İrəvanda “Avropa zirvəsi”

post-img

Xarici siyasətdə uğur, yoxsa siyasi mübahisə mövzusu?

İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) VIII zirvə görüşü Ermənistan daxilində fərqli siyasi dairələrdə müxtəlif reaksiyalar doğurub. Yerli media bu mövzunu aktiv şəkildə işıqlandırsa da, yanaşmalar siyasətçidən siyasətçiyə, redaksiyadan redaksiyaya dəyişir.

Məsələn, hökumətə yaxınlığı ilə seçilən media resurslarında çıxış edən siyasi şərhçilər müsbət məqamları qabardaraq, daha çox sammitin ölkənin beynəlxalq nüfuzunun artırdığını vurğulayırlar. Onlar qeyd edirlər ki, bu, Ermənistanın dövlət müstəqilliyini bərpa etməsindən bəri ev sahibliyi etdiyi ən böyük beynəlxalq siyasi tədbirdir. Üzv və tərəfdaş ölkələrdən 48 dövlət və hökumət başçısının, eləcə də dəvət olunmuş nümayəndələrin iştirak etdiyi sammitin Ermənistan üçün həm beynəlxalq diqqətin artması, həm də müxtəlif platformalarda özünü göstərmək imkanı yaratdığı qeyd olunur. Bu tip platformalarda danışan ekspertlər qeyd edirlər ki, belə tədbirlər Ermənistanın regionda tək, təcrid olunmuş vəziyyətdə qalmadığının sübutudur. Onların fikrincə, sammit Avropa ilə siyasi dialoqu gücləndirmək üçün fürsətdir. Hakimiyyətə loyallığı ilə seçilən və ya müstəqil xətt yürüdən ekspertlərin çıxışları əsasən yerli xəbər saytlarına və televiziya kanallarının studiya müzakirələrinə verilib.

Politoloq Suren Sarkisyan faktor.am-a açıqlamasında bildirib ki, İrəvanda keçirilən yüksək səviyyəli görüş Ermənistan üçün ilk növbədə siyasi baxımdan daha çox diqqət cəlb etmək imkanı yaradır. Onun sözlərinə görə, belə tədbirlər ölkənin beynəlxalq informasiya axınında daha aktiv yer almasına səbəb olur və bu, xüsusilə kiçik dövlətlər üçün vacib amildir. Sarkisyan qeyd edib ki, sammit təkcə rəsmi görüşlərlə məhdudlaşmır, eyni zamanda, müxtəlif ikitərəfli təmaslar üçün də əlavə imkanlar yaradır. O bildirib ki, bu tip platformalarda iştirak edən liderlərin diqqətinin İrəvana yönəlməsi Ermənistanın siyasi gündəmdə qalmasına kömək edir. Politoloqun fikrincə, bu, birbaşa nəticə verməsə belə, uzunmüddətli perspektivdə ölkənin beynəlxalq əlaqələrinin genişlənməsi üçün zəmin yaradır. Onun sözlərinə görə, bu cür görüşlər ölkənin mövqeyini təqdim etməsi üçün əlavə fürsət yaradır və bu da ümumi siyasi dinamikanın bir hissəsi kimi qiymətləndirilməlidir.

Politoloq Stepan Danielyan aysor.am-a bildirib ki, belə tədbirlər çox vaxt simvolik xarakter daşıyır və hələlik konkret nəticələr barədə danışmaq tezdir. Danielyan beynəlxalq kontekstdən danışaraq deyib ki, zirvə görüşü Ermənistanın Qərblə münasibətlərində yaxınlaşma cəhdinin bir hissəsidir. Onun fikrincə, hazırkı mərhələdə Ermənistanın müxtəlif istiqamətlərdə əlaqələrini paralel şəkildə inkişaf etdirməsi zəruridir və bu cür sammitlər məhz həmin siyasətin tərkib hissəsi kimi çıxış edir: “Sammitin İrəvanda keçirilməsi təsadüfi deyil və bu, ölkənin son illərdə apardığı xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirilə bilər. Belə platformalar vasitəsilə Ermənistan öz mövqeyini daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edir və bu, uzunmüddətli perspektivdə daha konkret nəticələrə gətirib çıxara bilər”.

* * *

Mövcud iqtidarın bütün addımlarını pisləmək yolunu tutan keçmiş xarici işlər naziri Vardan Oskanyan zirvə görüşü ilə bağlı tənqidi fikirlər səsləndirib. O, sosial şəbəkə hesabında yazıb ki, baş nazir Nikol Paşinyanın ölkəni Avropaya doğru aparacağı barədə bəyanatlarına artıq heç kim inanmır. Onun fikrincə, Paşinyan xarici siyasətdə milli maraqları qorumağa deyil, daxili siyasi dividendlər qazanmağa çalışıb və bu məqsədlə kəskin və ehtiyatsız siyasi bəyanatlarla çıxış edib: “Balanslı xarici siyasət yerinə o, Ermənistanın Avropaya yönəldiləcəyini elan edib. Bir neçə il əvvəl bu cür səthi proqramlara inananlar olsa da, indi aydın görünür ki, Ermənistan Avropaya bir addım da yaxınlaşmayıb, əksinə, respublika geosiyasi mübarizə meydanına çevrilib”. Onun sözlərinə görə, sadə vətəndaşlar artıq anlayır ki, Ermənistan təhlükəsizlik sistemini itirib, ciddi itkilər verib və əvəzində heç nə əldə etməyib. Oskanyan bildirib ki, bu kontekstdə ASB-nin sammiti, onun gündəliyi, qəbul edilən bəyanatlar və “Volodimir Zelenski kimi şəxslərin” (?) iştirakı Ermənistanın balanssız xarici siyasətini daha da qabarda bilər. Bu isə iqtisadiyyat və təhlükəsizlik baxımından mənfi nəticələrlə bağlı narahatlıqları artırır. O, əlavə edib ki, yaxın bir ayda keçiriləcək seçkilər fonunda seçicilər bu siyasətin ölkənin təhlükəsizliyi və iqtisadi dayanıqlılığına təsiri barədə ciddi düşünməlidirlər.

Daha bir tənqidi açıqlama ilə Respublika partiyası sədrinin müavini Armen Aşotyan çıxış edib. O bildirib ki, hakimiyyət İrəvanda keçirilən ASB sammitinin əhəmiyyətini təhrif edir: “Ermənistanın Avropa İttifaqı ilə institusional əlaqələri indiki hakimiyyətə qədər formalaşıb, buna görə də hazırkı proseslərin xarici siyasət uğuru kimi təqdim edilməsi düzgün deyil”.

Mövcud vəziyyətin ona acı bir lətifəni xatırlatdığını deyən sədr müavini əlavə edib ki, ölkə növbəti dəfə geosiyasi zəifləmə ilə üz-üzədir. Aşotyan vurğulayıb ki, Avropa İttifaqı ilə yaxınlaşma əvvəlki hakimiyyətin siyasətinin nəticəsi idi və bu prosesdə əsas mərhələ 2017-ci il noyabrın 24-də Brüsseldə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin imzalanması olub. Onun fikrincə, həmin sənəd Ermənistanın Avropa standartlarına yaxınlaşması üçün əsas olmalı idi, lakin bu potensial reallaşdırılmayıb. Aşotyan qeyd edib ki, bu saziş hazırda Avropa dəyərlərinin təhrif olunmuş şəkildə tətbiqinin və baş tutmayan islahatların göstəricisi kimi qalır. O hesab edir ki, 2018-ci ildən sonra Nikol Paşinyanın siyasəti Avropa dəyərlərinin zəifləməsinə gətirib çıxarıb və onun fikrincə, Aİ ölkələrindən heç biri belə idarəetməyə dözməzdi.

Politoloq Akop Badalyan isə Fransa Prezidenti Emmanuel Makronun “8 il əvvəl Avropa liderlərindən heç biri Ermənistana gəlməzdi” sözlərini aşıq-aşkar yalan adlandırıb. Guya, Makron bununla Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəlki dövrü nəzərdə tutub.

Analitik paylaşımında xatırladıb ki, 8 il əvvəl Ermənistanda Beynəlxalq Frankofoniya sammiti keçirilib və həmin tədbirdə E.Makron da iştirak edib, bu isə 2018-ci ildən xeyli əvvəl planlaşdırılmışdı. Həmin ilin yayında isə İrəvana o vaxtkı Almaniya kansleri Angela Merkel səfər edib və bu səfər də əvvəlcədən razılaşdırılmış proqram əsasında baş tutub. Badalyan qeyd edib ki, 2018-ci ilə qədər Ermənistanı bir çox ölkələrin liderləri, o cümlədən Avropa dövlətlərinin rəhbərləri ziyarət edib, ölkədə beynəlxalq təlimlər, o cümlədən NATO ilə bağlı proqramlar həyata keçirilib və Ermənistan beynəlxalq siyasi proseslərin tərkib hissəsi olub.

Göründüyü kimi, ASB-nin İrəvan sammiti ilə bağlı Ermənistanda vahid yanaşma formalaşmayıb. Hakimiyyətə yaxın dairələr bunu beynəlxalq inteqrasiya imkanı kimi təqdim edir, müxalif və tənqidi mövqedə olanlar isə simvolik və nəticəsiz proses kimi dəyərləndirir. Siyasi ekspertlər arasında da həm perspektiv imkanlar, həm də məhdudiyyətlər barədə fərqli baxışlar mövcuddur. Ümumilikdə isə müzakirələr ölkənin xarici siyasət xətti ətrafında mövcud fikir ayrılıqlarını bir daha ortaya çıxarır.

S.NAZİMOĞLU
XQ

Siyasət