DİNİ və media müzakirələrinin qadın hüquqlarının qorunmasına təsiri

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmarla görüşüb.

Qahirə şəhərində işinə başlayan “Dini və media müzakirələrindən istifadə, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət Komitəsinin sədri İCESCO, eləcə də Türkiyə və Mərakeşlə həyata keçirilən uğurlu layihələrə toxunaraq, bu cür təşəbbüslərin Misirlə də reallaşdırıla biləcəyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Misirin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var.

B.Muradova, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi respublikanı yaratdığını xatırladıb, bu gün multikultural cəmiyyətə malik, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin sərbəst fəaliyyət göstərdiyi ölkə olduğunu qeyd edib.

Komitə sədri Azərbaycanda ailə dəyərlərinin, qadın və uşaq hüquqlarının qorunması istiqamətində qanunvericiliyin daim təkmilləşdirildiyini, erkən evliliklərin qarşısının alındığını, qohum nikahlarının qadağan edildiyini, məişət zorakılığı ilə mübarizə istiqamətində hüquqi mexanizmlərin gücləndirildiyini bildirib. O, bütün dünyada qadınların oxşar problemlərlə üzləşdiyini diqqətə çatdıraraq, bu sahədə beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin uşaqların sosial mediadan istifadəsi ilə bağlı müəyyən tənzimləmələrin vacibliyinə toxunub.

Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmar konfransın əsas məqsədlərindən birinin təcrübə mübadiləsi olduğunu qeyd edib. O, İƏT-ə üzv dövlətlərin qadın məsələləri üzrə qurumlarının rəhbər şəxslərinin 2021-ci ildə Qahirədə keçirilmiş 8-ci konfransının nəticələrinə əsasən yaradılmış Hüquq Kitabxanası və Düşüncə Mərkəzinin qadın hüquqlarını dəstəkləyən qanunvericilik təşəbbüslərinin və həyata keçirilən tədbirlərin paylaşılması baxımından əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, mərkəz İƏT ölkələri üzrə qadın hüquqları sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də əlverişli platformadır.

Amal Əmmar vurğulayıb ki, qloballaşma dövründə milli və mənəvi dəyərlərin qorunmasında medianın rolu xüsusi əhəmiyyət kəsb edir və bu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat