Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısına ünvanladığı mesajlar
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub”. Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta dünən sözügedən toplantıdakı çıxışı zamanı səsləndirib.
A.Koşta onu da bildirib ki, Bakı–İrəvan sülh prosesi və Ermənistan–Türkiyə münasibətlərində əldə olunan irəliləyiş sayəsində Cənubi Qafqaz transformativ mərhələyə qədəm qoyur. “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qatılan Prezident İlham Əliyevin də üzərində dayandığı başlıca məqam məhz sülh idi. Dövlətimizin başçısının çıxışı, eyni zamanda, sülhə qarşı çıxanlara da tutarlı mesaj kimi qiymətləndirilə bilər.
Bəli, Prezident İlham Əliyev barış mühitini yaşadığımız Cənubi Qafqaz coğrafiyasının mühüm nailiyyəti və müəyyən mənada, bənzərsiz tapıntısı kimi səciyyələndirib. “Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”, – deyən dövlətimizin başçısı ötən ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin Birgə Bəyannamə imzalamalarından sonra ölkəmizin 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.
Hesab edirik ki, bu vurğulanma Azərbaycan liderinin “sülhün praktiki faydası” tezisinə tam adekvatdır. Ancaq “sülhün digər nailiyyəti bağlantıdır”. Söhbət Birgə Bəyannamədə əksini tapmış Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutundan və ya qısaca, TRIPP-dən gedir. O marşrut ki, Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq”. O marşrut ki, barəsində söz açdığımız praktiki faydanı indikindən qat-qat yüksək səviyyəyə qaldıracağı şübhəsizdir.
Ümumən, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti sülh mövzusuna həmişə praqmatik və rasional yanaşıb. Bu yanaşmada Cənubi Qafqazın, bütövlükdə, regionun vahid orqanizm obrazı canlanıb. O obraz ki, münaqişə və konfliktlərdən uzaq durulmasını və əməkdaşlığı rəhbər tutmaqdadır. Görünür, elə buna görə də ölkəmiz 2020-ci ildə – 44 günlük müharibə başa çatar-çatmaz Ermənistana barış əlini uzatdı.
Ancaq qarşı tərəfin Azərbaycanın uzatdığı barış əlini sıxması 5 il çəkdi və durumun belə alınması Ermənistanın, həmçinin, onun xaricdəki havadarlarının “əməyinin” nəticəsidir. Sözümüz ondadır ki, sülh özünün praktiki mərhələsinə daha tez qədəm qoya bilərdi. Elə dövlətimizin başçısının da üzərində dayandığı məqam budur. Ona görə də ölkəmizin liderinin məlum Zirvə toplantısındakı çıxışı həm də keçmişin dərslərindən nəticə çıxarılmasına çağırış ruhlu mesaj kimi də dəyərləndirilməlidir. Bu mənada, Azərbaycan rəhbərinin səsləndirdiyi digər fikirlər də var.
Diqqət yetirək, Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatizmə son qoymasından, ölkəmizin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalmış 4 qətnaməsini həyata keçirməsindən söz açıb. “Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”, - deyən dövlətimizin başçısı sözügedən qurumun ikili standartlar siyasətini özünün iş üsuluna çevirdiyini önə çəkib və bəyan edib: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Bəli, ötən müddətdə regional sülhü, o cümlədən onun praktiki mərhələyə qədəm qoymasını ləngidən bir çox hadisə və proseslərə şahidlik etdik. Bu səbəbdən Prezident İlham Əliyevin AŞPA xüsusundakı ittihamında “köhnə qitə”nin digər strukturlarının da payının olduğunu bildirməliyik. O strukturlar ki, Avropa Parlamentinin timsalında bu gün də Azərbaycan-Ermənistan sülh prosesinə maneçilik yaratmağa, münaqişə ovqatı formalaşdırmağa, rəsmi İrəvanın gündəmində olmayan Qarabağ ermənilərinin qayıdışı kimi sərsəmliyi qabartmağa, beləliklə, ölkəmizin konstitusion quruluşunu şübhələndirməyə cəhd göstərirlər.
Yəni AŞPA yarıtmazlıq meydanında tək deyil. Prezident İlham Əliyevin də vurğuladığı məhz budur: “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.
Ümumən, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər Cənubi Qafqazda sülhü qorumaq naminə son dərəcə ciddi müqavimət formalaşdırır. Onu da nəzərə alaq ki, bu Zirvə toplantısı müstəqillik illərində Azərbaycan liderinin Ermənistanda keçirilmiş tədbirlərdə ilk iştirakı kimi tarixə düşəcək. Deməli, sülh və barış naminə ilklərə imza atmaq zamanıdır. Üstəlik, 2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərara alınıb. O qərar ki, onun verilməsinə Ermənistan da dəstəyini göstərib. Yeri gəlmişkən, Baş nazir Nikol Paşinyan ev sahibi kimi dünənki çıxışında Bakıda iki il sonra təşkili planlaşdırılmış tədbirə qatılmaq niyyətini açıqlayıb.
Sonda onu da bildirək ki, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısı zamanı səslənmiş fikirlər Cənubi Qafqazda sülhün real müstəviyə daxil olduğunun göstəricisidir. Elə Prezident Əliyevin vurğuladığı kimi: “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir”.
Sonda bir məqamın da üzərində dayanaraq deyək ki, hazırda Ermənistan iqtidarı sülh prinsipiallığı nümayiş etdirməkdədir. Baş nazir Paşinyan və komandası həm barış yolunda ardıcıllıq göstərir, həm də prosesə qarşı çıxan daxildəki müxaliflərin ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərinə sinə gərir. Ermənistanın hökumət rəhbərini “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün İrəvanda keçirilməsi ilə bağlı təbrik edən Prezident İlham Əliyev isə böyük nikbinlik və əminliklə vurğulayır: “Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir”.
Ə.CAHANGİROĞLU
XQ

