Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib.
Görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov federasiya tərəfindən təqdim olunan şahmatçılara dəstək proqramı barədə məlumat verib. AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.
Federasiyadan verilən məlumata görə, yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolu olduğunu vurğulayıb.
Mərasimdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.
Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.
Qabil YUSİFOĞLU
XQ

