Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm

post-img

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti Rəşad Məmmədəliyev əməliyyatdan sonra həyatındakı dəyişikliklər və gündəlik qayğıları barədə danışıb.

AZƏRTAC xəbər verir ki, o, əməliyyatdan əvvəl hərəkət etməkdə çətinlik çəkdiyini, nəfəs darlığı və yorğunluq yaşadığını bildirib.

“Amma indi çox yaxşıyam. Əməliyyatdan dörd ay keçib, rahat gəzə və hərəkət edə bilirəm”, – deyə Rəşad Məmmədəliyev bildirib.

Pasiyent gündəlik diqqət etdiyi məqamlar barədə də danışıb: “Dərmanlarımı qəbul edirəm. Bəzi dərmanlar ömürlükdür, bəziləri isə müəyyən müddət üçündür. Yeməyim normaldır, gündə üç dəfə qida qəbul edirəm. Hərəkətim əvvəlki kimi çətin deyil və qorxu yoxdur”.

R.Məmmədəliyev əməliyyatın müddətindən də söz açıb: “Əməliyyat 5-6 saat davam etdi. Başqasının ürəyini daşımaq hissi mənim üçün çox məsuliyyətlidir, amma normal insan kimi yaşayıram. Donorun ailəsinə və əməliyyatda iştirak edən hər kəsə təşəkkür edirəm”.

Rəşad Məmmədəliyev, həmçinin bildirib ki, başqasının ürəyinin daşımaq ona psixoloji təsir göstərmir və həyatına normal davam edə bilir.

Sosial həyat