Biləsuvar qəhrəmanlar yurdudur

post-img

Bu torpaq 1 Milli Qəhrəman və 4 Vətən Müharibəsi Qəhrəmanı yetirib

Qədim Muğan torpağında yazın ətri, ilıq nəfəsi duyulur. Torpaq oyanır, insanlar xoş ovqatla, Novruz əhvali-ruhiyyəsi ilə yaşayır, qurub-yaradırlar. Biləsuvar Muğan düzünün cənub-qərb və cənub hissəsində yerləşir. Ulu keçmişə, zəngin tarixə və mədəniyyətə malikdir. Rayonun ərazisində 10 arxeoloji və orta əsrlərə aid “Şəhriyar qalası” bu yerlərin qədimliyini sübut edir.

Son 5 il ərzində Biləsuvar rayonu xeyli inkişaf edib, yeniləşib, müasirləşib. Ölkə başçısı İlham Əliyevin misilsiz qayğısı sayəsində rayonun sosial-iqtisadi inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Biləsuvar abad, yaraşıqlı bir diyara çevrilib. Əlbəttə, bu ayrıca bir yazının mövzusudur.

Bölgə müxbiri olaraq Biləsuvardan ilk yazımda şöhrətli qəhrəmanlar yetirən rayonda vətənpərvər, şəhid övladlarının əziz xatirələrinə olan böyük ehtiramdan, ailələrinə, qazilərə, əlillərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən tükənməz qayğıdan söhbət açmaq istəyirəm.

Qeyd etdiyimiz kimi, Biləsuvar respublikamızda qəhrəmanlar diyarı kimi tanınır. Rayon icra hakimiyyəti başçısı aparatının ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Bəhruz Mirzəyev ixtisasca hüquqşünasdır, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüş yolu əvvəlcə Murovda, sonra isə müharibənin digər odlu-alovlu cəbhələrindən keçib. Döyüş xidmətlərinə görə medallarla təltif olunub.

O söhbət zamanı dedi ki, Biləsuvar rayonu ölkəmizin azadlığı, müstəqilliyi, suverenliyi yolunda, Qarabağ uğrunda döyüşlərdə 210 nəfər şəhid verib. Onlardan 2-si qanlı 20 Yanvarda, 131 nəfəri Birinci Qarabağ müharibəsində, 69-u 44 günlük Vətən müharibəsində, 8-i isə 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlib.

Döyüş meydanlarında mərdliyi, igidliyi, şücaətləri ilə tarix yazan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Vətən müharibəsi qəhrəmanlarından Cavid Mahmudov, Orxan Əkbərov, Nihad Babayev, hərbi xadim, general-polkovnik, müdafiə nazirinin müavini – Quru qoşunların komandanı Hikmət Mirzəyevlə təkcə biləsuvarlılar deyil, xalqımız sonsuz qürur duyur!

Əliabad kəndində dünyaya göz açmış Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov Vətənə qeyri-adi sevgisi, cəsarəti, qorxmazlığı, fədakarlığı ilə Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrilib.

Mübariz İbrahimov 2005-ci ildə Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2007-ci ildə çavuş rütbəsində ordudan tərxis olunub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə öz arzusu ilə gizir rütbəsində cəbhə bölgəsində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə Tərtər rayonu istiqamətində düşmən ordusu ilə aralarında olan bir kilometrlik minalanmış sahəni təkbaşına keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Cəbhənin təmas xəttində qeyri-bərabər döyüşdə düşmənin çoxlu sayda əsgər və zabitini məhv edib. M.İbrahimov işğalçı ermənilərlə 5 saat təkbətək döyüşüb. Səhər saatlarında döyüş meydanında qəhrəmancasına şəhid olub.

Mübariz İbrahimovun nəşi noyabr ayının 6-da qarşı tərəfdən alınaraq İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Biləsuvarda adına küçə və məktəb var. Mübariz İbrahimovun heykəlləri ucaldılıb, şərəfinə xatirə lövhələri vurulub, haqqında kitablar yazılıb, filmlər çəkilib, xarici teleseriallarda ondan bəhs edilib. Şəhid olduğu yerdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Milli Qəhrəman Mübariz İbrahimovun Əliabad kəndində yerləşən ata ocağı doğma, əziz, müqəddəs ünvana çevrilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, icra aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, rayon sakinləri qəhrəmanın doğum və anım günlərində, milli bayramlarda ailələrinə baş çəkir, ev–muzeyi ilə tanış olur, əziz xatirəsini böyük ehtiramla yad edirlər.

