Lakin bəzi ziyarətçilər cənnət məkanları zibilxanaya çevirirlər
Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə ata-baba ocaqlarına qayıdışı nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyat yenidən canlanır. Sürətlə dirçəldilən Qarabağa indi vaxtilə burada yaşamış sakinlərlə yanaşı, ölkəmizin dörd bir yanından işləmək, təhsil almaq, Tanrının bu yerlərə bəxş etdiyi təbiət gözəllikləri görmək üçün gələnlərin ardı-arası kəsilmir.
İnsanların şəhid qanı ilə suvarılmış torpaqlarımıza sonsuz sevgisi qürurvericidir. Ancaq təəssüf ki, həmin torpaqları ziyarət edənlər içərisində məsuliyyətsizlikdən təbiətə zərər verənlər, meşələri, yaşıllıqları, su hövzələrinin ətrafını zibilləyənlər də yox deyil. Bugünlərdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilati dəstəyi ilə Xocalı rayonunun Dağdağan kəndindəki gölün ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə keçirilən iməcilik “Xalq qəzeti”nin bu məsələ ilə bağlı bir müddət əvvəl gündəmə gətirdiyi mövzunun aktuallığını bir daha göstərdi.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin (DTA) Qarabağ Regional Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən ekoloji aksiyada Qarabağ Universitetinin tələbələri və Xankəndi şəhərində fəaliyyət göstərən otellərin əməkdaşları, o cümlədən könüllülər fəal iştirak ediblər. İməcilik zamanı gölün ətrafı tullantılardan təmizlənib, təbiətin füsunkar görüntüsünə xələl gətirən görüntülər aradan qaldırılıb.
Aksiyanın əsas məqsədi təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsinin, canlı təbiətə zərər vurulmasının və meşə yanğınlarının qarşısının alınması üçün maarifləndirmə və ekoloji məsuliyyət hissinin təşviq edilməsi olub. Belə ekoloji təşəbbüslər həm də regionda ətraf mühitin mühafizəsinə diqqətin artırılmasına, ekoloji mədəniyyətin formalaşdırılmasına və gənclərin təbiətin qorunması istiqamətində daha fəal iştiraklarına mühüm töhfə verir.
DTA-nın regional nümayəndəliyinin bu təşəbbüsü, sözsüz, təqdirəlayiqdir. Sevindiricidir ki, aidiyyəti dövlət qurumları tərəfindən vaxtında zəruri addımlar atılmaqla yanaşı, işğaldan azad edilmiş əraziləri təmiz saxlamağı vətəndaşlıq nümunəsinə çevirən, başqalarının tökdüklərini yığan həssas və vicdanlı insanlarımız kifayət qədər çoxdur. Ancaq hər birimiz Vətən sevgimizi torpaqlarımızı işğaldan azad etmək məqamında birliyimizlə göstərdiyimiz kimi, bu gün onu qorumaqla da göstərməliyik. Axı Tanrının Azərbaycana bəxş etdiyi bu əsrarəngiz təbiət gözəlliklərini qoruyaraq gələcək nəsillərə çatdırmaq babalarımızın bizə əmanətidir. Əmanətə sahib çıxaq, zibilləməyək ki, təmizləməyə ehtiyac olmasın!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

