AMEA Naxçıvan Bölməsinin 2025-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi əməkdaşlarının elmi fəaliyyətini əhatə edən yeni nəşr işıq üzü görüb. Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan kitab elmi mühit üçün dəyərli mənbə kimi qiymətləndirilir. 

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, “Tusi” nəşriyyatında işıq üzü görən 136 səhifəlik kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi “Elm və təhsil” şöbəsinin baş mütəxəssisi Gülvira Abbasovadır.

Nəşr Bölmənin “Elm və təhsil” şöbəsində hazırlanaraq əməkdaşların çoxşaxəli elmi yaradıcılığını sistemli şəkildə əks etdirir. Biblioqrafik göstəricidə alimlərin Azərbaycanda, o cümlədən Naxçıvanda və xarici ölkələrdə nəşr olunan əsərləri geniş şəkildə toplanıb. Buraya kitablar, monoqrafiyalar, elmi məqalələr, tezisləri, bədii yaradıcılıq nümunələri, tərcümələr və internet resursları daxildir.

Toplanmış materiallar yalnız məlumat xarakteri daşımır, eyni zamanda ciddi elmi tədqiqatların aparılması, bibliometrik təhlillərin həyata keçirilməsi üçün mühüm informasiya bazası rolunu oynayır. Bu baxımdan nəşr həm elmi-statistik göstəricilərin öyrənilməsi, həm də elmi fəaliyyətin qiymətləndirilməsi üçün etibarlı mənbə kimi çıxış edir.

Kitabın mühüm üstünlüklərindən biri də onun strukturlaşdırılmış göstəricilər sistemidir. Nəşrdə müəlliflərin əlifba göstəricisi, kitab, monoqrafiya və kitabça adlarına görə əlifba göstəriciləri, jurnallarda dərc olunmuş məqalələrin siyahısı, kitablarda və toplularda çap olunmuş yazıların göstəriciləri yer alıb. Bununla yanaşı, xaricdə və xarici dillərdə nəşr olunmuş əsərlərin, eləcə də rus dilində dərc edilən materialların ayrıca əlifba göstəriciləri təqdim edilib.

Bu cür sistemli yanaşma istifadəçilərə axtarış və araşdırma prosesində böyük rahatlıq yaradır, elmi irsin daha səmərəli şəkildə öyrənilməsinə imkan verir. Nəşr, eyni zamanda, AMEA Naxçıvan Bölməsinin elmi potensialını, əməkdaşlarının məhsuldarlığını və beynəlxalq elmi əlaqələrini əyani şəkildə nümayiş etdirir.

Qeyd edək ki, belə biblioqrafik toplular elmin inkişaf dinamikasını izləmək, prioritet istiqamətləri müəyyənləşdirmək və gələcək tədqiqatlar üçün istiqamət vermək baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni nəşr bu baxımdan Naxçıvan elmi mühitinin zənginliyini və davamlı inkişafını əks etdirən mühüm mənbə kimi dəyərləndirilir.

Səbuhi HƏSƏNOV

 

Sosial həyat