Özbəkistan muzeyində Azərbaycan bölməsi yaradılacaq

post-img

Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə muzeyin direktoru Cənnət İsmayılova arasında görüş keçirilib.

Tərəflər muzey fəaliyyətinin mövcud vəziyyəti, ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivləri, həmçinin birgə sərgi və elmi-maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Bildirilib ki, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı çərçivəsində həyata keçirilir və bu proses Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənir.

Görüşün yekununda Özbəkistan Dövlət Tarix Muzeyində Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçilik ənənələrinə həsr olunmuş daimi ekspozisiya bölməsinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində yaradılması, ekspozisiyanın mərkəz tərəfindən formalaşdırılması və ölkəmizə məxsus eksponatlarının muzeydə daimi əsasda nümayiş etdirilməsi barədə razılıq əldə olunub.

XQ

Sosial həyat