“Söz həsrəti”nin yaşatdığı unudulmaz şair

post-img

İsa İsmayılzadə – 85

Azərbaycan Yazıçılar Birliyində ədəbiyyat tariximizdə silinməz izlər qoymuş “altmışıncılar” ədəbi nəslinin dərin zəkalı, incə duyğulu qələm sahibi, şair, publisist, tərcüməçi, redaktor İsa İsmayılzadənin 85 illik yubileyinə həsr edilmiş “Söz həsrəti” kitabının təqdimatı mərhum sənətkarın yaradıcılığına və xatirəsinə sevgi-sayğı ilə keçdi.

Mərasimi giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli novator şair, milli təəssübkeş, Xalq şairi Rəsul Rzanın adı ilə bağlı poetik məktəbinin istedadlı davamçılarından sayılan İsa İsmayılzadənin 56 yaşında dünyasını dəyişməsinin söz sənətimizdə ciddi itki olmasını, bu nisgilin şairin pərəstişkarlarında mənəvi ağrı yaratdığını, solmaz xatirəyə və dərin ehtirama çevrildiyini söylədi. O qeyd etdi ki, İsa İsmayılzadənin çağdaş poeziyamızda yeni söz, təravətli nəfəs olan yaradıcılığı barədə görkəmli söz adamlarının şairin sağlığında yazdıqları, söylədikləri dəyərli fikirlərin, xatirəsinə həsr edilmiş şeir və yazıların, poeziyasından seçmələrin daxil edildiyi bu toplu mərhum sənətkarın kimliyini yeni nəsillərə çatdıran gərəkli bir mənbə kimi onun 85 illik yubileyinə layiqli töhfədir.

Yazıçılar Birliyinin şöbə müdiri, ədəbiyyatşünas Əsəd Cahangir yubiley nəşri barədə ətraflı məlumat verərək yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlıya (tərtibçi), filologiya elmləri doktoru, professor Bədirxan Əhmədliyə (rəyçi), şair Nurafizə (redaktor) və şairin oğlu Araz İsmayılzadəyə (məsləhətçi) İsa İsmayılzadə irsinə yeni məzmun və xatirəsinə növbəti sevgi qazandıran mükəmməl bir nəşr ərsəyə gətirdiklərinə görə iştirakçıların və qədirbilən oxucuların təşəkkürünü çatdırdı.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İsa İsmayılzadəni milli ədəbiyyatımızın ən yaxşı ənənələri ilə tərbiyələnmiş, onu modern düşüncə və əlvan duyğularla zənginləşdirmiş bənzərsiz bir şair kimi səciyyələndirdi. O, təravətini itirməyən poetik irsin və unudulmaz xatirələrin yubilyarı daim onun qəlbində yaşatdığını söylədi.

Yazıçılar Birliyi sədrinin müavini, şair-publisist Rəşad Məcid İsa İsmayılzadənin poeziyasının özündən sonrakı nəslin yaradıcılığına önəmli təsir göstərdiyini, onları yeni yaradıcılıq axtarışlarına yönləndirdiyini bildirdi.

Ədəbiyyatşünaslar Vaqif Yusifli və Rüstəm Kamal, yubilyarın sənət dostları Seyran Səxavət, Zakir Fəxri, Umud Rəhimoğlu, Ağacəfər Həsənli, Nazim Əhmədli, Tahir Aydınoğlu və digər çıxış edənlər İsa İsmayılzadə şeiriyyətinin özəlliyindən, poeziyamızdakı dəyərindən söz açdılar, onunla bağlı xatirələrini söylədilər.

Şairin oğlu Araz İsmayılzadə atasının yubileyinin qədirbilənliklə qeyd edilməsinə, xatirəsinin əziz tutulmasına görə ailələrinin dərin razılığını çatdırdı.

T.RÜSTƏMLİ
XQ



Mədəniyyət