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan kapitan Cavid Mahmudov 1989-cu ildə Biləsuvarın Aşağı Cürəli kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək qiymətlərlə bitirəndən sonra Murovdağ istiqamətində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə başlayıb.

Vətən müharibəsində Füzulinin Əhmədbəyli kəndinin yaxınlığında düşmənin alınmaz hesab etdiyi yüksəkliklərdə şanlı bayrağımızı dalğalandırıb. Cavid sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən düşmən snayperi ilə vurulub. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Cavid Hilal oğlu Mahmudov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərov Biləsuvar şəhərindəki 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Peşəkar hərbçi olub. Aprel döyüşlərində fəal iştirak edib. Polkovnik-leytenant rütbəsinə kimi yüksəlib. Vətən müharibəsində döyüş yolu Füzuli rayonundan başlanıb. Oktyabrın 6-da qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən şəxsi igidlik, şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Böyük izdihamla Biləsuvar şəhərində dəfn olunub. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib. Vətənə əmanət iki övladı yadigar qalıb.

Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini yüksək təhsil göstəriciləri ilə bitirib. Sərrast snayperçi, peşəkar kəşfiyyatçı kimi tanınıb. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin yaxınlığında Uryandağ yüksəkliyinin alınması zamanı şiddətli döyüşdə yaralanıb. Yaralanmasına baxmayaraq, Nihad cəsarətlə hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə düşmənlə təxminən 10 dəqiqə təkbaşına döyüşüb. Həmişə deyirmiş ki, onu adi silahlarla öldürmək mümkün deyil, ancaq snayper onu vura bilər. Elə dediyi kimi də oldu. Düşmənin snayperlə açdığı atəş nəticəsində şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Biləsuvarda böyüyüb boya-başa çatan, Şuşa fatehi kimi tanınan Azərbaycan Respublikası müdafiə nazirinin müavini–Quru Qoşunların komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət İzzət oğlu Mirzəyev Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, Vətən müharibəsində, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında müstəsna xidmətlər göstərib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, xidməti vəzifələrin və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə 3-cü dərəcəli” və “Qarabağ” ordenləri, çoxlu medallarla təltif olunub.

Üzeyir İbayev Biləsuvarın Günəşli kəndindəndir, şəhid Nahid Teymurzadənin atasıdır. Rayonun tanınmış, nüfuzlu ziyalılarından biridir. Ali təhsilli kənd təsərrüfatı işçisidir. Nahid ailənin ilki olub. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi başlayanda cəbhəyə könüllü yollanıb. Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə fədakarlıq, qəhrəmanlıq göstərib. 2020-ci il oktyabr ayının 22-də düşmənin növbəti hücumunun qarşısını alarkən şəhid olub. İsmətli kənd məzarıstanlığında uyuyur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Oğlunun döyüş yolundan iftixarla, kövrək duyğularla söhbət açan Üzeyir İbayev deyir: “Övlad böyüdürük ki, Vətəni, torpağı qorusun. Təki Vətən yaşasın. Dövlətçiliyimiz əbədi olsun. Biz şəhid ailələri dövlətimizin qayğısını, dəstəyini yaxından hiss edirik. Ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim şəhid ailələrinin yanındadırlar”.

Biləsuvar şəhərində və kəndlərdə 110 küçə şəhid adlarını daşıyır. Rayon icra hakimiyyəti tərəfindən 9 şəhidin adının məktəb və bağçalara verilməsi ilə əlaqədar Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb. 210 şəhidin bir vaxtlar yaşadıqları evlərin ön hissəsində barelyefləri quraşdırılıb. Son 5 ildə Sosial Xidmətlər Agentliyi və Sosial Tərəfdaşlar tərəfindən tikilən 42 fərdi yaşayış evinin 25-i şəhid ailələrinə, 17-si isə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə verilib.

Biləsuvar rayonunda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və davamlı qayğı məmnunluq yaradır, razılıqla qarşılanır.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri





Sosial həyat