İlk “ağıllı kənd”in müasir təhsil ocağı

post-img

Qarabağ və Şərqi Zəngəzurda ilk modern məktəb Zəngilan rayonunun Ağalı kəndindədir. Əzəli yurda qayıdışın ilk ünvanı olan, “ağıllı kənd” layihəsi əsasında tikilən kəndin tədris ocağında müəllim və şagirdlərlə həmsöhbət olduq.

Məktəbin direktoru, əslən Zəngilan rayonundan olan Azər Niftəliyev söhbət zamanı bir maraqlı məqama toxundu:

– Azad edilmiş ərazilərdə bərpaolunan ilk məktəbin zənginin səsi təkcə 30 ildən sonra dərsin başlandığını deyil, həm də bölgədə həyatın, ümidin və gələcəyin yenidən “doğulduğunu” aləmə yaydı. İşğal dövründə kənddəki bütün tikililər, o cümlədən məktəb binası tamamilə dağıdılmışdı. Burada basdırılan minaların axtarışı zamanı dağıntılar altından məktəbin zəngi tapılıb və təmir edildikdən sonra öz yerindən asılıb. 30 ilə yaxın susdurulan zəng indi möhtəşəm zəfər əzmi ilə səslənərək şagirdləri qəhrəmanlıq hissi ilə təhsilə bağlayır.

Məktəbdə təhsil alan uşaqlar kimi, müəllimlərin də bir qismi Zəngilanda doğulmayıblar və respublikanın müxtəlif ərazilərdən gəliblər. Onları birləşdirən bir amal var: azad torpaqlarda quruculuq missiyasının bir hissəsi olmaq.

Məktəbin müəllimi İlahə Əsgərova Ağalı kəndini arzusunun gerçəkləşdiyi ünvan adlandırır:

– Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuşam və ali məktəbdə oxuyana qədər orada yaşamışam. 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olundum. Tələbəlik illərim Vətən müharibəsi dövrünə düşdü. 2024-cü ildə universiteti bitirib, MİQ imtahanında yüksək bal topladım. Vakansiya seçimində Ağalı kəndinin adını görən kimi tərəddüd etmədən ilk seçimi təsdiqlədim. Artıq ikinci ildir ki, bu məktəbdə çalışıram. İşğaldan azad olunmuş ərazilərdə müəllim olmaq, sadəcə, peşə deyil, bu igidlərimizin döyüş rəşadəti hesabına tarix yazılan torpaqda gələcəyi qurmaqdır.

Yardımlı rayonunun Çayçı kəndindən olan Sahil Aslanov Lənkəran Dövlət Universitetinin tarix və coğrafiya müəllimliyi fakültəsini bitirib. 2022-ci ildə Ağalı məktəbinin fəaliyyətə başladığını eşidən kimi müraciət edib və müvafiq imtahanlardan uğurla keçərək coğrafiya müəllimi kimi işə başlayıb:

– İlk dəfə bu ərazilərə gələndə dağıntıları görüb sarsılsam da, Ağalıya çatanda tam fərqli mənzərə ilə qarşılaşdım. Müasir yollar, işıqlandırma sistemi və yeni məktəb binası insanı valeh edir. 2022-ci ildə 53 şagirdlə fəaliyyətə başlayan məktəbdə bu gün 288 şagird təhsil alır.

Ağalı məktəbində bəzi dərslər açıq havada keçilir. Əslən Zəngilan rayonundan olan təbiət və fizika müəllimi Ləman Nəcəfova müəllim ailəsində böyüyüb:

– Ailəmizdə müəllim peşəsinə son dərəcə böyük hörmət olduğundan mən də bu sahəni seçdim. Bir müddət şəhər məktəblərində işləsəm də, hiss edirdim ki, rayona olan sevgim məni bura çəkir. Qələbədən sonra rayonumuzun bütün sahələr üzrə inkişaf etdiyini görürdüm. Müvafiq qurumlara müraciət edərək doğma yurdumuza qayıtdım. Rayonun mərkəzi hissəsində olan evimizin yanında inşa edilən binada ailəmə də tam şəraitli ev veriblər. Artıq püşkatma keçirilib və evimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik.

Şəmsiyyə Şəmsəddinova Yevlax rayonunun Ələş kəndində anadan olub və ali təhsil alana qədər orada yaşayıb:

– 2020-ci ildə Mingəçevir Dövlət Universitetini bitirmişəm. İşğaldan azad edilmiş torpaqlarda işləmək arzum idi. MİQ-də iştirak etdikdən sonra vakansiyada Ağalı kənd məktəbinin adını gördüm. Vakansiyada təyinatım təsqdiqləndikdən sonra ailəmə məlumat verdim. 2022-ci il sentyabrın 11-də Bakıdan bizim üçün ayrılmış avtobusla Ağalıya gəldik. 4 ildir ki, burada çalışıram. Həyatımda heç vaxt unutmayacağım anlardan biri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanımla Ağalıda görüşümüz oldu. İşğaldan azad olunmuş məktəbdə çalışmağın və ölkə rəhbəri ilə görüşməyin xoş təəssüratlarını dostlarla bölüşürəm.

Əslən Zəngilan rayonundan olan Cəfər Cabbarlı 2001-ci ildə Bakı şəhərində anadan olub. Məcburi köçkünlük illərində valideynləri ilə birlikdə Bakının Zabrat qəsəbəsində 2 saylı yataqxanada məskunlaşıblar. 36 saylı rayon məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya müəllimliyi üzrə bakalavr və magistr təhsili alıb. Müəllim kimi ilk fəaliyyətinə İsmayıllı rayonunun Talış kənd orta məktəbində başlayıb. Bir il orda işlədikdən sonra könüllü müraciəti əsasında işi yerini Zəngilan rayonunun Ağalı kəndinə dəyişib. İki ildir burada işləyir. Ötən ilin sonunda Yevlax rayonundan gələn müəllim yoldaşı Şəmsiyyə xanımla ailə qurub. Qeyd edək ki, azad Zəngilanın yenidən bərpa olunan Ağalının ilk müəllimlərindən olan Şəmsiyyə xanım ibtidai sinif müəllimidir.

Ağalı kəndinin əhalisi mərdliyi, işgüzarlığı, təhsilə böyük həvəsi, vətənpərvərliyi ilə tanınıb. Bu mənada, Böyük Qayıdış burda təkcə evlərin və inzibati binaların tikilməsi ilə ölçülmür, məktəbdə şagirdlərin gözündə, elmə həvəsində və müəllimlərin səsində hiss olunur. 288 şagird yerlik Ağalı tam orta ümumtəhsil məktəbi müasir infrastruktura malikdir. Sinif otaqlarının ağıllı lövhələri, məktəbin elektron kitabxanası, müasir laboratoriyaları və tədris avadanlıqları burada keyfiyyətli təhsilin təmin olunduğunu göstərir. Məktəb Böyük Qayıdışın döyünən ürəyi kimi tarixə düşüb.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Zəngilan



Sosial həyat