Tramvay Bakıya qayıdır...

post-img

İlk marşrut Mehdiabad–“28 May” metrostansiyası olacaq

2025-2030-cu illərdə paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı, ümumilikdə, 7 istiqamətdə 60-dan çox layihənin həyata keçirilməsini nəzərdə tutan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədi vətəndaşlara çeşidli mobillik imkanları yaratmaqla, avtomobilyönümlü şəhərdən vətəndaşyönümlü şəhərə keçidin gerçəkləşdirilməsidir. Ətraf mühitə mənfi təsirlərin azaldılması, vətəndaşların ictimai nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması, tıxacların aradan qaldırılması, sərnişinlərin fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata doğru yönləndirilməsi, yeni infrastrukturların tikintisi və s. kimi məsələlər də proqramın məqsədlərinə aiddir.

Dövlət Proqramında sərnişin axınının yüksək olduğu istiqamətlərdə tramvay nəqliyyat sisteminin tətbiqi də nəzərdə tutulur. Bu layihənin reallaşması ilə fərdi avtomobildən asılılıq azalmaqla yanaşı, yol sahəsindən daha səmərəli istifadəyə şərait yaranır. Ümumilikdə, adıçəkilən sənəddə nəzərdə tutulan bu tədbir Bakı şəhərində daha təhlükəsiz, əlçatan, inklüziv və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına yönəlmiş kompleks yanaşmanı əks etdirir. Yol, metro, avtobus, tramvay, piyada və alternativ mobillik həllərinin paralel və əlaqəli inkişafı isə paytaxtın uzunmüddətli iqtisadi rəqabətliliyini artırmaqla bərabər, həm də sakinlərin gündəlik həyat keyfiyyətinin yüksəldilməsini şərtləndirir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair yuxarıda adıçəkilən Dövlət Proqramının 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masada Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına qədər uzanacaq tramvay xəttinin texniki hazırlıq işlərinin artıq başa çatdığını bildirib. O, eyni zamanda, ilkin sxemə əsasən, bu xəttin “28 Mall” ticarət mərkəzinin qarşısından keçəcəyini, sözügedən ərazidə avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının, yolun əsasən ictimai nəqliyyat və velosiped zolaqları üçün nəzərdə tutulmasının mümkünlüyünü, avtomobil axınının isə paralel küçələrə yönəldilməsinin planlaşdırıldığını vurğulayıb.

Dəyirmi masada qeyd edilib ki, layihələndirmə mərhələsindən sonra tikinti işlərinə start verilməsi nəzərdə tutulur. İnşaat əməliyyatlarına başlanılandan sonra 3 il ərzində isə layihənin tamamlanması gözlənilir.

Bəs Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində bu istiqamətdə yaxın illərdə real nəticələr əldə etmək mümkün olacaqmı? Nəqliyyat eksperti Raqif Raufoğlunun sözlərinə görə, bu, əsasən büdcə imkanlarından və bir sıra obyektiv amillərdən asılıdır. Məsələn, Günəşli yaşayış massivi istiqamətində uzun müddətdir ki, işlərin aparıldığı qeyd olunsa da, prosesin hazırkı mərhələsi barədə konkret məlumat yoxdur. Digər ərazilərdə isə vəziyyət daha mürəkkəbdir. Bununla belə, tramvay xətlərinin çəkilməsi daha real variant kimi qiymətləndirilir və nəqliyyat yükünün azaldılmasında mühüm rol oynayacağına böyük ümid bəslənilir.

Ekspertin fikrincə, elektrik qatarlarının bərpası da nəqliyyat yükünün azalmasına ciddi töhfə verməsi baxımından mühüm təşəbbüs sayılır. Dövlət Proqramı çərçivəsində bu istiqamətdə layihələr həyata keçirilərsə, məsələn, Hövsandan Suraxanıya, eləcə də Əmircana qədər uzanan marşrutlar Bakı kəndlərinin bir çoxunu əhatə edə bilər.

