Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması gündəmdə olan əsas mövzulardan biridir. Bu təşəbbüs təkcə memarlıq abidələrinin mühafizəsi və onların maarifləndirici məkan olaraq yaradılması ilə məhdudlaşmır, eyni zamanda, ölkəmizin iqtisadi inkişafının əmək bazarında vacib olan təhsil infrastrukturunun genişləndirilməsini də diqqətdə saxlayır. Bu baxımdan ölkəmizdə strateji sahə olan peşə təhsili müəssisələrinin tikintisi və bərpası da xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın əmək bazarında rəqabətqabiliyyətli, ixtisaslı kadrların hazırlamasında peşə təhsilinin müstəsna rolu vardır. Məhz buna görədir ki, son illər ölkədə təhsilin bu vacib sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2025-ci il dekabrın 5-də “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd peşə təhsilini əmək bazarının tələblərinə cavab verən sistemə çevirmək məqsədi ilə mühüm addımların atılmasını nəzərdə tutur.
Təhsil islahatlarının davamı olaraq 2026-2030-cu illər ərzində ölkədə müasir standartlara cavab verən 21 yeni peşə təhsili müəssisəsi tikiləcək, mövcud 2 təhsil müəssisəsi isə əsaslı təmir ediləcək. Qərar ölkədə peşə təhsilinin daha geniş miqyasda inkişaf etdirilməsi, kadr hazırlığı prosesinin müasirləşdirilməsi, insan resurslarının yaradılması məqsədilə verilib. Ümumilikdə isə peşə təhsili müəssisələrində təlim-tədris prosesi əmək bazarının tələblərinə uyğunlaşdıqca dövlət-özəl sektorlarında işçi qüvvəsinin keyfiyyəti də yüksəlir. Bu baxımdan yeni tikiləcək və bərpa olunacaq peşə təhsili müəssisələri iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq.
Sərəncam ölkədə peşə təhsili sisteminin yeni mərhələyə çıxarılması üçün genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Dövlət başçısının sərəncamına uyğun olaraq inşası nəzərdə tutulmuş yeni peşə təhsili müəssisələri əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının tədrisi üçün müasir infrastrukturla təmin ediləcək. Yeni müəssisələrin fəaliyyətə başlaması ilə ölkədə rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə təlim-tədris bazasının yaradılmasına nail olunacaq. Eyni zamanda, regional təhsil imkanlarının genişləndirilməsi bölgələrdə gənclərin peşə təhsilinə çıxışını asanlaşdıracaq. Bütövlükdə, texniki ixtisaslar üzrə peşəkar usta və mütəxəssislərin yetişdirilməsində yüksək standartlar tətbiq ediləcək. Müəssisələr əsasən inşaat, sənaye, texnologiya, xidmət sektoru və daha çox ixtisaslaşmış kadrlar hazırlamaq üçün nəzərdə tutulur.
Təmir olunacaq 2 peşə təhsili müəssisəsi isə təhsil prosesinin müasir standartlara uyğun yenidən qurulmasını təmin etməklə tədris bazasını texniki cəhətdən nəzərdə tutulan peşə tələblərinə cavab verəcək səviyyəyə çatdırılmasına yardım edəcək. Bu da tələbələrə daha effektiv təlim keçmək üçün imkanlar yaradacaq. Yeni tikiləcək müəssisələr müasir peşə sahələri üzrə kadr hazırlayaraq şəhərsalma və memarlıq sahəsində ixtisaslaşmış personalın formalaşmasına da şərait yaradacaq.
Bir məqamı da qeyd edək ki, yeni peşə təhsili müəssisələrinin tikintisinə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha çox ehtiyac duyulur. Bu, həm regionlarda infrastrukturun gücləndirilməsi məqsədilə təhsilimizin iqtisadi inkişafa inteqrasiyası, həm də təhsil sisteminin potensialının gücləndirilməsi deməkdir. Yeri gəlmişkən, bu il Xankəndi, Laçın və Cəbrayıl şəhərlərində dövlət peşə təhsili mərkəzlərinin tikintisi planlaşdırılır. Şuşa şəhərində Dövlət Peşə Təhsili Mərkəzi artıq əsaslı təmirdən sonra istifadəyə verilib. Kəlbəcər Dövlət Peşə Təhsili Mərkəzinin tikintisi isə davam edir.
Yeni peşə təhsili müəssisələrinin məhz həmin regionlarda fəaliyyəti orada yaşayan əhali üçün yeni imkanlar yaratmaqla yanaşı, peşə təhsilinə marağı da artıracaq. Bundan əlavə, Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Lənkəran-Astara, Ağsu, Quba-Xaçmaz və Şəki-Zaqatala zonalarında mövcud sənaye potensialının genişlənməsi turizm potensialının yüksəlməsi baxımından yeni peşə təhsili müəssisələrinin açılmasını zəruri edir. Naxçıvan isə sərhəd ticarəti, logistika və sənaye parkının inkişafı baxımından peşəkar mütəxəssislərə ehtiyac ilə üzləşir.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yüksək səviyyəli planlaşdırmanın, şəhərsalma standartlarının yenilənməsinin göstəricisidir. Belə bir şəraitdə peşə təhsilinin yenidən qurulması və genişləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilir. Ümid edirik ki, yeni peşə təhsili müəssisələrinin tikilib istifadəyə verilməsi müxtəlif peşə sahələri üzrə kadr hazırlayaraq şəhərsalma və memarlıq sahəsində ixtisaslaşmış personalın formalaşmasına şərait yaradacaq. Bu da iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcək.
Sevinc MƏMMƏDOVA,
“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru

