Bəzən zaman susur, illər ötür, yollar dəyişir, amma bəzi adlar unudulmur. Onlar yaddaşın ən dərin qatlarında kök atır, xatirələrdə boy verir, nəsillərin yaddaşında yaşayır. Görkəmli pedaqoq, istedadlı müəllim və ədəbiyyatşünas alim Əliyar Məhəmməd oğlu Qarabağlı da belə adlardan biridir. Onun ömrü bir insan ömründən daha artıq idi, O, bir məktəb, bir düşüncə, bir işıqdır.
Onun adı çəkiləndə təkcə bir alim deyil, sinif otağında səssizcə lövhəyə yazı yazan müəllim, kənd uşaqlarının gözündə ümid yandıran maarifçi, auditoriyada tələbələrə düşünməyi öyrədən bir ustad canlanır. Xəzər Universitetində alimin 125 illiyinə həsr olunmuş tədbirdə də bu barədə danışıldı.
Hər şey bir kənddən başladı… Lejbədin kəndindən. Dağların qoynunda, küləklərin pıçıldadığı, çayların öz nəğməsini oxuduğu bir yurdda… 1921-ci ilin sərt, sarsıntılı günlərində, həyatın qarışıq və qeyri-müəyyən olduğu bir zamanda cəmi 20 yaşlı bir gənc bu kənddə bir çıraq yandırdı. Bu, məktəb idi. Amma əslində, bu, bir ümid idi.
Kəndin bir küncündə yerləşən sadə bir binada, bəzən torpaq döşəmədə, bəzən soyuq divarlar arasında uşaqlar ilk dəfə hərflərlə tanış olurdu. Əliyar müəllim onların qarşısında dayananda, əslində sadəcə dərs demirdi. O, uşaqların gələcəyi qururdu.
Təhsilini Qori seminariyasının Qazax filialında davam etdirən Əliyar Qarabağlı məktəb mühitində yeni bir nəfəs, yeni bir canlanma yaradırdı. O, kənd uşaqlarının gözündə məktəbi təkcə oxu-yazı yeri deyil, gələcəyə açılan bir qapı kimi canlandırmağa çalışırdı. Hər dərsində bir işıq vardı, hər sözündə bir ümid. O işıq tədricən uşaqların baxışına da hopur, onların dünyasını dəyişirdi.
Daha sonra Bakıya yol alan Əliyar Qarabağlı pedaqoji təmayüllü məktəbi və texnikumu bitirir, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirir. Tozlu küçələr, dar otaqlar, yorğun gecələr, ağır gündüzlər… Şəhərin nəfəsi sərt idi, həyat isə daha sərt.
Yataqxana yox idi, pul çatmırdı, amma içində oxumaq, öyrənmək, yetişmək, yaratmaq yanğısı vardı. O, gündüzlər işləyir, gecələr isə kitabların işığında özünü axtarırdı. Bəzən bir tikə çörəyə möhtac qalırdı. Çox ağır dövr idi. Atası Məhəmməd kişi qolçomaq kimi həbs edilmiş, sonra güllələnmişdi. Amma Əliyar Qarabağlı ruhdan düşmədi. Oxudu, çətinliklərə dözdü. Bəlkə də elə buna görə sonralar deyirdi ki, müəllimlik kitabdan yox, həyatdan başlayır. Çünki o, həyatı acı ilə, çətinliklə yaşamışdı.
Nəhayət, çox çətinliklə iki aylıq məzuniyyətə getmiş bir müəllimin yerinə işə düzəlməsi onun üçün həm xilas, həm də yeni başlanğıc oldu.
O, sonralar müəllimlik fəaliyyətinin ilk günlərini təbəssümlə xatırlayırdı. Amma o təbəssümün arxasında çox şey gizlənirdi:
– Uşaqlarla xoş rəftar edirdim, gördüm alınmır… şuluqluq edirdilər… dərs pozulurdu… başladım şeşələnməyə…
Bu sadə sözlərin içində bir gəncin müəllimə çevrilmə prosesi gizlənmişdi. O, çətinlikdən qaçmamışdı, bu çətinliyin içindən keçmişdi.