1990-cı illərdə belə qatarlar mövcud olub, lakin sonradan xətlərin bir qismi ləğv edilib, bəzilərində isə qatar hərəkəti dayandırılıb. Həmin xətlərin yenidən bərpası və müasir qatarların istismara verilməsi isə paytaxtın nəqliyyat yükünün azalmasına müsbət təsir göstərər. Əgər əsas məqsəd tıxacların azaldılması və infrastrukturun gücləndirilməsidirsə, prioritet məhz bu istiqamətə verilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, Bakı şəhərində tramvay və trolleybusların fəaliyyətinin bərpası uzun illərdir müzakirə olunan mövzulardandır. Tramvayların bərpası prosesi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Dövlət Proqramında da öz əksini tapıb. Trolleybusların bərpasını da vacib sayanlar var, buna ehtiyac qalmadığını düşünənlər də az deyil. Hazırda trolleybusların yerini elektrobuslar tutur. Başqa sözlə, trolleybus ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olduğu üçün onun bərpasına müsbət yanaşılır. Lakin bu funksiyanı artıq elektrik mühərrikli avtobuslar yerinə yetirir. Tramvay isə daha çox sərnişin daşıması, rels üzərində hərəkət etməsi və sabit qrafiklə işləməsi səbəbindən şəhərlər üçün mühüm nəqliyyat vasitəsi sayılır. Bu baxımdan təkcə Bakıda deyil, ölkənin digər şəhərlərində də tramvayların işləməsi məqsədəuyğun hesab edilir.

Ekspert vurğulayır ki, əsas məsələ tramvayların dekorativ xarakter daşımamasıdır. Tramvay xətləri yalnız turistlər üçün deyil, rentabelli marşrutlar üzrə şəhər əhalisinə və qonaqlara xidmət göstərməlidir. Bu imkan Bakı şəhərinin Dövlət Proqramında da nəzərdə tutulub və prosesin sürətləndirilməsi mümkündür.

Tramvay xətlərinin konkret olaraq paytaxtın hansı ərazilərində çəkilə biləcəyinə gəlincə, ekspert qeyd edir ki, iri prospektlərdə və şose yollarında bu layihənin reallaşdırılması zəruridir. Tramvay xətləri vətəndaşların gündəlik “ev-iş” marşrutları üzərində planlaşdırılmalı, mövcud yol infrastrukturuna xələl gətirməməli və digər hərəkət iştirakçılarına mane olmamalıdır. Bakı şəhərinin kənar rayon və qəsəbələri, məsələn, Hövsan, Biləcəri, habelə digər ərazilər, eləcə də Ziya Bünyadov prospekti boyunca “Koroğlu” metrostansiyasına qədər tramvay xəttinin çəkilməsi real variant kimi qiymətləndirilir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə bildirir ki, hazırda Azərbaycanda kütləvi sərnişindaşıma sistemi arzuolunan səviyyədə deyil. İnsanlar mobil ehtiyaclarını daha çox fərdi nəqliyyat vasitələri ilə gerçəkləşdirir və gün ərzində, təxminən, 300 min avtomobil şəhərə daxil olur. Bu qədər avtomobilin ehtiyaclarını qarşılamaq üçün yol tikintisinin tempi yetərli deyil. Şəhər mühitində bir yolun tikilməsi və ya əsaslı rekonstruksiyası ən azı iki il vaxt tələb edir, halbuki avtomobilin alınması cəmi bir saat çəkir. Nəticədə avtomobillərin artım sürəti yol infrastrukturunun inkişaf tempini üstələyir. Bu səbəbdən ən rasional çıxış yolu ictimai nəqliyyatın inkişafıdır.

