4 May Ümumdünya Astma ilə Mübarizə Günüdür
İnsan həyatı bəzən ən sadə görünən nemətlərin üzərində qurulur. Nəfəs almaq kimi... Səhər oyananda, yolda addımlayanda, danışanda, güləndə. Amma bir anlıq dayansa, bütün dünya sanki öz ritmini itirir. Nəfəs insanın həyatla qurduğu ən incə körpüdür; görünməz, amma qırılmağa çox həssas.
Bəzən bu körpü daralır, nəfəsin yolu sıxılır və adi bir nəfəs almaq belə mübarizəyə çevrilir. O zaman insan həyatın ən sadə, ən təbii saydığı bir nemətin - nəfəsin nə qədər qiymətli olduğunu anlayır. Ümumdünya Astma Günü də məhz bu həqiqəti xatırladır: hər nəfəsin dəyərini, hər nəfəsin arxasında dayanan görünməz mübarizəni və həyatın nəfəs qədər incə tarazlığını.
Ümumdünya Astma ilə Mübarizə Günü hər il mayın birinci çərşənbə axşamı keçirilir. Bu günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır. İlk tədbir Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə 1998-ci ildə keçirilmiş və sonrakı illərdən etibarən hər ilin may ayının ilk çərşənbə axşamı kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir. Tarixi faktlara görə, bu təşəbbüsün əsas məqsədi dünyada milyonlarla insanı təsir altına alan astma xəstəliyi haqqında məlumatlılığı artırmaq, düzgün diaqnostika və müalicə imkanlarını genişləndirmək olub.
XX əsrdə alimlərin araşdırmaları nəticəsində astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib. Bəlli olub ki, astmanın inkişafının ən başlıca risk amilləri allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və idman da xəstəliyin əmələgəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik amillərin də rolu olur. Bəzən də astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur.
Diqqətin bu problemə yönəldilməsi təsadüfi deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, astma dünyada ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Hazırda dünyada 300 milyon nəfər həmin xəstəlikdən əziyyət çəkir və hər onillikdə onun sayı bir yarım dəfə artır.
Bakı Sağlamlıq Mərkəzinin pulmonoloqu Vüqar Səfərovun sözlərinə görə, bronxial astma tənəffüs yollarının daralması və selikli qişasının şişməsi nəticəsində yaranan, nəfəs darlığı ilə xarakterizə olunan xroniki xəstəlikdir. Xəstəlik özünü əsasən xırıltılı və “vızıltılı” tənəffüs, təkrarlayan öskürək tutmaları və nəfəs almaqda çətinliklə büruzə verir.
Həkimin bildirdiyinə görə, bronxial astmanın yaranmasında müxtəlif amillər rol oynayır. Bunlara allergik təsirlər, soyuqdəymə və infeksion xəstəliklər, eləcə də stres kimi amillər daxildir. Eyni zamanda, xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.
Xəstəlik zamanı tənəffüs yollarında geri dönə bilən daralma və tıxanma baş verir. Bu səbəbdən astma tamamilə sağalan xəstəlik hesab olunmasa da, düzgün yanaşma və müalicə ilə onun simptomlarını tam nəzarət altında saxlamaq mümkündür.
Pulmonoloq müalicənin əsasən inhalyasiya yolu ilə istifadə olunan dərman preparatları ilə aparıldığını vurğulayır: “Bu dərmanlar tənəffüs yollarında iltihabı azaldır və bronxların genişlənməsinə kömək edir. Ehtiyac olduqda antiallergik preparatlardan, iltihabəleyhinə vasitələrdən və bəzi hallarda infeksiya qoşulduqda müvafiq antibakterial müalicədən də istifadə oluna bilər. Bundan əlavə, xəstələrin allergen amillərdən uzaq durması, həkim nəzarətində mütəmadi müalicə alması və həyat tərzlərinə diqqət etməsi çox önəmlidir. Bronxial astma düzgün diaqnoz, vaxtında müalicə və daimi həkim nəzarəti ilə idarə oluna bilən xəstəlikdir. Bu yanaşma xəstələrin normal və aktiv həyat sürməsinə imkan yaradır”, – deyə Vüqar Səfərov qeyd etdi.
Ümumdünya Astma Günü həm də cəmiyyətə bir mesajdır: nəfəs almaq bəzən fərqinə varmadığımız, amma həyatın özünü təşkil edən ən böyük nemətdir. Bu gün bizə xatırladır ki, sağlamlıq diqqət və qayğı tələb edir. Nəfəs almaq həyatdır. Bu həyatı qorumaq isə həm fərdi, həm də ictimai məsuliyyətdir. Astma ilə yaşayan insanların mübarizəsini anlamaq və onlara dəstək olmaq – sağlam və şüurlu cəmiyyətin göstəricisidir.
Astma haqqında danışarkən əslində təkcə bir xəstəliyi deyil, insanın həyatla nəfəs-nəfəsə mübarizəsini danışmış oluruq. Bu mübarizə bəzən səssiz keçir, bəzən isə bir tutma ilə bütün dünyanı dayandıracaq qədər sərt olur. Amma ən önəmlisi odur ki, bu xəstəliklə yaşayan insanlar düzgün yanaşma və vaxtında qayğı ilə normal həyata qayıda bilirlər. Həkimlərin də vurğuladığı kimi, astma idarə oluna bilən bir xəstəlikdir, lakin bunun üçün həm tibbi nəzarət, həm də ictimai məsuliyyət vacibdir.
Nurəngiz ADİLQIZI
XQ


