Bir abidəyə diqqətsizliyin utandırıcı tarixçəsi

post-img

Abidələrə qayğı keçmişə ehtiram, sağlam gələcəyə zəmanətdir. Lakin bu gün Xırdalan şəhəri 4 saylı məktəbin qarşısında ucalan akademik Mirəsədulla Mirqasımovun büstü ətrafındakı mənzərə insana utanc gətirir. Əməkdar jurnalist İttifaq Mirzəbəylinin ictimailəşdirdiyi bu acınacaqlı fakt əlaqədar qurumları və məsul şəxsləri, nədənsə, narahat etməmişdi.

Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti, tibb elmləri doktoru, görkəmli alim-cərrah Mirəsədulla Mirqasımov kimi dühanın xatirəsi önündə nə vaxtdır qalaqlanan zibillər, ətrafa yayılan üfunət göstərir ki, biz “sağlam gələcək”dən danışsaq da, onun zəmanəti olan keçmişimizi laqeydlik poliqonunda tərk etmişik. Hər gün yüzlərlə şagird dahilərin ölməzliyini tərənnüm edən sətirləri əzbərləyir, lakin küçəyə çıxdıqda onların qarşısında tam fərqli, ağrılı mənzərə dayanır. Sinif otağında elmin müqəddəsliyindən bəhs edən dərslər məktəb həyətindəki acı gerçəkliklə bir araya sığmır. Zirvəyə ucalmaq üçün ömrünü fəda edən alimin büstü toz içində boğulan ideallarımızın səssiz fəryadıdır. Beləcə, gənc nəslin gözündə alimin büstü ucalığın rəmzi deyil, cəmiyyətin öz mənəvi dəyərlərini necə asanlıqla “unudulmuşlar xiyabanı”na döndərə biləcəyinin sübutuna çevrilir.

Məsələnin mənəvi yükünü ağırlaşdıran daha bir məqam alimin oğlu, Xalq artisti Oqtay Mirqasımovun müraciətlərinin cavabsız qalmasıdır. Tanınmış sənətkar ürəkağrısı ilə bildirdi ki, dəfələrlə bu rəzalətin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb:

– Mən bu dözülməz vəziyyətlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişəm. Atamın büstü ətrafındakı natəmizliyi görüb susmaq mümkün deyil. Oradakı mənzərə bir övlad kimi mənə ağır gəlir, bir vətəndaş olaraq qürurumu incidir.

Xalq artistinin dediklərinə əlavə olaraq bildirək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu cür abidələrin mühafizəsi və ətrafının abad saxlanılması birbaşa yerli icra hakimiyyəti orqanlarının və müvafiq nazirliklərin vəzifə borcudur.

Bununla belə, tanınmış sənətkarın müraciətlərinin formal olaraq cavablandırılması görkəmli şəxsiyyətlərin xatirəsinə laqeydliyin bariz nümunəsidir. Akademikin büstü ətrafındakı acınacaqlı mənzərə, eyni zamanda, dövlətçilik ənənələrinə və ziyalı irsinə hörmət prinsiplərinə tamamilə ziddir.

Bu dözülməz mənzərəyə dair ən böyük suallar isə abidənin yerləşdiyi – Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin rəhbərliyinə ünvanlanır. Hər gün yüzlərlə şagirdin, onlarla müəllimin yanından keçdiyi bu “üfunət poliqonu”, sanki, görünməz olub. Günlərlə təhsil ocağının qapısında heyvan cəsədinin çürüməsinə, zibil qalaqlarının alimin büstünü mühasirəyə almasına göz yumulması tarixi və mədəni yaddaşa qarşı hörmətsizliyin sarsıdıcı əksidir.

Məsələyə aydınlıq gətirmək və bu dözülməz sükutun səbəbini öyrənmək məqsədilə Xırdalan şəhər 4 nömrəli tam orta məktəbinin rəhbərliyi ilə əlaqə saxladıq. Bizim müraciətimiz və məsələnin ictimai müstəviyə daşınması bir neçə saat ərzində utancverici mənzərənin aradan qaldırılması ilə nəticələndi. Məktəbdən bildirildi ki, ərazidə artıq təmizlik işləri aparılıb və akademik Mirəsədulla Mirqasımovun büstü ətrafındakı qeyri-etik mənzərə aradan qaldırılıb.

Müraciətimizdən dərhal sonra ərazidə təmizlik işlərinə başlanıldı, zibillər daşındı və 20 gündür ətrafı üfunətə qərq edən tullantılar təmizləndi. Lakin bu gecikmiş addım daha ağır bir sualı gündəmə gətirdi: Bir alimin xatirəsini qorumaq üçün mütləq kənar müdaxilə, jurnalist sorğusu və ya ictimai təzyiq lazımdır? Günlərdir məktəbin inzibati heyəti tərəfindən görülməyən bu işin bir neçə saata həll olunması sübut edir ki, problem diqqətsizlikdə, məsuliyyət hissinin olmamasındadır.

Büstün ətrafı təmizləndi, amma günlərlə o mənzərənin yanından səssiz-səmirsiz keçən kollektivin vicdanı hələ də bu mənzərənin yükünü daşıyır. Tələsik aparılan təmizlik işləri qorxu və ifşa olunmuş diqqətsizliyin izini silmək cəhdidir. Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanın ilk cərrah-aliminin büstü qarşısında heyvan cəsədinin çürüməsinə, ərazinin üfunət qoxmasına göz yumanlar əslində, milli-mənəvi dəyərləri ayaq altına atıblar.

Məsələ büstün təmizlənməsi ilə bitmir. Əgər biz bir büstə baxanda yalnız daş və ya metal görürüksə, deməli, ən böyük itkimiz elə buradan başlayır. Tarixi şəxsiyyətlərimizin simasında ucaldılan o abidələr, əslində, bizim kollektiv yaddaşımızın mayaklarıdır. Unutmaq olmaz ki, onlara qarşı etinasızlıq öz köklərimizə və kimliyimizə qarşı göstərilən soyuqqanlılıqdır.

Fidan ƏLİYEVA
XQ





Sosial həyat