Parlamentin fevralın 10-da keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanunun layihəsini Milli Məclis ilk oxunuşda qəbul edib.
Plenar iclasın gündəliyinə salınan Uşaq hüquqları haqqında yeni qanun layihəsi müzakirəsi zamanı bildirilib ki, "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2023-cü il tarixli 524s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsi hazırlanmışdır.
Öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə məlumat verərək vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.
Daha sonra yeni qanun layihəsi millət vəkillərin müzakirəsinə təqdim edilib. Əvvəlcə komitə iclaslarında layihənin müzakirələri keçirilən komitə sədrləri çıxış edərək fikirlərini səsləndiriblər.
Qeyd olunub ki, yeni layihə yalnız uşaq hüquqlarını bəyan etmir, eyni zamanda onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı şəkildə tənzimləyir. Layihədə ilk dəfə anlayışlar sistemi formalaşdırılır ki, bu da hüquq tətbiqi zamanı mövcud boşluqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.
Bildirilib ki, yeni layihədə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Həmçinin diqqətə çatdırılıb ki, yeni layihədə zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir.
Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir.
Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində "erkən evlilik" ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır.
Həmçinin, çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur.
Qeyd edək ki, yeni layihədə hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.
Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir. Bu yanaşma uşaq ədalət sistemi konsepsiyasına tam uyğundur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, yeni qanunun ilk oxunuşdan qəbul edilməsinə və müsbət yanaşmaya görə təşəkkürünü bildirib.
XQ

