Respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Bakı Musiqi Akademiyasının professoru İmruz xanım Əfəndiyevanın çoxaspektli fəaliyyətinə ən görkəmli musiqi xadimləri dəfələrlə dəyər vermiş, onun parlaq elmi-pedaqoji əməyi yüksək qiymətləndirilmişdir.Geniş oxucu dairəsinə təqdim olunan “İmruz Əfəndiyeva – 90. Elmin fədaisi” adlı monoqrafiyası isə əlamətdar bir hadisəyə - bütün ömrünü musiqiyə həsr edən və onun keşiyində yorulmadan duran elm fədaisinin 90 illik ömür yolunun və yaradıcılığının geniş mənzərəsinin yaradılmasına həsr edilmişdir.
Kitabı vərəqlədikcə, necə dərin hörmət və ehtiramla yazılan cümlələri oxuduqca bir daha İmruz xanım Əfəndiyevanın uzun illər sərf etdiyi böyük əməyin hədər getmədiyinin şahidi oluruq. Onun yetirmələri olan Mehparə Rzayeva və Ləman Əsədova tərəfindən sevgi və təşəkkür hisslərilə ifadə edilən bu nəşr əvəzsiz müəllimə, yüzlərlə musiqiçini professional sənətə hazırlayan və bu çətin sənət sahəsində inamla addımlamağa kömək edən, seçilən bu yolda düzgün istiqamət verən ustadın yubiliyinə həsr olunan bir xatirədir.
Kitabda müəlliflər İmruz Əfəndiyevanın peşəkar yaradıcılıq fəaliyyətinin bütün aspektlərini ətraflı və dolğun bir formada işıqlandıraraq onu nurlu və zəkalı bir alim, pedaqoq və ən başlıcası səmimi bir insan kimi təqdim etməyə nail olmuşlar.
Kitabın hər bölməsində müəlliflər İmruz Əfəndiyevanın Azərbaycan musiqi təhsili və musiqi elminin inkişafında misilsiz əməyini və rolunu dərindən araşdıraraq onun maarifçilik və elmi-publisistik fəaliyyətinin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olduğunu göstərə bilmişlər. Bu da İmruz xanımın professional fəaliyyətinin təməl daşını təşkil edir.
İmruz Əfəndiyevanın həyat yolu, elmi fəaliyyəti, musiqişünaslıqda əldə etdiyi əsas nailiyyətləri, musiqi-nəzəri baxışları, yüksək humanist insani keyfiyyətləri və bir çox dəyərli cəhətləri kitabda çox aydın və professional üslubda diqqətə çatdırılaraq, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri layiqincə açıqlanır. Belə ki, “Görkəmli nəslin layiqli nümayəndəsi” adlı bölmədə biz İmruz xanımın necə bir əsilzadə nəslin, məşhur ziyalı bir şəcərənin layiqli nümayəndəsi olduğunu görürük. Bu bölmədə, həmçinin İmruz xanımın keçdiyi şərəfli və məhsuldar yaradıcılıq yolu maraqlı faktlarla əsaslandırılır.
“İmruz Əfəndiyeva - elmin fədaisi”, “Elmi axtarışlar yolunda”, “Elm və publisistikanın qovşağında” adlı digər bölmələrdə onun zəngin elmi irsi, müxtəlif istiqamətlərdə axtarışları, musiqi-nəzəri düşüncələri, əldə etdiyi elmi nailiyyətləri məntiqi surətdə şərh edilir. Məlumdur ki, o, çox sayda məqalə və kitabın, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir. Araşdırmalarda onu düşündürən və maraqlandıran problemlər dairəsinin olduqca geniş olduğu aydınlaşır. Burada musiqişünas tərəfindən xalq musiqisinin nəzəri problemlərindən tutmuş, bəstəkar yaradıcılığının, müasir musiqinin novator xüsusiyyətlərinin təhlilinədək müxtəlif mövzuların tədqiqi açıqlanır.
Kitabda İmruz xanımın bir tədqiqatçı, musiqi tənqidçısı və tələbkar pedaqoq kimi fəaliyyətinin nəinki respublikamızda, həmçinin, onun sərhədlərindən kənarda, postsovet məkanının görkəmli musiqi elmi ictimaiyyəti tərəfindən də tanınaraq yüksək dəyərləndirilməsinin qeyd olunması onun peşəkarlığının göstəricisi kimi diqqəti cəlb edir.
Respublikanın musiqi həyatında baş verən bütün hadisələrə laqeyd olmayan, hər bir əlamətdar hadisəyə öz fərdi münasibətini bildirməyi özünə borc bilən İmruz xanımım bu aspektdə fəaliyyəti kitabda parlaq əksini tapmışdır. Onun bu sahədəki tükənməyən enerjisi musiqişünasın müxtəlif məzmunlu elmi- publisistik irsinə əsalanaraq təhlil olunan bölmədə araşdırılır.
İmruz xanım bu gün də gərgin elmi və pedaqoji fəaliyətlə məşğuldur.Yorulmaz tədqiqatçı, tələbkar müəllim olan İmruz xanımın prinsipial tənqidlərinə, qiymətli məsləhətlərinə ehtiyacı olan hər bir musiqiçi onun məktəbini keçməyi özünə fəxr bilir. Bunu biz kitabda İmruz xanımın hazırladığı və elmi işlərinə rəhbərlik etdiyi tələbələrin sayının çoxluğunu göstərən əlavələr bölməsində görürük.
Bütövlükdə, kitab çox nəfis və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir. Təqdim olunan materialın rəngarəng fotoşəkillərlə ardıcıllaşması onun dəyərini daha da artırır. Fotoqalereyada İmruz xanımın uşaqlıq illərindən başlayaraq bu günlərədək müxtəlif şəraitlərdə - öz doğmaları, görkəmli musiqi ictimai xadimləri, öz həmkarları ilə birgə unudulmaz anları əksini tapmışdır. Şəkillərə baxdıqca düşünürəm ki, onun yaradıcılıq potensialı, yaratmaq eşqi kitabda toplanan materialı hələ yeni-yeni səhifələrlə zənginləşdirməyə qadirdir. Bunu mən səmimi qəlbdən İmruz xanıma arzulayıram.
R.A.Məmmədova
AMEA-nın müxbir üzvü, professor,
Sənətşünaslıq elmləri doktoru