Ekspertin fikrincə, ictimai nəqliyyatda ən səmərəli model relsli nəqliyyat növlərinin inkişafıdır. Bu nəqliyyat növləri investisiya tutumlu islahatlar sırasında yer alır. Belə ki, yeraltı nəqliyyat metro, yerüstü nəqliyyat isə şəhərətrafı elektrik qatarları və tramvay xətləridir. Tramvay xətləri əsasən dəmir yolu və metro olmayan ərazilərdə çəkilir, çünki avtobuslar mövcud tələbi tam ödəyə bilmir. Bir avtobus orta hesabla 80-100 sərnişin daşıdığı halda, bir tramvay 300, bəzi hallarda isə 400 sərnişin daşımaq imkanına malikdir. Tramvayların ayrıca zolaqda və intensiv qrafiklə işləməsi isə onların səmərəliyini artırır və müxtəlif hava şəraitində sabit fəaliyyətini təmin edir. Bu baxımdan relsli nəqliyyat növləri daha alternativ və səmərəli model hesab olunur. Hazırda 5 istiqamətdə 3 depo tikilməsi planlaşdırılır və bu istiqamətlərdən biri Mehdiabaddan “28 May” metrostansiyasına qədər uzanacaq tramvay xəttidir. Bu layihə mühüm və strateji əhəmiyyətə malikdir.

Bu layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə icrası nəzərdə tutulur. Onlar mövcud nəqliyyat vəziyyətinin yaxşılaşdırılmasına töhfə verə bilər, lakin əsas şərt davamlılıq və sistemli yanaşmadır. Böyük şəhərlər üçün alternativ nəqliyyat növlərinin şəbəkələşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, adıçəkilən Dövlət Proqramı çərçivəsində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər şəhərin dayanıqlı inkişafını gerçəkləşdirməklə yanaşı, onun beynəlxalq miqyasda rəqabətqabiliyyətini artıracaq, ictimai nəqliyyatın rolunun gücləndirilməsi ilə fərdi nəqliyyat vasitələrindən asılılığın azalmasına və ekoloji cəhətdən təmiz və müasir nəqliyyat həllərinin tətbiqinə şərait yaradacaq. Eyni zamanda, İntellektual Nəqliyyat Sistemləri kimi müasir texnologiyalar yol hərəkətinin idarə edilməsini optimallaşdıracaq, şəhərdaxili və şəhərətrafı əlaqələrin səmərəliliyini artıracaq və nəqliyyat axınlarının idarə edilməsini daha çevik edəcək.

Beynəlxalq təcrübə də göstərir ki, şəhər nəqliyyatında tıxacların tamamilə aradan qaldırılması praktiki baxımdan mümkün deyil və bu problem həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə həllini gözləyən aktual məsələlərdən biri kimi yüksək alternativ xərclərlə müşayiət olunur. Bu baxımdan əsas məqsəd tıxacları tam aradan qaldırmaq deyil, şəhərin davamlı inkişafını əngəlləmədən nəqliyyat sisteminin səmərəli və balanslı şəkildə idarə olunmasını təmin etməkdir.

Ərşad HÜSEYNOV,
nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas

Bir vaxtlar paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən biri olan tramvay 2000-ci illərin əvvəlində fəaliyyətini dayandırdı. İndi isə onun yenidən istifadəyə verilməsi mövzusu müzakirə edilir. Bəs tramvayın yenidən Bakıya qayıtması, tıxacların azaldılmasına təsir göstərməsi mümkündürmü?

Azərbaycanda sovet dövründə və müstəqilliyin ilk illərində səmərəli fəaliyyət göstərən tramvay şəbəkəsi elə qurulmuşdu ki, şəhərin ən çox sərnişin axını olan istiqamətlərində işləyirdi. Universitetlərin, o cümlədən Tibb Universitetinin yaxınlığından keçirdi. Hətta indiki Qara Qarayev prospektini, yəni metronun “Neftçilər” stansiyası və ətraf zonaları əhatə edirdi. Təəssüf ki, şəhərin mərkəzini və paytaxtətrafı rayonları birləşdirən bu tramvay sistemi ləğv edildi. Nəticədə, bu gün həmin qərarın fəsadları aydın nəzərə çarpır və külli miqdarda sərmayə qoyaraq tramvay sistemini bərpa etmək zərurəti yaranır.

Tramvayın üstünlükləri çoxdur. Ən əsası, ekoloji cəhətdən təmizdir, tıxaclara düşmür, iri tutumludur və müasir şəhərlərdə hələ də geniş istifadə olunur. Məsələn, iki vaqonlu tramvay bir dəfəyə 300 nəfərə qədər sərnişin daşıya bilir. İri tutumlu olduğuna görə, tramvay ən ciddi sərnişin axını olan yerlərdə təşkil olunmalıdır.

Fikrimcə, bu nəqliyyat vasitəsi metro ilə əhatə olunmayan zonalarda fəaliyyət göstərməlidir. Məsələn, Bakıda Şimal-Cənub istiqamətində tramvay xəttinin yaradılmasına zəruri ehtiyacı var. Bu baxımdan Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına qədər uzanacaq tramvay xəttinin salınması mühüm önəm daşıyır. Eyni zamanda, Şərq-Qərb istiqamətində – “28 May” stansiyası ilə “Xətai” stansiyası arasındakı zonadan başlayaraq Günəşli, Qaraçuxur, Sabunçu yaşayış sahələri istiqamətlərinə qədər uzanan xətlərə də ehtiyac var. Çünki bu istiqamətlərdə sərnişin axını çoxdur və buna ciddi ehtiyac duyulur.

Bakıya tramvay xəttinin çəkilməsi ekoloji cəhətdən də sərfəlidir, elektrik enerjisi ilə işləyir, havanı çirkləndirmir, həm də iri tutumlu olur. Tramvaylar geniş şəbəkəyə malik olarsa, sərnişindaşımada böyük rol oynayar. Bir sıra xarici ölkə şəhərlərində cəmi iki zolaqdan ibarət olan küçədə də tramvay xətti çəkilib. Bu, hətta yol hərəkəti qaydalarını da uyğunlaşdırıb.

Avropada sərnişindaşımada tramvay və trolleybusların tətbiqi geniş vüsət alıb. Bu məsələdə, ilk növbədə, tıxacların aradan qaldırılması və insanların tez və vaxtında iş yerlərinə çatdırılması diqqət mərkəzində saxlanılıb. İkinci növbədə isə şəhərin, ümumilikdə, ekoloji tarazlığının pozulması ilə bağlı narahatlıqların aradan qaldırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Yeri gəlmişkən, onu da qeyd edim ki, tramvayların fəaliyyətinin bərpa edilməsi elə də asan məsələ deyil, bu prosesin reallaşması zamanı, şübhəsiz ki, bir sıra çətinliklər qarşıya çıxır. İlk növbədə, tramvay yolu üçün məkanın müəyyən edilməsi zəruridir, çünki bu infrastruktur konkret küçələrdə, prospektlərdə yer tutmalıdır, o cümlədən tramvay parkı olmalıdır. Bu məkanın müəyyənləşdirilməsi isə elə də asan məsələ deyil. Çünki hazırda paytaxtın yollarında sıx hərəkət var, hətta hansısa bir yolda təmir işi aparanda tıxac yaranır. Belə bir vəziyyətdə tramvay yolu çəkmək çox çətin işdir, lakin mümkündür.

Bu ictimai nəqliyyat növünün bərpa edilməsi üçün ikinci məsələ maliyyə vəsaitinin tapılmasıdır. Tramvayın bərpa olunması böyük məbləğdə vəsait tələb edir. Çünki xətlərin tikilməsi, parkın yaradılması və tramvayın alınıb paytaxta gətirilməsində bu amil əsas rol oynayır. Bu nəqliyyat vasitəsinin qiyməti avtobusdan bahadır. Burada bir məsələ də var ki, tramvay rentabelsiz nəqliyyat növüdür, ona görə ki, bu sahədə qiyməti qaldırmaq olmur. Bu baxımdan tramvayın bərpasına sərf edilən vəsaiti dövlətin köməyi olmadan sərnişinlərin gediş haqqı ilə geri qaytarmaq o qədər də asan məsələ deyil.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat