Düyü bazarı da qlobal qiymət artımının önündədir

post-img

Xarici məhsul ikiqat baha, yerli istehsal 2 dəfə aşağıdır

Azərbaycan mətbəxinin ənənəvi əsas məhsullarından olan düyünün istehsalında ölkəmiz hələ də artım əldə edə bilməyib. Qlobal düyü bazarında yüksək qiymət dəyişkənliyi müşahidə edildiyi 2023-cü ildən etibarən bu seqment birjalarda bahalaşan idxaldan asılı vəziyyətdə qalıb, növbəti qiymət artımı isə cari ilin fevral ayında qeydə alınıb. Hindistan, Pakistan, Çin və Vyetnamda son illər diqqətçəkən əlverişsiz iqlim şəraiti çəltiyin məhsuldarlığının azalmasına səbəb olub. Mütəxəssislər tərəfindən indiki qiymət artımı isə Asiya və Afrikada tələbatın durmadan artması, Çindən kütləvi alışların yaranması və ABŞ-da düyü ehtiyatının azalması ilə əlaqələndirilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, bu mövsüm bütün əsas taxıl bitkilərinin istehsalının artacağı gözlənilir, düyünün isə ən zəif artım göstərəcəyi proqnozlaşdırılır. Bundan əlavə, FAO-nun cari il fevral ayının əvvəlində düyünün qiymət indeksini 1,8 faiz artırdığı da bildirilir. Adıçəkilən qurumun yaydığı məlumatda bu göstərici məhsulun bazar seqmentində heç də yaxşı olmayan vəziyyəti kimi qiymətləndirilir.

Yeri gəlmişkən, 2024-cü ildə məhsuldarlığın yüksəlməsinə və təklifin çoxalmasına baxmayaraq, düyü bazarının dəyişkənliyi 2025-ci ildə yenidən artıb. İqlim dəyişikliyi ilə yanaşı, logistika çətinlikləri, ticarət siyasətindəki ziddiyyətlər və Asiyada bu strateji məhsulun daxili ehtiyatının və yığımının artması da mövcud vəziyyətə öz mənfi təsirini göstərib. Düyü ixracına məhdudiyyətləri Hindistan və Pakistan arasındakı gərginlik, İrandakı müharibə şəraiti və Yaxın Şərqdəki vəziyyət də ağırlaşdırıb. Başqa sözlə, məhsuldarlığın kəskin azalmasını düyü çatışmazlığı ilə yanaşı, həm də iqtisadi-siyasi amillərin doğurduğu beynəlxalq təchizatdakı müvəqqəti fasilələr də çətinləşdirib.

Hazırda qlobal bazarlarda düyünün birja qiymətinin 11 dollardan bir qədər yuxarı qalxdığı, bunun isə 2025-ci ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə yaxın olduğu bildirilir. Qiymət artımı Asiya və Afrika ölkələrində güclü tələbatla əlaqələndirilir və düyü əsas qida məhsulu kimi dəyərləndirilərək onun sabit istehlak bazarı dəstəklənir. Eyni zamanda, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin fevral ayı hesabatına görə, sabit daxili istehlak və azalan ixrac fonunda cari il bu ölkə bazarında düyü təklifinin azalacağı proqnozlaşdırılır.

Ekspertlərin fikrincə, düyü istehlak edən əsas bölgələrdə güclü tələbat qiymətləri yüksək səviyyədə saxlayır. Eyni zamanda, idxal asılılığı, geniş həcmli nəqliyyat xərcləri və davamlı valyuta dəyişkənliyi bir neçə inkişaf etməkdə olan ölkədə daxili qiymətlərə də mənfi təsir göstərir.

Azərbaycan düyü idxalından asılı olan bazarlardan biridir. Təxminən bir əsrdir ki, çəltik becərilməsi ölkəmizin cənub bölgəsində kənd təsərrüfatının inkişafı üçün prioritet hesab olunur. Lənkəran və Astara ilə yanaşı, bu məhsul Ağdaş, Ucar, Salyan, Biləsuvar və Zərdab rayonlarında da əkilir.

Düyü istehsalı ölkəmizdə 1927-ci ildə ən yüksək həddə çatdırılaraq 54 min hektar sahədə becərilib. Lakin sonrakı illərdə respublikamızın cənub bölgəsində kənd təsərrüfatı prioritetləri tərəvəzçilik, üzümçülük və sitrus becərilməsinin inkişafına yönəldilib. 1990-cı və 2000-ci illərdə ölkədə düyü istehsalı kiçik və texnoloji cəhətdən geridə olan təsərrüfatların üzləşdiyi çoxsaylı problemlər səbəbindən son dərəcə aşağı səviyyədə qalıb.

Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə adıçəkilən Dövlət Proqramına əsaslanılaraq 2025-ci ilə qədər respublikamızın düyüyə olan əsas ehtiyacının yerli istehsal hesabına ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Sözügedən sənədə əsasən Koreya istehsalı olan avadanlıqların idxalı və bir sıra kənd təsərrüfatı, eləcə də suvarma tədbirlərinin həyata keçirilməsi də bu istiqamətdə prioritetlər sırasına daxil edilib. Bundan başqa, Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə hər hektarda orta məhsuldarlığın 40 sentner olmaqla çəltik əkini sahələrinin 10 min hektara, istehsal həcminin isə 40 min tona çatdırılacağı proqnozlaşdırılıb.

Haqqında bəhs edilən Dövlət Proqramında, eləcə də regionların sosial-iqtisadi inkişafı üzrə bir sıra rəsmi sənədlərdə ölkəmizin müxtəlif bölgələrində dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub, bu istiqamətdə müvafiq layihələr həyata keçirilib. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, yerli şəraitə adaptasiyası və toxumçuluğun təşkili istiqamətində tədqiqat işləri də diqqət mərkəzində saxlanılıb.

Çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması məqsədilə Lənkəran rayonu ərazisində lazımi infrastruktur qurulub. Bütün bunlarla bərabər, çəltikçiliyin geniş yayıldığı ölkələrdən Azərbaycana yüksək məhsuldar toxum sortlarının idxalına da mühüm önəm verilib. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İslam Respublikasından respublikamıza yeni çəltik sortları gətirilib.

Lakin bütün bunlara baxmayaraq, hazırda respublikanın düyü idxalından yüksək asılılığının davam etməsi pərakəndə satış qiymətlərinin artmasında nəzərəçarpacaq dərəcədə özünü göstərir. Belə ki, 2023-cü ildə idxal edilən uzun dənəli düyünün bir kiloqramının qiyməti Bakı bazarlarında 3-3,5 manat idisə, 2026-cı ildə, təqribən, 4,5 manata, ətirli və bişdikdə bir-birinə yapışmayan xüsusiyyətləri ilə seçilən Premium Basmati sortlarının kiloqramı isə 5 manata satılır. Bu, təkcə xaricdə düyünün qiymətinin artması ilə deyil, həm də məhsulun ölkəyə idxal həcminin azalması ilə əlaqədardır.

Bahalaşmanın əsas səbəbləri

Kənd təsərrüfatı elmləri doktoru Hüsü Əmirovun fikrincə, Azərbaycanın çəltikçilik sektorunda əsas problemlərdən biri suvarma infrastrukturu ilə bağlıdır. Çəltik sahələri üçün xüsusi suvarma sistemi tələb olunur və bu sahədə investisiyalar hələ də kifayət qədər deyil. Digər mühüm problem isə texnoloji gerilikdir. Bu çətinliyi aradan qaldırmaq məqsədilə müasir əkin və emal texnologiyalarının tətbiqini gerçəkləşdirməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq olar. Lakin kiçik fermer təsərrüfatlarının bu texnikanı əldə etmək imkanları məhduddur. Bundan əlavə, toxumçuluq və seleksiya sahəsində də daha ciddi elmi fəaliyyətə ehtiyac var. Yerli iqlim şəraitinə uyğun yüksək məhsuldar sortların yaradılması məhsuldarlığın artırılmasında mühüm rol oynaya bilər.

Sadalananlarla yanaşı, bir neçə istiqamətdə də sistemli addımların atılması vacibdir. Belə ki, ilk növbədə, suvarma infrastrukturunun genişləndirilməsi, müasir texnologiyaların tətbiqinin stimullaşdırılması, toxumçuluq və seleksiya proqramlarının gücləndirilməsi, eləcə də fermerlər üçün güzəştli kredit və investisiya mexanizmlərinin genişləndirilməsi zəruridir. Eyni zamanda, idxalın diversifikasiyası da mühüm önəm daşıyır. Bu baxımdan, müxtəlif ölkələrlə uzunmüddətli idxal müqavilələrinin bağlanması ilə qlobal bazardakı kəskin dalğalanmaların təsirini müəyyən qədər azaltmaq mümkündür.

Alim bildirdi ki, Azərbaycanın düyü bazarında idxaldan asılılığını azaltmaq üçün aqrar siyasət tədbirlərinin kompleks həyata keçirilməsi zəruridir. İlk növbədə, suvarma infrastrukturunun genişləndirilməsi vacibdir. Çünki çəltik becərilməsi üçün su əsas amildir. Buna görə də ölkəmizin cənub və aran bölgələrində çəltik sahələri üçün xüsusi suvarma sistemləri yaradılmalıdır. Yeni kanalların və nasos stansiyalarının tikilməsi, həmçinin mövcud meliorasiya sistemlərinin modernləşdirilməsi məhsuldarlığın artmasına mühüm təsir göstərə bilər.

Mütəxəssislərin fikrincə, fermer təsərrüfatlarının parçalanmış strukturu istehsalın səmərəliliyini azaldır. Bu səbəbdən çəltikçilik üzrə aqrar klaster modeli tətbiq olunmalıdır. Bu model çərçivəsində əkin sahələri birləşdirilir, müasir texnika kollektiv şəkildə istifadə olunur, emal və qablaşdırma müəssisələri yaradılır, eləcə də məhsulun satış zənciri vahid sistemdə təşkil edilir. Bundan başqa, hazırda yerli iqlim şəraitinə uyğun məhsuldar sortların yaradılması əsas prioritetlərdən biridir. Lənkəranda fəaliyyət göstərən aqrar tədqiqat infrastrukturu bu sahədə mühüm rol oynaya bilər.

Çəltikçiliyin inkişafını şərtləndirən amillər sırasında seleksiya proqramlarının genişləndirilməsinə də zəruri ehtiyac duyulur. Bu məsələ reallaşdığı təqdirdə isə xəstəliklərə davamlı sortların yaradılması, məhsuldarlığın artırılması və su sərfiyyatının azaldılması gerçəkləşər. Fermerlər üçün maliyyə dəstəyinin gücləndirilməsi, yəni güzəştli kreditlərin verilməsi, texnika lizinq proqramlarının hazırlanması və aqrar sığorta mexanizmlərinin genişləndirilməsi də istehsalın artması ilə nəticələnər.

Qiymət artdıqca alıcılıq azalır

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə respublikaya, təxminən, 64 min 300 ton düyü idxal edilib, 2025-ci ildə isə bu rəqəm 54 min 900 ton olub. Göründüyü kimi, təklifin azalması bazar qiymətlərinin artması ilə nəticələnib. Lakin belə bir vəziyyət hökumətin bu sahədə heç bir iş görmədiyini deməyə əsas vermir. Təkcə onu qeyd edək ki, çəltik becərilməsinə marağı stimullaşdırmaq üçün hazırda yerli fermerlərə hər hektar əkin sahəsinə 360 manat subsidiya verilir. Lənkəran rayonunda düyü yetişdirilməsi və toxum istehsalı üzrə tədqiqatlar üçün lazımi infrastruktur yaradılıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çəltikçilik sənayesinin stimullaşdırılmasına qismən kömək edib.

Bütün bunlara baxmayaraq, əsas məqsəd, yəni çəltiyin əkin sahəsinin 10 min hektara, məhsuldarlığın 2,5 dəfədən çox artırmaqla hektardan 40 sentnerə çatdırılması gerçəkləşməyib. Düzdür, son illər ölkədə əkin sahəsi bir qədər artıb və Azərbaycan Düyü İstehsalçıları və İxracatçıları İctimai Birliyinin məlumatına görə, 2024-cü ildə bu rəqəm, təxminən, 4 min 700 hektar olub. Ötən il isə ən yüksək göstərici, təxminən, 20 min ton çəltik istehsalı qeydə alınıb.

Ekspertlərin hesablamalarına görə, Azərbaycanda düyü istehlakı ildə, təxminən, 65 min – 70 min ton təşkil edir ki, bunun da 70 faizdən çoxu Pakistan və Hindistandan, daha az dərəcədə isə İran, Tayland, Vyetnam və Rusiyadan idxal hesabına ödənilir. Xatırladaq ki, Nazirlər Kabineti 22 noyabr 2022-ci il tarixli qərarı ilə 2027-ci il dekabrın 31-nə qədər ölkəmizə Pakistan düyüsünün rüsumsuz idxalına razılıq verib və bu məhsulun ticarətini əhəmiyyətli dərəcədə artırıb. Bu qərar, eyni zamanda, dost ölkədən idxal edilən düyü qiymətlərinin sabitləşdirilməsinə müsbət təsir göstərib.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Son illər dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik strateji kənd təsərrüfatı məhsullarının qiymətlərinə ciddi təsir göstərir. Bu prosesdən təsirlənən əsas məhsullardan biri də düyüdür. 2023-cü ildən etibarən qlobal düyü bazarında qiymətlərin yüksək dəyişkənliyi qeydə alınır və bu tendensiya 2026-cı ilin əvvəlində də davam edir. Bu proses təkcə beynəlxalq ticarətə deyil, eyni zamanda, idxaldan asılı ölkələrin ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. Azərbaycan da məhz belə ölkələr sırasındadır.

Düyü ölkə mətbəxinin ənənəvi və əsas ərzaq məhsullarından biridir. Plov mədəniyyəti ölkənin kulinariya irsinin ayrılmaz hissəsi hesab olunur. Lakin bu məhsul üzrə daxili istehsalın hələ də tələbatı tam ödəyə bilməməsi ölkəni idxaldan ciddi şəkildə asılı vəziyyətdə saxlayır. Qlobal bazarda baş verən hər bir dəyişiklik isə daxili qiymətlərə dərhal təsir edir.

Beynəlxalq təşkilatların məlumatlarına görə, son illər düyü bazarında qiymət dəyişkənliyinin əsas səbəbləri iqlim məsələləri, logistika problemləri və geosiyasi çətinliklərdir. Xüsusilə Asiya regionunda müşahidə olunan quraqlıq və ekstremal hava hadisələri məhsuldarlığın azalmasına səbəb olur.

Hazırda ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, çəltikçiliyin infrastruktur təminatının yaxşılaşdırılması, çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, çəltik emalı müəssisələrinin yaradılması, düyü məhsulunun rəqabət qabiliyyətliliyinin artırılması və ixracının təşviqi, həmçinin çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi hökumət qarşısına mühüm vəzifə kimi qoyulub.

Çəltik əkini sahələrinin artırılması məsələsinə gəlincə, Azərbaycanda bu məqsəd üçün kifayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda respublikada su ehtiyatları ilə bağlı çətin vəziyyət müşahidə olunur. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsini mənimsəyərək yeni suvarma texnologiyaları tətbiq edilsə, çəltik istehsalında daha yüksək göstəricilərın əldə olunması mümkündür.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat