Azərbaycan Universiteti son illərdə akademik potensialın inkişafı, elmi - tədqiqat fəaliyyətinin stimullaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və gücləndirilməsi istiqamətlərində aparılan məqsədyönlü və ardıcıl işlərin nəticəsi olaraq beynəlxalq akademik mühitdə fəallığını qoruyub saxlayır, reytinqlərdə yer almağa, mövqeyini möhkəmləndirməyə və irəliləməyə davam edir.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, belə ki, ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq standartlara uyğun qiymətləndirmək üçün yaradılmış nüfuzlu reytinq platformalarından biri olan “Round University Ranking” (RUR) reytinqində (2025 RUR Fənn Reytinqi) universitet ön sıralarda yer alıb. Agentliyin yenilənmiş göstəricilərinə əsasən Azərbaycan Universiteti cədvəldə humanitar elmlər üzrə dünyada 507-ci, ölkədə 2-ci yerdə; sosial elmlər üzrə dünyada 827-ci, ölkədə 3-cü yerdə; texniki elmlər üzrə isə dünyada 642-ci, ölkədə isə 1-ci yerdə qərarlaşıb. Ümumi göstəricilərə əsasən isə universitet ölkə üzrə 4-cü yerdədir və ötənilki mövqeyini qorumağa davam edir.
RUR kimi beynəlxalq reytinq sistemlərində ön sıralarda yer almaq, həm humanitar və sosial, həm də texniki ixtisaslar üzrə yüksək mövqedə olmaq Azərbaycan Universitetinin beynəlxalq səviyyədə rəqabətə girə biləcək potensiala malik olduğunu və qlobal miqyasda da tanındığını göstərir.
Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan “Round University Ranking” (RUR) agentliyi hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə reytinq sıralamasını təyin edir və dünyanın 1200-dən artıq universitetinin fəaliyyətini 20 indikator və 4 sahə (təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı) üzrə qiymətləndirir. RUR reytinq agentliyi universitetlərin tədqiqat fəaliyyətini Calrivate şirkətinin tədqiqat bazaları əsasında ölçür.
Mustafa Kamal
XQ