Azərbaycanda ilk transplantasiyalardan sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib

post-img

Azərbaycanda meyit donordan orqan transplantasiyasının başlanması donorluğa ictimai marağın əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beyin ölümü diaqnozunun qoyulması üzrə protokol hazırlanıb və 2023-cü ildən etibarən Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya və reanimatologiya ixtisasları üzrə tədris proqramına daxil edilib. Bu sahədə həkimlər üçün təlimlər və geniş maarifləndirmə tədbirləri həyata keçirilib.

Yeganə Abbasova qeyd edib ki, maarifləndirmə işlərində Təhsil Nazirliyi, ali təhsil müəssisələri, TƏBİB və kütləvi informasiya vasitələri fəal iştirak edib. 4 avqust 2023-cü ildən transplantasiya əməliyyatlarının icbari tibbi sığorta zərfinə daxil edilməsi isə bu sahədə mühüm dönüş nöqtəsi olub.

“Koordinasiya Mərkəzi yaradılarkən donor kimi qeydiyyatdan keçənlərin sayı cəmi 50 nəfər idi. İlk meyit donordan orqan transplantasiyasından sonra bu rəqəm 1200-ü keçib. Bu, Azərbaycan cəmiyyətinin humanist dəyərlərə sadiqliyinin göstəricisidir”, – deyə Yeganə Abbasova vurğulayıb.

Sosial həyat