Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti ölkəmizin hərtərəfli inkişafında mühüm amil kimi daim diqqət mərkəzindədir. Nazirlər Kabinetinin “Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nı təsdiqləməsi Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması və keyfiyyət transformasiyası baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu qərar beynəlxalq ikili diplom proqramlarının hüquqi və maliyyə əsaslarını institusional səviyyədə formalaşdırmaqla, indiyədək mövcud olan fraqmentar yanaşmanı sistemli mexanizmlə əvəz edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, qaydalarda maliyyələşdirilən xərclərin dairəsi aydın şəkildə təsbit olunub: “Buraya ikili diplom proqramlarının hazırlanması və tətbiqi, tədris planlarının və kurikulumların beynəlxalq tərəfdaşlarla birgə formalaşdırılması, yerli və xarici professor-müəllim heyətinin cəlb edilməsi, tələbələrin təhsil, yaşayış, sığorta və akademik mobillik xərcləri, həmçinin proqramların beynəlxalq akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı xərclər daxildir. Bu isə proqramların yalnız formal əməkdaşlıq deyil, real keyfiyyət və nəticəyönümlü mexanizm kimi fəaliyyət göstərməsini təmin edəcək.
Eyni zamanda, qəbul edilmiş sənəd çərçivəsində proqramı İdarəetmə Qrupu, Azərbaycan Respublikası Dövlət Neft Fondu və ali təhsil müəssisələri arasında maliyyə və idarəetmə münasibətləri dəqiq şəkildə tənzimlənir. Bu mexanizm vəsaitlərin məqsədyönlü istifadəsinə, şəffaflığın təmin olunmasına və proqramların icrası üzərində effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
Beynəlxalq ikili diplom proqramları tələbələrə həm yerli, həm də nüfuzlu xarici ali təhsil müəssisələrinin diplomlarını əldə etmək imkanı yaratmaqla yanaşı, xarici akademik mühitə inteqrasiyanı, qabaqcıl tədris və idarəetmə təcrübələrinin ölkə universitetlərinə transferini sürətləndirir. Uzunmüddətli perspektivdə bu proqramlar Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq tanınmasına, məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına və ölkədə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verəcək”.
İlqar Orucov qeyd edib ki, ikili diplom proqramlarının maliyyələşdirilməsinin Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməsi xüsusilə diqqətçəkən məqamdır: “Bu yanaşma dövlətin təhsilə yalnız sosial sahə kimi deyil, uzunmüddətli iqtisadi və intellektual inkişafın əsas aləti kimi yanaşdığını göstərir. Neft gəlirlərinin insan kapitalına yönəldilməsi qlobal təcrübədə də dayanıqlı inkişafın ən effektiv modellərindən biri hesab olunur. Bir daha qeyd etmək lazımdır ki, sənəd beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin hüquqi, maliyyə və təşkilati mexanizmlərini müəyyən edərək bu proqramların dayanıqlı əsaslarla həyata keçirilməsinə imkan yaradacaq.
Qaydada maliyyələşdirilən xərclərin dəqiq müəyyənləşdirilməsi proqramların keyfiyyət göstəricilərinə birbaşa təsir edən mühüm amildir. Tədris proqramlarının birgə hazırlanması, yerli və xarici professor-müəllim heyətinin cəlbi, tələbələrin akademik mobilliyi, yaşayış və digər əlaqəli xərclərin maliyyələşdirilməsi ikili diplom proqramlarının formal tərəfdaşlıqdan real akademik əməkdaşlığa keçidini təmin edir. Eyni zamanda, beynəlxalq akkreditasiya və keyfiyyət təminatı xərclərinin nəzərdə tutulması proqramların qlobal akademik standartlara uyğunluğunu gücləndirir.
Xülasə olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan təhsilinə strateji investisiya yanaşması uzunmüddətli inkişaf hədəfi daşıyan, ölkə iqtisadiyyatının bilik və bacarıqlara əsaslanan inkişaf modelinə keçidini şərtləndirən dövlət siyasətinin elementləridir. Məhz dövlətimizin başçısının xüsusi diqqəti və qayğısından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” ali məktəblərin keyfiyyət göstəricilərinin yüksəldilməsi və beynəlxalq rəqabətqabiliyyətliyinin artırılmasına xidmət edəcək ikili diplom proqramlarının sistemli və institusional xarakter almasına, maliyyə şəffaflığı və nəzarət mexanizmlərinin gücləndirilməsinə və beləliklə, keyfiyyət amilini ön plana çıxarmaqla universitetlərin beynəlxalq qlobal akademik şəbəkəyə çıxışını sürətləndirməyə, gənclərin yüksəkkeyfiyyətli ali təhsilə əlçatanlığının təmin edilməsinə və nəticədə məzunlarımızın yerli və beynəlxalq əmək bazarı üçün rəqabətqabiliyyətli kadrlar olaraq hazırlığının təmin olunmasına imkan yaradacaq”.

