Gözlərindəki Vətən…
İnsan bəzən elə anlar yaşayır ki, sözlər cümlə qurmaqda çətinlik çəkir. Hadisə insanın daxilindəki bütün hissləri səfərbər edir.
Bir şəhid evindəydim. Şəhidin dəfnindən artıq bir il keçmişdi. Evdə dərin bir hüzn və səssizlik vardı. Bütün əşyalar keçmişi xatırladır, indidən və gələcəkdən isə heç nə danışmırdı. Divardan asılmış şəkildə zamanın bir anı dondurularaq çərçivəyə salınmışdı. Şəklin altındakı tarixlər doğum ili ilə şəhadət ili arasında cəmi iyirmi səkkiz ilin olduğunu göstərirdi.
Otaqlara baxdıqdan sonra süfrə arxasında ailə üzvləri ilə söhbətləşdik. Qarşımızda şəhidin anası və həyat yoldaşı əyləşmişdi. Elə bu vaxt balaca bir qız uşağı səssizcə gəlib qarşımda dayandı.
Altı yaşlı qız atasını yetərincə tanımadan itirmişdi. Sakitcə gözlərimin içinə baxırdı. Gözlərindəki işıq sönməz bir məşəli xatırladırdı. Gülümsəyərək bir az da yaxınlaşdı. Mən əyilib onun yanağından öpdüm. O isə qulağıma yaxınlaşıb astaca pıçıldadı:
– Sənin gözlərin mənim atamın gözlərinə bənzəyir...
O an donub qaldım. Mənə görə bu cümlə itkinin ən təsirli təsviri idi. Atasını kiminsə gözlərində axtaran balaca qız artıq ömrünün ilk illərində bu torpaq üçün ən ağır qiyməti ödəmişdi.
2020-ci ilin 44 günündə minlərlə insan bu torpaq uğrunda canından keçdi. Bu gün onların yaxınları evlərində xatirə guşələri yaradır, təsəllini həmin guşələri ziyarət edən insanların diqqətində tapırlar. Bəzən bir neçə dəqiqəlik söhbət, bir səmimi baxış belə onların ağrısını az da olsa yüngülləşdirir.
Şəhid ailələrinin yanında olduqda anlayırsan ki, Vətən uğrunda canından keçən insanlar əslində yaşatmağı bacaran insanlardır. Onların yoxluğu belə cəmiyyətə birlik, vicdan və məsuliyyət hissi aşılayır.
Dövlət şəhid ailələrinin yanında dayanaraq öz vəzifəsini layiqincə yerinə yetirir. Amma bu məsələ yalnız vəzifə və siyasət deyil, həm də vicdan məsələsidir. Cəmiyyət də öz mənəvi borcunu unutmamalıdır. Şəhid ailələrinin yanında olduğumuzda, onları dinlədiyimizdə, uşaqlarının gözlərinə baxdığımızda anlayırıq ki, biz yalnız bir ailəyə deyil, millətin mənəvi bütövlüyünə sahib çıxırıq.
Bu bütövlük Azərbaycanın ən böyük gücüdür.
Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında ordu, xalq və dövlət bir yumruq kimi birləşərək Zəfər qazandı. Bu birlik təkcə hərbi qələbə deyil, həm də xalqın mənəvi gücünün göstəricisi idi. O balaca qızın gözlərindəki işıq isə həmin Zəfərin gələcəyə ünvanlanan ən səmimi mesajı kimi görünürdü. Sanki tarix özü bir uşağın baxışında sığınacaq tapmışdı.
Məsuliyyət…
Uşağın gözlərinə baxarkən kövrəldim. Boğazım düyünləndi, nə edəcəyimi bilmədim. Gözlərimdəki yaşın görünməsini istəmirdim. Əlimlə gözlərimi sıxıb pəncərədəki gülə allergiyam olduğunu dedim.
Evə qayıdanda kədər yavaş-yavaş çəkildi. Amma onun yerini daha ağır, daha dərin bir hiss aldı — məsuliyyət. Evə çatıb qapını açanda qarşılaşdığım mənzərə hələ də yadıma düşəndə kədər məni boğur. Qapıda iki oğlum məni qarşıladı. Balaca idi hər ikisi. Ata deyib hər ikisi üstümə gələndə hönkürdüm, artıq özümü saxlamaq imkanım yox idi. Şəhid qızının “sənin gözlərin mənim atamın gözlərinə bənzəyir...” deməyi yaddaşımda idi.
O, mənim gözlərimdə atasını axtarırdı. Tapmadı, sadəcə bənzətdi. Amma bu axtarış mənə bir həqiqəti anlatdı: bu torpaqda yaşayan hər bir insanın bu torpaq uğrunda şəhid olanlara borcu var.
Onların uğrunda həlak olduqları dəyərlərə sadiq qalmaq bizim müqəddəs vəzifəmizdir. Sadiq qalmaq yalnız silah tutmaq deyil. Sadiq qalmaq — elmini artırmaq, dürüst işləmək, bu dilin, bu mədəniyyətin, bu tarixi yaddaşın daşıyıcısı olmaq və dövlətimizin inkişafına öz sahəmizdə töhfə verməkdir.
Bərpa…
Müharibədən sonra Azərbaycan yalnız fiziki deyil, mənəvi bir bərpa dövrü yaşayır. Qarabağda yeni evlər tikilir, yollar salınır, insanlar öz doğma torpaqlarına qayıdırlar.
Bugünkü gəncliyin hər bir üzvü bu missiyanın iştirakçısıdır. Tələbə, mühəndis, alim, idmançı, yazıçı — hər kəs şəhid əmanətinin məsuliyyətini daşıyır. Çünki şəhidlər yalnız torpaq uğrunda deyil, bu torpaqda yaşanacaq gözəl həyat uğrunda həlak olublar.
Son söz
Ümid edirəm ki, o balaca qız atasının yolunu öz təhsili və uğurları ilə davam etdirəcək.
Amma sən bunu bil: atan dövlətimiz üçün canından keçərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirib. Bu torpaqda alınan hər nəfəsdə, səslənən hər gülüşdə, tikilən hər yeni evdə onun da payı var.
O, gözlərini bu dünyaya yeni göz açan hər bir Azərbaycan övladı üçün yumdu.
İndi isə gözlərim mənim üçün böyük bir əmanətdir. Səni dəstəkləmək, sevincini görmək və gələcəyinə inanmaq üçün həmişə sənin üzərində olacaq.
Bütün şəhidlərimizin ruhu şad olsun . Allah rəhmət eləsin.
Rövşən ATAKİŞİYEV
XQ

