Kipr adasında yerləşdirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatı 2026-cı il yanvarın 30-da verilən 2815 saylı qərarla daha bir il müddətinə uzadılıb. Qərarla bağlı olaraq Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin BMT-nin müvafiq qərarı ilə bağlı bəyanatında bildirilib.
Mətndə deyilir: “BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatı uzadılarkən, adada suveren bərabərliyə malik iki xalqdan biri olan Kipr türk tərəfinin razılığının bu dəfə də alınmaması BMT-nin köklü təcrübə və prinsiplərinə ziddir. Vurğulayırıq ki, Müvəqqəti Sülhməramlı Qüvvələr ŞKTC ərazilərindəki fəaliyyətlərini yalnız Şimali Kipr qurumlarının xoşniyyətli yanaşması sayəsində davam etdirə bilməkdədir. Sözügedən fəaliyyətlərin davamı üçün hüquqi əsasın ən qısa müddətdə yaradılmasının vacibliyini xüsusilə qeyd edirik. Bunun tezliklə baş verməməsi halında ŞKTC qurumları tərəfindən atılacaq addımlar Ana Vətən və Zəmanətçi ölkə olan Türkiyənin tam dəstəyinə malik olacaq”.
Bildirilib ki, Təhlükəsizlik Şurasının qərarında Kipr məsələsinin həllinə dair onilliklər boyu sınaqdan keçirilən və hər dəfə uğursuz olduğu sübut edilən üsullara hələ də istinad olunması həll səylərinə heç bir fayda vermir: “Əksinə, məsələyə adadakı reallıqlar əsasında ədalətli, daimi və dayanıqlı həll tapılmasını gecikdirir. BMT Təhlükəsizlik Şurasını adadakı hər iki tərəfə bərabər münasibət göstərməyə və həll üçün artıq səmimi şəkildə çalışmağa çağırırıq”.
“Kipr məsələsinin ən real həlli adada iki dövlətin yanaşı mövcudluğundan keçir. BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu reallığı qəbul etməyə, kiprli türklərin təməl hüquqları olan suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımağa, eləcə də adadakı iki qonşu dövlətin yaxın əməkdaşlığı ilə formalaşacaq, regional sabitliyin, inkişafın və rifahın irəli aparılacağı parlaq gələcəyin yolunu açmağa dəvət edirik” - deyə Türkiyə XİN bildirib.

