici dil biliklərinin danışıq, yazı, dinləmə bacarıqları əsasında qiymətləndirilməsi vacib hesab olunur. Bu yanaşma dil biliklərinin daha real və hərtərəfli ölçülməsinə imkan yaradır.
Ən vacib məqamlardan biri isə düzgün, obyektiv və şəffaf qiymətləndirmə mexanizminin qurulmasıdır. Xüsusilə yazı tapşırıqları kimi subyektiv yanaşma ehtimalı olan bölmələrdə qiymətləndirmə meyarlarının aydın və dəqiq olması böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, vaxtilə magistratura imtahanlarına essenin əlavə edilməsi buraxılış imtahanlarına təsirsiz ötüşmədi. Son illərin statistikası göstərir ki, xüsusilə maksimum bal toplayan namizədlərin sayında müəyyən azalma müşahidə olunur. Bu baxımdan, əlavə dəyişiklik olaraq magistratura da imtahan modelinə speaking (danışıq) komponentinin əlavə edilməsi nəticələrə müəyyən təsir göstərəcək. Bu dəyişiklik növbəti illərdə magistratura istiqamətində ixtisaslar üzrə formalaşan keçid ballarında da öz əksini tapa bilər. Yəni keçid ballarında minimum 1–2, bəzi hallarda isə 4–5 bala qədər dəyişiklik baş verməsi mümkündür.
Bununla belə, esse, eləcə də dinləmə və danışıq bacarıqlarının qiymətləndirilməsi olduqca vacibdir. Çünki təhsilin növbəti pilləsi olan magistratura elmi-tədqiqat yönümlü bir mərhələdir və burada tələbələrin yazı, analiz və kommunikasiya bacarıqları da mühüm rol oynayır. Xüsusilə magistratura pilləsində təhsil alan şəxslərin seçdikləri ixtisas üzrə tədqiqat işləri aparması, elmi mənbələrlə işləməsi və xarici dildə olan ədəbiyyatlardan səmərəli istifadə etməsi vacib şərtlərdəndir. Bu imkanların geniş olması isə birbaşa xarici dil biliklərinin səviyyəsindən asılıdır. Ona görə də yazı, dinləmə və danışıq bacarıqlarının imtahanlarda yoxlanılması gələcək elmi fəaliyyət üçün mühüm əhəmiyyət daşıyır.
İmtahan sistemlərində aparılan dəyişikliklər daha geniş şəkildə dəyərləndirilməlidir. Çünki mövzu artıq əsas sual “şagird nəyi bilir?” deyil, “bildiyini necə istifadə edə bilir?” formasına keçməkdədir. Bu baxımdan xarici dil imtahanlarında yazı bacarığı kimi komponentlərin önə çıxması, əslində, şagirdi daha çox informasiya qəbul edən tərəfdən, düşünən və yaradan bir subyektə çevirmək məqsədi daşıyır. Burada diqqətçəkən başqa bir məqam da var. Bu dəyişikliklərin dəyəri yalnız onların necə tətbiq edildiyi ilə yox, həmin dəyişikliklərə verilən hazırlıqla ölçülməlidir. Yəni yeni qayda nə qədər müasir və səmərəli olsa da, onu qarşılayan təhsil mühiti də bütün proseslərə uyğunlaşdırılmalıdır. Çünki əsl dönüş sinif otağından başlayır.
Ləman TƏHMƏZ
XQ