Çətinliklər bir-bir gəlib keçsə də, Əliyar Qarabağlı bir yerdə dayanmadı. O, Bakı məktəblərində dərs deyə-deyə oxudu, gecələrin yorğunluğunu səhərin ümidi ilə əvəz etdi və nəhayət, Pedaqoji İnstitutu fərqlənmə ilə başa vurdu. O artıq sadəcə tələbə deyildi, həm də bir müəllim idi.
Təhsilini başa vurduqdan sonra Əliyar Qarabağlı elmi və publisistik fəaliyyət yoluna qədəm qoydu. Bu dövr onun düşüncə dünyasının formalaşdığı, sözə məsuliyyətlə yanaşmağın mənasını dərk etdiyi illər idi. Gənc Əliyar üçün yazı artıq sadəcə fikir ifadəsi deyil, bir mövqe, bir möhkəm dayaq idi.
Elə həmin illərdə Azərbaycan mədəni mühitində ciddi bir müzakirə gedirdi. Musiqi aləmində tarın “köhnəlmiş alət” olduğu, onun sədalarının guya “ağlamaq motivləri” daşıdığı iddia edilərək bu alətin ləğvi məsələsi gündəmə gətirilmişdi. Bu fikir ətrafında cəmiyyət iki yerə bölünmüşdü. Bir tərəf tarın keçmişdən gələn yük olduğunu deyir, digər tərəf isə onu milli ruhun səsi kimi müdafiə edirdi. Məhz belə bir gərgin və həssas zamanda Bakı qəzetlərindən birində “Tar ağlamayacaq” adlı məqalə işıq üzü görür. Bu yazı gənc Əliyar Qarabağlının qələmindən çıxmışdı. O, hələ yolun başlanğıcında olsa da, sözündə bir cəsarət, bir qətiyyət vardı. Məqalə həm üsyan idi, həm də müdafiə, həm musiqiyə, həm də milli yaddaşa ünvanlanan bir səsləniş.
Bu onun ilk ciddi publisistik işi sayılırdı. Ondan əvvəl də mətbuatda xırda yazıları, xəbər xarakterli qeydləri çap olunurdu, lakin “Tar ağlamayacaq” artıq başqa bir səviyyənin başlanğıcı idi. Bu, düşünülmüş mövqe, aydın ideya və içdən gələn bir inam idi.
Əliyar Qarabağlı bu yazısında təkcə bir musiqi alətini müdafiə etmirdi. O, əslində bir xalqın yaddaşını, onun səsini, onun ruhunu qorumağa çalışırdı. Tar onun üçün sadəcə simli alət deyildi, o, bir mədəniyyətin nəfəsi, bir tarix yaddaşı idi. Onu “ağlayan səs” kimi təqdim etmək isə həmin yaddaşa kölgə salmaq idi.
Bu məqalə bir gəncin qələmi ilə yazılsa da, içində böyük bir cəsarət vardı. Onun üçün söz yalnız ifadə vasitəsi deyil, həm də məsuliyyət idi. Əliyar Qarabağlı bu yazısı ilə həm də öz yolunu müəyyənləşdirirdi: o yol ki, elmin, ədəbiyyatın və milli düşüncənin yoluydu.
1933-cü ildə F. Qasımzadə və Ə. Qarabağlının birgə tərtib etdikləri və “Azərnəşr” nəşriyyatı tərəfindən çap olunmuş “4-cü təhsil ili üçün ədəbiyyat müntəxəbatı” dərsliyi də dövründə maraqla qarşılanmışdır. Lakin bu nəşr birmənalı qiymətləndirilməmiş, ona qarşı tənqidi mövqelər də ortaya çıxmışdır.
Belə tənqidlərdən biri 14 noyabr 1933-cü il tarixli “Kommunist” qəzetində T. Hüseynovun “Zərərli bir dərs kitabı haqqında” sərlövhəli məqaləsində əksini tapmışdır. Məqalə həmin dövrdə dərs vəsaitlərinə yönəlmiş ideoloji tənqidin səciyyəvi nümunəsi kimi diqqət çəkir. Müəllif sözügedən dərsliyi kəskin şəkildə tənqid edərək, burada təqdim olunan materialların həyatın yalnız mənfi tərəflərini əks etdirdiyini və oxucuya birtərəfli təsir göstərdiyini iddia edir.
Eyni zamanda, T. Hüseynov dərsliyə daxil edilmiş bəzi bədii nümunələrin seçimini də uğursuz hesab edir. O, C. Məmmədquluzadənin “Poçt qutusu” və Ə. Haqverdiyevin “Pir” hekayələrinin dərslikdə yer almasını məqsədəuyğun saymır. Bununla yanaşı, Yusif Vəzir Çəmənzəminlinin əsərlərinə toxunaraq, müəllifin siyasi keçmişini ön plana çəkir və bu amili xüsusi vurğulayır.
Məqalədə dərsliyin həmmüəlliflərindən biri olan Ə. Qarabağlı da tənqid olunur. Müəllif onun sosial mənşəyini qabardaraq, keçmişdə şura hökumətinə qarşı mövqedə olan ailədən gəldiyini qeyd edir və bunun onun fəaliyyətinə təsir etdiyini ima edir.
Ümumilikdə, bu məqalə yalnız konkret bir dərsliyə yönəlmiş tənqid kimi deyil, həm də 1930-cu illərin ideoloji mühitini, ədəbiyyat və təhsil sahəsinə qoyulan tələbləri əks etdirən bir sənəd kimi qiymətləndirilə bilər. Bu baxımdan, T. Hüseynovun yazısı dövrün ictimai-siyasi mənzərəsini və ədəbi tənqid meyarlarını anlamaq üçün mühüm mənbələrdən biridir.
Görkəmli pedaqoq 1939-cu ilə qədər Bakının 1 saylı məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi. Bu illər onun pedaqoji dünyasının formalaşdığı, müəllimlik sənətinin sadəcə peşə deyil, bir missiya olduğunu dərk etdiyi dövr idi. Onun üçün lövhə üzərində yazılan hər cümlə, oxunan hər bədii parça sadəcə məlumat deyil, düşüncəyə açılan bir pəncərə idi. O, yaxşı anlayırdı ki, əzbərlənmiş bilik zamanla solur, yaddaşdan silinir, lakin düşüncə ilə qazanılmış bilik insanın daxilində kök atır və onu dəyişdirir. Buna görə də o, tələbələrinə hazır cavablar deyil, sual verməyi öyrədirdi; cavabı deyil, düşünməyi təlqin edirdi. Şagirdləri arasında Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Mehdi Məmmədov, ilk azərbaycanlı qadın rəssam, qrafika ustası Maral Rəhmanzadə, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Bəhlul Səttarzadə də vardı.
Hələ ötən əsrin 60-cı illərində onun qələmə aldığı fikirlər bu gün də eyni aktuallıqla səslənir, sanki zamanın içindən süzülüb gəlir:
– Bizə sadəcə əsərləri tanıyan gənclər deyil, düşünən, analiz edən, öz fikrini ifadə edə bilən insanlar lazımdır.
Bu sadə görünən cümlə əslində bir pedaqoji dünyagörüşünün, bir təhsil fəlsəfəsinin ifadəsidir. Burada məqsəd təkcə bilik vermək deyil, şəxsiyyət formalaşdırmaqdır. Əliyar Qarabağlı üçün müəllimlik şagirdin yaddaşına informasiya yazmaq yox, onun düşüncəsinə istiqamət vermək idi.
Əliyar Qarabağlının elmi-pedaqoji fəaliyyəti ali məktəblərdə daha geniş miqyas almışdır. Azərbaycan Dövlət Universitetinin (ADU) pedaqogika kafedrasının professoru kimi o, həm tələbələrə, həm də müəllimlərə metodik bilik və təcrübə aşılamışdır. O dövrdə Azərbaycan ədəbiyyatının tədrisi metodikası hələ tam formalaşmamış bir sahə idi. Əliyar Qarabağlı isə bu boşluğun içində elm ilə məktəb arasında, nəzəriyyə ilə həyat arasında möhkəm bir körpü yaratmışdı.
Onun pedaqoji irsində ibtidai siniflər üçün hazırladığı “Ana dili” (2-ci sinif qiraət kitabı) xüsusi yer tutur. Bu kitab sadəcə oxu mətnləri toplusu deyil, uşağın dünyagörüşünü formalaşdıran, onun mənəvi aləmini zənginləşdirən mühüm tərbiyə vasitəsidir. Qarabağlı üçün ibtidai təhsil uşağın şəxsiyyət kimi formalaşmasında ən həlledici mərhələ idi. O hesab edirdi ki, bu yaşda uşağa yalnız oxumağı öyrətmək kifayət deyil; onu düşünməyə, dərk etməyə, yaxşı ilə pisi ayırmağa yönəltmək vacibdir. Məhz buna görə də “Ana dili” kitabındakı mətnlər sadə dillə yazılsa da, dərin tərbiyəvi məzmun daşıyır, onlara əlavə olunan suallar, atalar sözləri və tapmacalar mövzunun mənimsənilməsini daha da gücləndirirdi.
Bu yanaşmanın arxasında zəngin pedaqoji təcrübə və məktəb həyatını dərindən bilmək dayanırdı. Əliyar Qarabağlı yalnız metodist deyildi, həm də ədəbiyyatşünas alim kimi tanınırdı. O, Azərbaycan ədəbiyyatı və folkloruna, onların məktəbdə tədrisi problemlərinə dair çoxsaylı dəyərli məqalələrin müəllifi olmuşdur. Xüsusilə Azərbaycan şifahi xalq ədəbiyyatının öyrənilməsi sahəsində onun xidmətləri xüsusi əhəmiyyət daşıyır. O dövrdə folklorun məktəbdə tədrisi metodikası demək olar ki, işlənməmiş bir sahə idi. Qarabağlı isə bu sahəyə toxunulmamış bir istiqamət kimi yanaşaraq onu elmi tədqiqat obyektinə çevirmişdi.
1949-cu ildə yazdığı “Orta məktəbin ədəbiyyat kursunda Azərbaycan folklorunun yeri və tədris üsulu” adlı dissertasiya işi bu sahədə ilk sistemli araşdırmalardan biri kimi qiymətləndirilir. Bu əsər göstərdi ki, müəllif təkcə dərs deyən pedaqoq deyil, həm də ədəbiyyatşünaslıq və folklorşünaslıq məsələlərini dərindən bilən tədqiqatçı idi. Onun folklorun təsnifinə dair yanaşmaları elmi düşüncəsinin genişliyini və analitik təfəkkürünü ortaya qoyurdu.
Ə.Qarabağlı ədəbiyyatın və maarif işinin müxtəlif istiqamətlərinə dair də çoxsaylı əsərlər yazmışdır. Sinifdənxaric və məktəbdənxaric ədəbiyyat işinin təşkili metodikası, şagirdlərin geriləməsi ilə mübarizə yolları, məktəbdə ədəbiyyat kabinetinin təşkili kimi mövzular onun elmi maraq dairəsini əhatə edirdi. Bu əsərlər onun təhsilə kompleks yanaşdığını, məktəbi vahid sistem kimi dərk etdiyini göstərir.
Bu gün onun adı çəkiləndə təkcə bir alim deyil, bütöv bir pedaqoji məktəb xatırlanır. Bir kənd məktəbinin ilk işıqları, bir auditoriyanın diqqətli sükutu, bir nəsil gəncin formalaşması yaddaşlarda canlanır. Əliyar Qarabağlı bu mənada unudulmur, çünki bəzi insanlar tarixdə yox, yaddaşın işığında yaşayırlar.
Görkəmli alim Abbas Zamanov onun haqqında yazırdı:
– Əliyar Qarabağlı mənəviyyatca təmiz, pak, istiqanlı, öz sənətini qəlbən sevən və qarşısındakı insana hörmət etməyi bacaran bir müəllim, bir alim idi”.
O, başqa bir fikrində isə onu zamanın hüdudlarından çıxararaq belə dəyərləndirirdi:
– Əliyar Qarabağlı kimi şəxsiyyətlər ölmürlər, onlar sadəcə dünyadan köçür, əbədiyyətə qovuşurlar. Onlar həmişə ruhən bizimlə birlikdə yaşayırlar”.
“Əliyar müəllim həqiqətən də bir maarif fədaisidir”. Bu sözləri isə onun haqqında yazıçı Mirzə İbrahimov deyib. Pedaqoji fəaliyyəti ərzində Camal Mustafayev, Bağır Bağırov, Abbas Səmədov, Şəmistan Mikayılov və digər çoxsaylı alim və ziyalıların yetişməsində mühüm rol oynamışdır. Onun adı, sözü və elmi-pedaqoji irsi bu gün də Azərbaycan ədəbiyyatı və maarifçilik tarixində yaşayır və yaşayacaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ



